21-09-2012 | 04:02 976
Məlum olduğu kimi, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində Ədliyyə Nazirliyi ilə Avropa Komissiyası arasında aparılmış məhsuldar danışıqlar nəticəsində «Azərbaycanda ədliyyə sahəsində islahatlara dəstək» proqramı işlənib hazırlanmış və cari ildə onun həyata keçirilməsinə başlanılmışdır. 2012-2014-cü illər üzrə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsinə, penitensiar sistemin müasirləşdirilməsinə yönəldilmiş layihənin icrasının mütəşəkkil və vaxtında təmin olunması, bu işlərin əlaqələndirilməsi, monitorinqlərin aparılması məqsədilə Nazirlikdə geniş tərkibli Proqramın İdarəetmə Komitəsi yaradılmışdır.
Tədbirlərin gedişatını və görülən işləri qiymətləndirmək məqsədilə Avropa Komissiyası tərəfindən seçilmiş ekspertlər - Peter Tasker, Stanislav Pavlovçi və Martin Harold Seddondan ibarət monitorinq qrupu ölkəmizə səfərə gəlmişdir.
Ekspertlərin sentyabrın 18-də Ədliyyə Nazirliyində aidiyyəti struktur qurumların məsul əməkdaşlarının, habelə Avropa Komissiyasının ölkəmizdəki nümayəndəliyinin təmsilçilərinin iştirakı ilə keçirilmiş görüşdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin müasirləşdirilməsinə dair aparılan genişmiqyaslı islahatlar, o cümlədən qeyd olunan layihənin əhatə etdiyi istiqamətlər üzrə görülən əməli işlər barədə məlumat verilmiş, layihə üzrə müvafiq şərtlərin icrası vəziyyətinə dair fikir mübadiləsi aparılmışdır.
Ədliyyə Nazirliyi ilə əlaqələrin səviyyəsindən məmnun olduqlarını ifadə edən qonaqlar ədliyyə sahəsində baş verən müsbət dəyişiklikləri böyük maraqla qarşılamış, Proqramın icrası ilə bağlı lazımi töhfələr verməyə hazır olduqlarını söyləmişlər.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.