20-01-2022 | 15:20 690
Xalqımızın müstəqillik uğrunda mübarizliyinin və şücaətinin təcəssümü olaraq milli qürur mənbəyinə çevrilmiş 20 Yanvar hadisələrindən otuz iki il ötür.
Bununla
bağlı Ədliyyə Nazirliyində və struktur qurumlarda silsilə tədbirlər
keçirilib, nazirliyin rəhbərliyi və kollektivi, o cümlədən gənc ədliyyə işçiləri
və könüllüləri Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizin əziz xatirələrini
anıblar.
Nazirlikdə
keçirilən tədbirlərdə 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyətinə nəzər salınaraq
bu qanlı qırğının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini qıra bilmədiyi,
qanı bahasına da olsa azadlığa qovuşduğu vurğulanıb. Ümummilli lider Heydər
Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində müstəsna xidmətləri, o cümlədən
20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi
qiymət verdiyi qeyd olunub, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən şəhidlərimizin
xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin və əlillərin sosial müdafiəsi
ilə bağlı ardıcıl tədbirlərin görüldüyü bildirilib. Respublikamızın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev
Fondunun ölkəmizin müasir, mütərəqqi dövlət kimi tanıdılması, Azərbaycan həqiqətlərinin
beynəlxalq ictimaiyyətə geniş çatdırılmasında xidmətləri qeyd edilib.
Xüsusilə
vurğulanıb ki, tariximizin qəhrəmanlıq səhifəsini təşkil edən Yanvar hadisələrində
öz cəsarətini, mərdliyini, ölkəmizin azadlığı uğrunda canını qurban verməyə
hazır olduğunu nümayiş etdirən xalqımız Vətən müharibəsində bir daha bütün
dünyaya mübariz, əyilməz və qalib xalq olduğunu göstərib. Müzəffər Ali Baş
Komandanın rəhbərliyi, rəşadətli ordumuzun gücü və xalqımızın birliyi sayəsində
torpaqlarımız 30 illik işğaldan azad olunaraq tarixi ədalət zəfər çalıb, şəhidlərimizin
qanı yerdə qalmayıb.
Xalqımız,
o cümlədən ədliyyə işçiləri qəhrəman Vətən övladlarının müstəqilliyimiz və ərazi
bütövlüyümüz uğrunda fədakarlığını heç zaman unutmur, şəhidlərimizin xatirəsini
daim uca tutaraq qürur və ehtiramla anırlar.
Bu
ərəfədə həmçinin, ədliyyə naziri Fikrət Məmmədov tərəfindən paytaxtdan və bölgələrdən
olan vətəndaşların, xüsusilə şəhid ailələrinin videoformatda qəbulu keçirilərək,
müraciətləri dinlənilib, digər qayğıları ilə maraqlanılıb. Onlar dövlət
başçısının şəhidlərimizin xatirəsini hər zaman uca tutaraq şəhid ailələrinə göstərdiyi
diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Bununla
yanaşı, 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı nazirliyin Ədliyyə Akademiyasında
və Penitensiar xidmətin Təlim Mərkəzində xüsusi mühazirələr oxunub, mətbuatda
çıxışlar edilir, nazirliyin kinozalında filmlər, eləcə də foto-slaydlar nümayiş
etdirilir, sosial media hesablarında paylaşımlar edilir.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı