Azərbaycan və Belarus arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş cinayətkarlığa qarşı mübarizənin möhkəmləndirilməsinə mühüm töhfə olacaqdır

Ölkəmiz tərəfindən Avropa dövlətləri, o cümlədən Belarus ilə hüquqi sahədə əməkdaşlığın inkişafına mühüm önəm verilir. 1999-cu ildə iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış Əməkdaşlıq haqqında Saziş qarşılıqlı fəaliyyətin genişləndirilməsinə mühüm töhfə olmuşdur.

Əməkdaşlığın davamı olaraq Azərbaycan və Belarus Ədliyyə nazirliklərinin məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumları arasında əlaqələrin dərinləşdirilməsi məqsədilə hər iki tərəf böyük maraq göstərmiş və bu sahədə əməkdaşlığa dair Sazişin qəbul olunması qərara alınmışdır. Bununla əlaqədar sənədin layihəsi razılaşdırılmış və ölkə Prezidenti cənab İlham Əliyevin Belarusa rəsmi səfəri zamanı "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Belarus Respublikasının Ədliyyə Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Sazişi Azərbaycan tərəfdən ədliyyə naziri Fikrət Məmmədov və Belarus tərəfdən Oleq Slijevski imzalamışlar.

Həmin saziş məhkəmə ekspertizası sahəsində aktual problemlər üzrə müştərək elmi işlərin aparılmasını, mövcud tədqiqat metodlarının təkmilləşdirilməsini və yenilərinin yaradılmasını, ekspert praktikasında təcrübə mübadiləsinin təşkilini, birgə elmi-praktik tədbirlərin hazırlanıb keçirilməsini və s. nəzərdə tutur.

Məhkəmə ekspertizası sahəsində əməkdaşlığın keyfiyyətcə yeni, qarşılıqlı əlverişli olan səviyyəyə yüksəlməsinə xidmət edən Saziş iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini, o cümlədən hüquqi əlaqələrini daha da zənginləşdirməklə məhkəmə ekspertizası və kriminalistikanın müasir metodlarından və vasitələrindən fəal istifadə etmək yolu ilə cinayətkarlığa qarşı mübarizənin möhkəmləndirilməsinə mühüm töhfə olacaqdır.

Eyni zamanda, səfər çərçivəsində Azərbaycan və Belarus ədliyyə nazirləri arasında işgüzar görüş keçirilmiş, əməkdaşlıq perspektivləri müzakirə olunmuş, ədliyyə sahəsində fikir və təcrübə mübadiləsi aparılmış, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarına böyük maraq göstərilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez