17-12-2021 | 17:00 1371
Bakı, 17 dekabr, AZƏRTAC
Vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir.
Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən olan məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində işin düzgün və səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında vurğulandığı kimi, ədalət mühakiməsinin tərkib hissəsi, məhkəmə icraatının davamı və son mərhələsi olan bu fəaliyyət insan hüquq və azadlıqlarının etibarlı təminində, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında müstəsna əhəmiyyət kəsb edir və əlbəttə, ictimaiyyətdə geniş maraq doğurur.
AZƏRTAC xəbər verir ki, məsələnin daim aktual olduğu nəzərə alınaraq nazirlik tərəfindən bu sahədə görülən işlər barədə vaxtaşırı məlumatlar dərc olunur, müxtəlif formatda görüşlər keçirilir, brifinqlər verilir, sual-cavab sessiyaları təşkil olunur. Növbəti sual-cavab sessiyası canlı yayımla dekabrın 16-da “Aliment və digər borclara dair qərarların icrası” mövzusunda təşkil edilib. Brifinqdə nazirliyin İcra baş idarəsinin analitik-nəzarət və kredit borcları şöbələrinin əməkdaşları tərəfindən ictimaiyyəti maraqlandıran məsələlər barədə məlumatlar verib, sualları cavablandırıblar.
Aliment borcları və uşaqların mənafeyinə toxunan digər icra sənədlərinin İcra xidmətinin fəaliyyətində ən həssas yeri tutması, qərarların icrası üçün mümkün olan bütün səylərin göstərildiyi bildirilib, bununla yanaşı, son illərdə aliment işlərində olan ciddi çoxalmanın icra qurumlarının iş yükünü və məsuliyyətini artırdığı qeyd edilib.
Bu qəbildən olan işlərin sayının 100 minə çatmasına, xeyrinə aliment ödənilməli olan uşaqların sayının 160 min olmasına, son il yarım ərzində bu işlər üzrə 130 milyon manat vəsaitin tələbkarlara ödətdirilməsinə diqqət cəlb edilib, bu işlərin icrasını illər ərzində təmin etməyin özünəməxsus çətinliklərinin olduğu bildirilib. Bu sahədə əsas çatışmazlıqların borcluların bir qisminin pandemiya şəraitində gəlirlərinin azalması, yaxud gəlirdən tam məhrum olmaları, bəzilərinin çağırışlara gəlməyərək axtarışda olması, qeydiyyatsız ünvanlarda yaşamaları, digərlərinin ölkə hüdudlarını tərk etməsi, müxtəlif xəstəliyə tutulması, yaxud məhkum edilməsi kimi halların olduğu qeyd edilib, icradan qərəzli yayınan borclulara qarşı isə prinsipial mövqe tutulduğu vurğulanıb.
Məsələ ilə bağlı aliment işləri üzrə tərəflərə, digər aidiyyəti şəxslərə üz tutularaq ailə qanunvericiliyindən irəli gələn valideynlik vəzifələrinə hörmətlə yanaşmaları, aliment ödəmələri ilə bağlı icra məmurlarını vaxtında və müntəzəm məlumatlandırmaları, icranın təmin edilməsinə lazımi kömək göstərmələri, uşaqların mənafeyi naminə ədalətli kompromisə getmələri, icradan qərəzli yayınanlar barədə barışmaz mövqe tutulması xahiş olunub.
Bundan əlavə, digər borc tələblərinə dair işlərdə kredit borcları ilə bağlı sənədlərin xüsusi yer tutmasından, onların sayının yüz minlərlə olmasından danışılıb. Əvvəlki dövrdən fərqli olaraq hazırda bu qəbildən işlərin icrasında icra tədbirlərinin həyata keçirilməsi müddətlərinin müasir texnologiyalar sayəsində qısaldıldığı, kredit təşkilatları və digər tələbkarların müraciətlərinin həlli üçün ardıcıl tədbirlərin görüldüyü bildirilib.
Həmçinin vurğulanıb ki, bu tip işlərin səmərəli icrasında mühüm əhəmiyyət kəsb edən hərrac prosesinin təkmilləşdirilməsi, eləcə də tam elektronlaşdırılması üçün əhatəli iş aparılır, hərracların elektron qaydada həyata keçirilməsinə yönələn qanunvericiliyə dəyişikliklər hazırlanır. Bu dəyişikliklər hərrac prosesini xeyli sürətləndirəcək, şəffaflığı təmin edəcək, bütün iştirakçılara bərabər və əlçatan imkanlar yaradacaq, subyektiv müdaxilə imkanları istisna olunacaq, izafi xərclərə qənaət ediləcək, bir çox təşkilati məsələlərin onlayn rejimdə həllinə imkan yaranacaq.
Sessiyada “Elektron icra” informasiya sisteminin icra xidməti əməkdaşları üçün təmin etdiyi üstünlüklərdən, icra qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində görülən işlərdən, o cümlədən “Azərbaycan Respublikası İcra Məcəlləsi”nin layihəsinin hazırlanmasından, bütün bunların yaxın gələcəkdə icra sahəsində işin daha operativ və səmərəli təşkilinə zəmin yaradacağından danışılıb, izləyicilərin icranın müxtəlif sahələrinə dair sualları yerindəcə cavablandırılıb.