"Ədliyyə sahəsində islahatlara dəstək" Proqramının şərtlərinin icrası vəziyyəti müzakirə olunmuşdur

Xəbər verildiyi kimi, Avropa Komissiyası və Ədliyyə Nazirliyi arasında birgə həyata keçirilən müvafiq Proqram üzrə şərtlərin icrası vəziyyətinin öyrənilməsi məqsədilə avropalı ekspertlərdən ibarət Qiymətləndirmə Missiyası ölkəmizdə səfərdə olmuşdur.

Səfər çərçivəsində ekspertlərin iştirakı ilə Proqramın İdarəetmə Komitəsinin iclası keçirilərək Qiymətləndirmə Missiyasının ilkin təəssüratları və tövsiyələri dinlənilmiş, görülmüş işlərə dair müzakirələr aparılmışdır.

İclası giriş nitqi ilə açan ədliyyə nazirinin müavini Toğrul Musayev qeyd olunan Proqramın qiymətləndirilməsi ilə bağlı ekspertlər tərəfindən hərtərəfli təhlillərin aparıldığını vurğulamış, ədliyyə sahəsindəki islahatlara toxunaraq layihənin əhatə etdiyi istiqamətlər  - Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, həmçinin penitensiar sistemin inkişafı üzrə görülən əməli tədbirlərdən danışmışdır.

Qiymətləndirmə prosesinə hər cür yardım göstərildiyinə görə minnətdarlığını ifadə edən ekspertlər layihənin icrasına dair şərtlərin yerinə yetirilməsi ilə bağlı müəyyən işlərin görüldüyünü və müsbət irəliləyişlərə nail olunduğunu qeyd etmiş, Proqram üzrə həyata keçirilən tədbirlərlə bağlı tövsiyələrini bildirmişlər.

Müzakirələr zamanı Ədliyyə Akademiyasının infrastrukturunun təkmilləşdirilməsi, məhkumların peşə təhsilinin və asudə vaxtlarının, onlara göstərilən tibbi xidmətin təşkili ilə bağlı ekspertlərin toxunduqları məsələlərə aydınlıq gətirilmişdir.

Tədbirdə Avropa Komissiyasının ölkəmizdəki missiyasının, habelə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri və ekspertlər iştirak etmişlər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez