IMAGE

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar çərçivəsində ədliyyə orqanlarının fəaliyyəti müasirləşdirilir

Fevralın 11-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə 2021-ci ildə ədliyyə orqanları tərəfindən görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Pandemiya ilə əlaqədar xüsusi karantin rejimi şəraitində videoformatda keçirilən iclasda çıxış edən nazir ulu öndər Heydər Əliyevin yolu ilə gedən müasir Azərbaycan dövlətinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə uğurla inkişaf etdiyini, Prezident-xalq birliyi nəticəsində respublikamızın möhtəşəm nailiyyətlərə imza atdığını vurğulayıb. Dövlət başçısının müdrik siyasəti ilə bu illər ərzində ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisinin təmin edildiyini, dünyanın ən islahatçı 10 ölkəsindən birinə çevrildiyini və nüfuzunun günbəgün artdığını qeyd edib.

Xüsusilə vurğulayıb ki, 30 ildir müstəqilliyini bərpa etmiş xalqımızın ən böyük tarixi nailiyyəti erməni işğalına məruz qalmış doğma torpaqlarımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbə nəticəsində azad edilməsidir.

Kollegiyada 2021-ci ildə parlaq Zəfərimizin ilk ildönümünün qalib xalq kimi yüksək qürur hissi ilə qeyd edildiyi, cənab Prezidentin rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə doğma torpaqlarımızın dirçəldilməsi yolunda nəhəng bərpa-quruculuq işlərinin aparıldığı qeyd olunub. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurda yol-nəqliyyat, enerji, sosial infrastrukturların, tarixi, dini və mədəni abidələrimizin qısa müddətdə bərpası – Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngəzur dəhlizinin təməlinin qoyulması və onun tərkib hissəsi olan Horadiz-Ağbənd dəmir yolu xəttinin yenidən qurulması, azad edilmiş ərazilərə müntəzəm avtobus reyslərinin açılması böyük qayıdışın başlanğıcıdır.

Dövlət başçısı tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunduğunu bildirən nazir bu il Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşa şəhərinin 270 illiyinin təntənəli qeyd olunacağını, bununla bağlı tədbirlərin müəyyən edildiyini diqqətə çatdırıb.

Eyni zamanda, Vətən müharibəsi şəhidlərinin xatirəsinin və misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulduğu qeyd edilib, şəhid ailələrinin və qazilərin yüksək dövlət qayğısı ilə əhatə olunduğu vurğulanıb.

İclasda dövlət başçısının rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq ədliyyə və məhkəmə sistemində islahatların aparıldığı, ədliyyə fəaliyyətinin müasirləşdirilməsi üzrə ardıcıl tədbirlərin davam etdirildiyi qeyd olunub.

Məlumat verilib ki, respublikamızın iqtisadi inkişafına, insanların sosial təminatının yaxşılaşdırılmasına yönəlmiş və digər mütərəqqi tədbirlər çərçivəsində nazirlik tərəfindən 2.400-dək normativ hüquqi akt layihəsi hazırlanıb, 3.500-dən çox akt hüquqi ekspertizadan keçirilib. Vətəndaşların milli qanunvericiliyə əlçatanlığı yaxşılaşdırılaraq e-qanun.az elektron bazasının yeni, funksionallığı və interaktivliyi ilə fərqlənən versiyası yaradılıb və istifadəyə verilib. Həmin resursdan bəhrələnənlərin sayı ötən il 2,8 milyonu ötüb.

Eyni zamanda ölkə həyatının bütün sahələrində inkişaf strategiyasının, bununla bağlı dövlət başçısının müdrik siyasətinin və mühüm çağırışlarının, həyata keçirilən məqsədyönlü işlərin, o cümlədən ədliyyə və məhkəmə islahatlarının ictimaiyyətə çatdırılması məqsədilə nazirlik tərəfindən 8.300-dən çox maarifləndirmə tədbirlərinin keçirildiyi qeyd olunub. Dövlətin vahid kommunikasiya və sosial media siyasətinə uyğun olaraq sosial şəbəkələrdə fəallığın artırılması nəticəsində nazirliyin facebook səhifəsi izləyicilərinin sayı xeyli artıb.

Bundan əlavə, dövlət başçısının əhalinin, xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə daim qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 6.800-dən çox vətəndaş, bilavasitə və ya videoformatda qəbul edilib, onların müraciətləri dinlənilərək bir qismi yerində həllini tapıb, ciddi nəzarətə götürülmüş digərləri üzrə zəruri tədbirlər görülüb.

Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı xeyli artaraq 4,6 milyona yaxın olub. Həmçinin 306 min vətəndaşlıq vəziyyəti aktı qeydə alınıb, bağlanmış nikahların sayı isə 60 faiz artaraq 56 mindən çox təşkil edib. Bu əməliyyatlarla bağlı 9,3 milyon manatdan artıq vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 49 milyon manat vergi dövlət büdcəsinə köçürülüb.

Vətəndaş məmnunluğu doğuran və notariat hərəkətlərini mobil qaydada rəsmiləşdirməyə imkan verən "Mobil notariat" tətbiqindən istifadə edənlərin sayı 2 dəfə artaraq 200 mini ötüb, bank sektoruna yardım məqsədilə onlayn bank platforması “Mobil notariat”a inteqrasiya edilərək insanlara bir sıra əməliyyatlar üzrə banka və ya notariusa getmədən elektron xidmət göstərmək imkanı yaradılıb və bu innovasiyanın ilk olaraq Paşa Bank tərəfindən tətbiqinə başlanılıb.

Eyni zamanda əhaliyə məsafədən göstərilən elektron ədliyyə xidmətlərinin dairəsi genişləndirilib, onların sayı 36-ya çatdırılaraq istifadə sayı 1 milyonu ötüb.

Kollegiyada ölkəmizdə siyasi plüralizmin, söz və mətbuat azadlığının təmin olunması, bu məqsədlə ictimai iştirakçılığın geniş tətbiqi və medianın müasir çağırışlara uyğun inkişafı ilə bağlı görülən qanunvericilik və institusional tədbirlər qeyd olunub, Ədliyyə Nazirliyi tərəfindən çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq son illər 10-dək yeni siyasi partiyanın qeydiyyata alındığı, hazırda ölkədə qeyri-kommersiya hüquqi şəxslərin sayının 4.800-dən çox, uçota alınmış mətbu nəşrlərin sayının isə 5.400 təşkil etdiyi bildirilib.

İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası ilə bağlı görülən işlər təhlil edilib.

Qeyd olunub ki, bu sahədə işin keyfiyyətinin yüksəldilməsi üzrə təsirli tədbirlər davam etdirilərək 480 mindən çox işin icrası təmin edilib, fiziki və hüquqi şəxslərə 560 milyon manata yaxın vəsait ödətdirilib.

Əhalinin həssas təbəqəsi olan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı aliment tələbi üzrə işlərə xüsusi diqqət yetirilib və bu sahədə müəyyən çətinliklərin olmasına baxmayaraq görülən zəruri icra tədbirləri nəticəsində 100 milyon manata qədər vəsaitin ödətdirilməsi təmin edilib.

Eyni zamanda, qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 5.700-dək şəxs inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 3.300-dən çox nəfər inzibati qaydada həbs olunub. Görülmüş məcburi icra tədbirləri nəticəsində aliment, pul tələbi və digər ödəmələr üzrə məhkəmə qərarlarını icra etmiş 2.600-dən artıq borclunun üzərindən ölkəni tərk etmək məhdudiyyəti götürülüb.

Həmçinin bildirilib ki, "Elektron icra" informasiya sistemi işin səmərəliliyini xeyli artırıb, onun müxtəlif orqanların məlumat bazalarına inteqrasiyası hesabına zəruri sənədlərin, o cümlədən borclular barəsində məlumatların ani vaxt rejimində əldə edilməsi mümkün olub, nəticədə yol verilən vaxt itkisinin qarşısı alınıb.

Bundan başqa, dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı tapşırıqlarının icrasına toxunularaq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası və bu sahədə effektiv nəzarətin həyata keçirilməsi üzrə ardıcıl işlərin görüldüyü, həmin cəzalara məhkum olunmuş şəxslərə 4.900-ə yaxın elektron qolbaq tətbiq edildiyi vurğulanıb. Bildirilib ki, ictimai işlər növündə cəzanın icrasına nəzarəti gücləndirmək, cəzanın formal icrasının qarşısını almaq məqsədilə hazırlanmış elektron nəzarət qurğusu səmərəli tətbiq olunur.

Diqqətə çatdırılıb ki, nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 540-dək cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 2,6 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.

Bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi, səmərəli inzibati nəzarətin və metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılaraq 2021-ci ildə 80 min bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, 3.000-dən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 9.100 hektar torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən bələdiyyələrin vəzifələri şəxsləri barəsində məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokollarla 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, cinayət xarakterli 27 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Kollegiyada həmçinin, məhkumların saxlanma şəraitinin müasirləşdirilməsi üzrə görülən tədbirlərə toxunularaq cəmiyyətin həssas təbəqəsi olan qadın və uşaqlar üçün yeni penitensiar müəssisələrin inşa olunduğu bildirilib, məhkumların tibbi təminatının, xüsusilə qlobal pandemiya ilə əlaqədar həyat və sağlamlıqlarının daim nəzarətdə saxlanıldığı, COVİD-19 infeksiyasının diaqnostikası məqsədilə müvafiq laboratoriyanın yaradıldığı, məhbusların tam əksəriyyətinin vaksinasiyasının təmin edildiyi vurğulanıb.

