24-01-2022 | 17:05 1050
Ölkə
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli islahatlar
respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinə, əhalinin rifahının
yüksəldilməsinə xidmət edir. Həyata keçirilən islahatlar çərçivəsində yerli
özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl
tədbirlər görülür, bələdiyyələrin səlahiyyətləri genişləndirilir, maliyyə
vəziyyəti yaxşılaşdırılır. Ədliyyə Nazirliyi tərəfindən onların fəaliyyətinə
səmərəli inzibati nəzarət həyata keçirilir, aşkar olunan xarakterik
pozuntuların, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üzrə zəruri
tədbirlər görülür, o cümlədən metodoloji kömək göstərilir.
Nazirliyin
Bələdiyyələrlə iş mərkəzində keçirilmiş müşavirədə bu sahədə görülən işlər və
qarşıda duran vəzifələr müzakirə olunub.
Ədliyyə
nazirinin müavini Vilayət Zahirov dövlət başçısı cənab İlham Əliyevin
rəhbərliyi ilə respublikamızın uğurlu inkişafını, Vətən müharibəsində qazanılmış
Böyük Qələbə nəticəsində azad edilmiş doğma torpaqlarımızın dirçəldilməsi
istiqamətində aparılan nəhəng bərpa-quruculuq işlərini vurğulayıb. Əhalinin
yerli sosial-iqtisadi məsələlərinin həllində iştirak edən bələdiyyələrin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı görülən tədbirləri qeyd edib.
Bələdiyyələrlə
iş mərkəzinin rəisi Rəhman Məmmədov çıxış edərək bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarət, onların fəaliyyətinin qanunauyğun təşkili və metodoloji kömək
sahəsində ötən il görülən işlərdən danışıb, daxil olan bələdiyyə aktlarının inzibati
nəzarət qaydasında qanunvericiliyə uyğunluğunun yoxlanıldığını bildirib, yerli özünüidarəetmədə rəqəmsal innovasiyaların tətbiqini, o
cümlədən “bələdiyyələrlə iş portalı”nın əhəmiyyətini və onun təkmilləşdirilməsi
ilə bağlı görülən tədbirləri qeyd edib.
Həmçinin
qanunsuz olaraq verilmiş torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya
sahibliyinə geri qaytarıldığı, bələdiyyə üzvü və qulluqçularının maarifləndirilməsi,
eləcə də bələdiyyələrin fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin
olunması, yerli büdcə gəlirlərinin artırılması üzrə aparılan davamlı işin
müsbət nəticələri diqqətə çatdırılıb, yerli özünüidarəetmə sahəsində aidiyyəti
qurumlarla və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqdan bəhs olunub.
Müşavirədə
bələdiyyələrin fəaliyyətinə inzibati
nəzarətlə bağlı Milli Məclisə təqdim olunacaq illik məruzənin layihəsi müzakirə
olunaraq təkmilləşdirilməsinə dair tapşırıqlar verilib.
Bununla
yanaşı, qarşıda duran vəzifələr müzakirə olunub, o cümlədən yerli vergi və
ödənişlərin uçotu, hesablanması və yığılması, yerli özünüidarəetmədə müasir
İKT-lərin tətbiqi, bələdiyyə torpaqlarından səmərəli istifadə olunması və digər
məsələlərlə bağlı çıxışlar dinlənilib, mövcud nöqsan və çatışmazlıqların aradan
qaldırılması, bu sahədə problemlərin həlli istiqamətində bələdiyyələrə metodoloji
köməyin gücləndirilməsi ilə bağlı tədbirlər müəyyən edilib.
Tədbirə
yekun vuran nazir müavini dövlət başçısının cari ilin yanvarın 12-də yerli
televiziya kanallarına verdiyi müsahibəsinə diqqət çəkərək ölkəmizin gələcək
inkişafı üçün yeni yol xəritəsinin müəyyənləşdirildiyini, yerli özünüidarəetmə
fəaliyyətinin də müasir dövrün tələblərinə uyğunlaşdırılmasının zəruriliyini bildirib,
qarşıda duran vəzifələrin mütəşəkkil icrası, o cümlədən vətəndaşların
müraciətlərinə qayğı ilə yanaşılması, etik davranış qaydalarına dönmədən əməl
edilməsi, korrupsiyanın yolverilməzliyi ilə bağlı və digər konkret tapşırıqlar
verib.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı