10-10-2012 | 04:02 1450
Oktyabrın 9-da ATƏT-in fəaliyyətdə olan Sədrinin dözümlülüyün təbliği üzrə şəxsi nümayəndələri xanım Ketrin MakGinnes, Endryu Beyker və Adil Axmetov ilə ədliyyə nazirinin müavini Toğrul Musayevin görüşü keçirilmişdir.
Ölkəmizdə yüksək tolerantlığın və dözümlülüyün olduğunu qeyd edən nazir müavini mədəniyyətlər və dinlərarası dialoqun gücləndirilməsi baxımından bu günlərdə Bakıda keçirilmiş II Beynəlxalq Humanitar Forumun əhəmiyyətini, bu mötəbər tədbirdə dövlət başçısı cənab İlham Əliyevin açılış nitqində müxtəlif dinlərin və xalqların nümayəndələrinin vətəni olan Azərbaycanda əsrlər boyu heç bir ayrı-seçkilik olmadan bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadıqları barədə söylədiklərini xüsusi vurğulamış, milliyyətindən və dinindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyinə təminat verən mütərəqqi hüquqi bazanın və müvafiq təsisatların mövcud olduğunu bildirərək bu sahədə praktiki tədbirlərdən danışmışdır.
Qonaqlar öz missiyaları barədə məlumat verərək bildirmişlər ki, səfərin məqsədi ayrı-seçkiliyə yol verilməməsi, müxtəlif dinlər arasında münasibətlər və s. məsələlərə dair vəziyyəti öyrənməkdir. ATƏT-in nümayəndələri ölkəmizdə olduqları zaman apardıqları müşahidələrin Azərbaycanda millətlərin dinc və sabitlik şəraitində yaşadıqlarını, milli azlıqlar və dini icmalar arasında olan qarşılıqlı hörmət və etimadın olduğunu söyləməyə əsas verdiyini vurğulamışlar.
Müzakirələr zamanı həmçinin, BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinə mütəmadi təqdim olunan BMT-nin eyni adlı Konvensiyası üzrə ölkəmizin dövrü məruzələri, habelə insan hüquqlarının etibarlı müdafiəsinə xidmət edən müasir məhkəmə sistemi barədə məlumat qonaqların diqqətinə çatdırılaraq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarında müxtəlif millətlərin təmsil olunduğu qeyd edilmiş, maraq kəsb edən suallara aydınlıq gətirilmişdir.
Tədbirdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun əməkdaşları iştirak etmişlər.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.