Dövlət başçısının humanist siyasətinin təzahürü olaraq ötən il Əfv Sərəncamı ilə 625 məhkumun azadlığa buraxıldığı qeyd olunub, ölkə Prezidentinin təşəbbüsü ilə Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktının icrasının davam etdiyi, ədliyyə orqanları və məhkəmələr tərəfindən bu günədək artıq 12.300-dən çox şəxsə tətbiq edildiyi diqqətə çatdırılıb.

Məlumat verilib ki, amnistiyanın tətbiqi nəticəsində 8.100-ə yaxın şəxs ayrı-ayrı cəzalardan, o cümlədən 2.700-dək məhkum azadlıqdan məhrum etmə cəzasından azad edilib, 3.400-dən çoxunun isə cəza müddəti azaldılıb.

Məhkəmələrin icraatında olan cinayət işləri üzrə isə 800 nəfərə yaxın şəxsə amnistiya tətbiq edilərək onlardan yarıdan çoxu cəzadan azad edilib və ya cəza müddətləri azaldılıb, 150-dək şəxs barəsində isə cinayət təqibinə xitam verilib.

İclasda nazirliyin beynəlxalq əməkdaşlığına toxunularaq 2021-ci ildə bir sıra mötəbər tədbirlərdə iştirak edildiyi, Ermənistanın insanlıq əleyhinə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırıldığı, xarici ölkələrin ədliyyə nazirlərinə və nüfuzlu beynəlxalq təşkilatlara 70-dən çox müraciətlər ünvanlandığı vurğulanıb. Nazirlik tərəfindən cinayət işləri və s. üzrə hüquqi yardım, ekstradisiya və digər məsələlərlə bağlı 23 minə yaxın sorğunun icrasının təmin edildiyi, Türkiyə, Özbəkistan və Estoniya ilə ədliyyə sahəsində əməkdaşlığa dair sənədlərin imzalandığı bildirilib.

Bundan əlavə, nazirliyin regional idarələrinin ədliyyə fəaliyyətinin əlaqələndirilməsi, yerlərdə insanlara layiqli xidmət göstərilməsi, eləcə də bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi sahəsində fəaliyyəti qeyd olunub, həmin qurumların infrastrukturunun və maddi-texniki təminatının modernləşdirilməsi üzrə görülən işlərdən danışılıb.

Kollegiyada həmçinin, ədalət mühakiməsinin həyata keçirilməsi, müasir məhkəmə infrastrukturunun yaradılması üzrə görülən tədbirlər qeyd edilərək ötən il dövlət başçısının iştirakı ilə Bakı, Sumqayıt və Masallıda 11 məhkəmə üçün yeni yüksək texnoloji bina və komplekslərin istifadəyə verildiyi bildirilib, "Elektron məhkəmə" informasiya sisteminin tezliklə ölkə üzrə tam tətbiqinin təmin olunacağı vurğulanıb. Yeni məhkəmə binalarında yaradılmış müasir şərait və rəqəmsal innovasiyaların tətbiqinə ictimaiyyətin marağı nəzərə alınaraq millət vəkillərinin, vətəndaş cəmiyyəti institutlarının və KİV-lərin iştirakı ilə ictimai təqdimatların və media-turların təşkil olunduğu qeyd edilib.

Eyni zamanda, qarşıda duran vəzifələr, mövcud problem və nöqsanların aradan qaldırılması yolları müzakirə olunub, ədliyyə fəaliyyətinin dövlət başçısının yüksək tələbləri səviyyəsində qurulması ilə bağlı tədbirlər müəyyən edilib.

Nazir ölkə Prezidentinin dövlət idarəçiliyində şəffaflığın və innovativ metodların tətbiqinin genişləndirilməsi, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi, korrupsiyanın yolverilməzliyi və korrupsiyaya şərait yaradan halların qarşısının alınması ilə bağlı qəti tapşırıqlarını xüsusilə diqqətə çatdırıb.

Ədliyyə orqanlarında yeni çağırışlara uyğun iş üsul və vasitələrinin təkmilləşdirilməsi, struktur dəyişikliklərin aparılması, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, elektron xidmətlərin inkişafı, könüllülərin ədliyyə fəaliyyətinə daha geniş cəlb olunması və digər məsələlərlə bağlı konkret göstərişlər verilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez