Cəzaların icrasında və cəza siyasətinin humanistləşdirilməsində Probasiya Xidməti mühüm rol oynayır

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı hüquqi islahatlar çərçivəsində məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, cəzaların icrası işinin səmərəliliyinin artırılması, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadovun “Cəzaların icrasında və cəza siyasətinin humanistləşdirilməsində Probasiya Xidməti mühüm rol oynayır” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Dövlətimizin başçısının 2017-ci il fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı ölkəmizdə həyata keçirilən islahatların məntiqi davamı olmaqla, bu sahədə yeni strateji hədəfləri müəyyənləşdirib.

Sərəncamda dövlət idarəçiliyi sisteminin müasirləşdirilməsi, məhkəmə-hüquq sahəsində islahatların davam etdirilməsi, cəzaların icrasının müasir tələblərə uyğun qurulması, cəzanı icra edən müəssisələrdə mövcud olan nöqsan və çatışmazlıqların, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, cəzaların icrasında müasir texnoloji vasitələrin tətbiqi, cəmiyyətdən təcridetmə ilə bağlı olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və digər konseptual məsələlər nəzərdə tutulmuş, bu məqsədlə məhkumların cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaları icra edən yeni təsisat - Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradılıb.

Avropa Şurasının 2010-cu il 20 yanvar tarixli “Avropa Probasiya qaydaları haqqında” Tövsiyəsi, digər beynəlxalq aktlar, inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla təşkil edilmiş Probasiya Xidmətinin yeni strukturunun təsis edilməsi ilə bağlı dövlətimizin başçısının 2017-ci il 7 noyabr tarixli Fərmanı ilə Probasiya Xidmətinə baş idarə səlahiyyəti verilib, nazirliyin Kollegiyasının 2017-ci il 22 12 dekabr tarixli Qərarı ilə Əsasnaməsi təsdiq edilib.

Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər olunaraq, qanunvericiliyə icra məmurlarının vəzifələri, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların icrası prosesində probasiya fəaliyyətinin və elektron nəzarət vasitələrinin tətbiqi dairəsi, xüsusiyyətləri, digər tənzimləyici müddəalar daxil edilib.

Eyni zamanda, Probasiya Xidmətinə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların icrasının təşkili, cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsi həvalə olunub.

Bundan əlavə, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş və ya cəzasının çəkilməsi təxirə salınmış, alkoqolizmdən, narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslər üzərində qanunvericiliklə və ya məhkəmə tərəfindən qoyulmuş vəzifələrin icrasına nəzarət, məhkumların islah edilməsi, sosial adaptasiyası və reabilitasiyası, inzibati tənbeh qismində tətbiq edilmiş ictimai işlərin icrası da Probasiya Xidmətinin səlahiyyətlərinə aid edilib.

Yeni Xidmətin fəaliyyətinin təşkili ilə bağlı ədliyyə nazirinin 2017-ci il 1 dekabr tarixli əmri ilə onun strukturu və ştat cədvəli təsdiqlənib, respublikanın inzibati ərazi vahidləri üzrə icra və probasiya şöbələri, Bakı şəhəri üzrə probasiya idarəsi, Gəncə və Sumqayıt şəhərləri üzrə probasiya şöbələri yaradılıb.

Dövlətimizin başçısının bilavasitə təşəbbüsü ilə yaradılmış Probasiya Xidmətinin fəaliyyət istiqamətləri və tətbiqi dairəsi ötən beş il ərzində ardıcıl olaraq inkişaf edib, təkmilləşib, maddi-texniki bazası, kadr potensialı möhkəmlənib, işin səmərəliliyi artıb, probasiya nəzarəti funksiyaları güclənib, Xidmətin strukturu təkmilləşib, əməkdaşların bilik səviyyəsi, peşə hazırlığı yüksəlib, maddi və sosial təminatları yaxşılaşıb.

Fəaliyyət göstərdiyi müddətdə Probasiya Xidmətinin yerli qurumları tərəfindən 42 min 200-dən çox məhkum probasiya qeydiyyatına götürülüb. Əvvəlki illər üzrə cəza çəkən məhkumlar nəzərə alınmaqla 43 mindən çox şəxs qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qeydiyyatdan çıxarılıb.

Həmin dövrdə qanunu pozan, cəzanın icrasından boyun qaçıran 2758 məhkumun cəzası daha ağır cəza növü ilə əvəz olunub, o cümlədən 986 məhkuma azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Bundan əlavə, cərimə və islah işləri növündə cəzaların icrası ilə bağlı dövlət büdcəsinə təqribən 8 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Probasiya sahəsində aparılan islahatlar, təşkilati məsələlər bununla yekunlaşmayıb. İdarəetmənin təkmilləşdirilməsi, işin keyfiyyətinin artırılması məqsədilə ədliyyə nazirinin 2018-ci il 15 may tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrupu probasiya fəaliyyətini və qanunvericiliyin tətbiqi təcrübəsini öyrənib, nazirliyin aidiyyəti qurumları ilə çoxsaylı müzakirələr, analitik təhlillər aparıb, beynəlxalq təcrübəni nəzərə alaraq qısa müddət ərzində bir sıra normativ xarakterli hüquqi aktların layihəsini hazırlayıb. Nəticədə Milli Məclis 3 qanun, Nazirlər Kabineti 3 normativ hüquqi akt qəbul edib, Ədliyyə Nazirliyinin Kollegiyasının qərarları ilə 9 sənəd təsdiq olunub.

Cərimə, azadlığın məhdudlaşdırılması növündə cəzaların icrası mexanizminin, şərti məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə probasiya nəzarətinin təkmilləşdirilməsi, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış məhkumların üzərindən məhdudiyyətin götürülməsinin tənzimlənməsi ilə bağlı Cinayət, Cinayət-Prossesual, Cəzaların İcrası və Miqrasiya məcəllələrinə dəyişikliklərin edilməsinə dair qanun layihələri hazırlanıb.

Bununla yanaşı, probasiya fəaliyyətinin əsas müddəalarını, hüquqi əsaslarını və prinsiplərini, məhkumların hüquq və azadlıqlarının müdafiəsini, sosial adaptasiyasını və reabilitasiyasını, digər zəruri norma və elementləri özündə əks etdirən “Probasiya fəaliyyəti haqqında” Qanun layihəsi, bununla bağlı qanunvericiliyə dəyişikliklər edilməsi barədə normativ aktların layihələri hazırlanıb.

Qanun layihəsində beynəlxalq təcrübədə geniş tətbiq olunan məhkəməyədək məruzənin hazırlanması, cəza təyin edilərkən nəzərə alınan hallar barədə - təqsirləndirilən şəxsin davranışı, mənəvi-psixoloji keyfiyyəti, sosial durumu, ailə vəziyyətinə dair sənədin məhkəməyə təqdim olunması nəzərdə tutulub.

Layihədə, həmçinin cəzaların icrasına tutarlı nəzarət mexanizminin yaradılması üçün riskin qiymətləndirilməsi, probasiya nəzarətində olan məhkumların yeni cinayət törədilməsi ehtimalının aşkarlanıb qarşısının alınması üçün görüləcək profilaktik, qabaqlayıcı tədbirlərin dairəsi müəyyən edilib.

Qeyd olunan yeniliklər cəza siyasətinin təkmilləşməsinə, cəza təyin edərkən məhkəmələrin işin hallarını, təqsirləndirilən şəxsin fərdi xüsusiyyətlərini, şəxsiyyətini obyektiv qiymətləndirməyə, cəzanın növünü və həddini düzgün seçməyə, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslərin islah olunmasına, cəmiyyətə reinteqrasiyasına yönəlmiş tədbirlərin tətbiqinə əlverişli zəmin yaradacaq.

Ötən beş il ərzində Probasiya Xidməti üçün kadrların hazırlanmasına da xüsusi diqqət yetirilib, əməkdaşların peşə hazırlığının, sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı yetərli tədbirlər görülüb. Əməkdaşlar mütəmadi Ədliyyə Akademiyasında təlimlərə cəlb olunub, beynəlxalq tədbirlərdə iştirak edərək qabaqcıl ölkələrin təcrübəsi ilə tanış olublar.

Xüsusilə qeyd edilməlidir ki, stimullaşdırıcı tədbir kimi cərimə, islah işləri cəzalarının, hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrasından daxil olan vəsaitin bir hissəsinin Ədliyyə Nazirliyinin hesabına köçürülməsi barədə müddəanın qanunvericiliyə əlavə edilməsi Xidmətin maddi-texniki bazasının, əməkdaşların sosial müdafiəsinin və maddi təminatının yüksəlməsinə müsbət təsir göstərmiş, statistik göstəricilərin yaxşılaşması ilə nəticələnib.

Dövlətimizin başçısının sözügedən Sərəncamında qeyd olunan və cəzaların icrasında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi barədə vacib əhəmiyyətə malik tapşırıqları üzrə də nazirlik tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilib.

Bu tədbirlər sırasında 2018-ci ilin may ayından ölkəmizdə ilk dəfə olaraq azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, məhkəmənin qərarı ilə şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron nəzarət vasitələrinin (elektron qolbaqların) tətbiqinə başlanılmasıdır.

Bu məqsədlə ən müasir texnologiyalara və tələblərə cavab verən elektron vasitələr alınıb. Hazırda həmin növ cəza çəkən bütün məhkumlar elektron qolbaqlarla təmin olunub.

Dörd illik probasiya təcrübəsi göstərir ki, məhkumlara elektron qolbaqların tətbiqi onların davranışına, onlayn rejimdə mərkəzləşdirilmiş qaydada məsafədən izlənilməsinə, məhkumların üzərinə qoyulmuş vəzifələrin icrasına fasiləsiz nəzarət olunmasına, qabaqlayıcı tədbirlərin görülməsinə, zərurət olduqda məhkumlarla dərhal əlaqə yaradılmasına, bununla da cəzaların icrasında ciddi qayda yaradılmasına, qanun pozuntularının, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına imkan yaradıb.

Məhkumların 24 saat ərzində izlənilməsini təmin etmək üçün hazırda Probasiya Xidmətində müasir avadanlıqla, proqram təminatı ilə təchiz olunmuş Elektron Monitorinq Mərkəzi fəaliyyət göstərir.

Qanunvericiliyin humanistləşdirilməsi ilə əlaqədar Cinayət Məcəlləsinə edilən dəyişiliklərdən sonra məhkəmələr azadlıqdan məhrum etməyə alternativ olan, xüsusilə elektron nəzarət vasitəsinin tətbiqini nəzərdə tutan azadlığın məhdudlaşdırılması növündə cəzaların təyin edilməsinə üstünlük verib, nəticədə probasiya qurumlarının qeydiyyatında olan şəxslərin sayı ardıcıl surətdə artıb, 2018-ci illə müqayisədə 2020-ci ildə Xidmətin qeydiyyatında olan məhkumların sayı 25,9 faiz, 2021-ci ildə isə 17,6 faiz çox olub.

2018-2021-ci illərdə on mindən çox şəxsə elektron nəzarət vasitələri tətbiq edilib. Onların mütləq əksəriyyəti azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər olub. Hazırda 2900-dən çox məhkuma elektron qaydada nəzarət edilir.

“Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların səmərəli icrası, həmçinin ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası prosesində müasir texnoloji vasitələrdən istifadə edilməsi ilə bağlı 2020-ci ildə Cinayət, Cəzaların İcrası, İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilib, Ədliyyə Nazirliyinin müvafiq qurumları tərəfindən layihələndirilmiş elektron qurğuların tətbiqinə başlanıb.

Qanunvericiliyə edilmiş dəyişikliklər ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına nəzarətin səmərəliliyinin artırılmasına, insan faktorunun aradan qaldırılmasına, ictimai işlər cəzası təyin edilmiş şəxslərin iş saatlarının elektron qaydada hesablanmasına, vaxtında iş yerlərində olmalarına nəzarətin gücləndirilməsinə yönəlmiş, nəticədə ictimai işlər növündə cəza və inzibati tənbeh üzrə yerinə yetirilmiş işlərin müddəti ilbəil artmış, təkcə 2021-ci ildə 126 min 822 saat ictimai işlərin yerinə yetirilməsi təmin edilib.

Hazırda beynəlxalq səviyyədə qəbul edilmiş meyarlar nəzərə alınmaqla hazırlanmış “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” yeni informasiya sisteminin təşkili ilə bağlı işlər yekunlaşma mərhələsindədir. Bu sistem cəzaları icra edən orqan və müəssisələr arasında real vaxt rejimində qarşılıqlı məlumat mübadiləsini həyata keçirməyə, məhkumların şəxsi işlərini elektron formatda aparmağa imkan yaratmaqla, Xidmətin fəaliyyətinin daha səmərəli təşkilini təmin edəcək.

Fəaliyyət göstərdiyi illər ərzində Probasiya Xidməti öz fəaliyyəti barədə hakimlərin və hüquqşünasların məlumatlandırılmasına xüsusi diqqət yetirmiş, elektron nəzarət vasitələrinin tətbiqinin xüsusiyyətləri ilə bağlı rayon (şəhər) və Apellyasiya məhkəmələrinin hakimləri, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllim və tələbələri ilə görüşlər keçirib, probasiya fəaliyyətinə həsr olunmuş videoçarxlar nümayiş etdirib.

Aşkarlığın və şəffaflığın, vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin maarifləndirilməsi məqsədilə məhkumların cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaların icrası sahəsində görülmüş işlər barədə kütləvi informasiya vasitələrində ictimaiyyətə mütəmadi, müfəssəl məlumatlar verilir.

Probasiya nəzarəti tətbiq edilmiş məhkumların islah olunması, sosial adaptasiyası və reabilitasiyası işinə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi üçün tədbirlər görülmüş, bu məqsədlə “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi ilə əməkdaşlıq əlaqələri qurulub, probasiya nəzarəti tətbiq edilmiş məhkumlarla, xüsusən yetkinlik yaşına çatmayanlarla görüləcək sosial adaptasiya və reabilitasiya tədbirlərinin birgə planları təsdiq edilib.

Həmin təşkilatların nümayəndələri ilə birgə hüquq pozuntularının, yeni cinayətlərin profilaktikası ilə bağlı məhkumlarla tərbiyə işlərinin aparılması, onların maarifləndirilməsi, sosial-psixoloji yardım göstərilməsi istiqamətində əməli tədbirlər görülür.

Ötən dövrdə məhkum olunmuş şəxslərin əfv edilməsi haqqında dövlətimizin başçısının sərəncamları Xidmət tərəfindən icra olunaraq, qeydiyyatda olan məhkumlara əfv edildikləri, ölkə başçısının bu addımının humanist mahiyyəti elan edilərək 109 şəxs cəza çəkməkdən dərhal azad olunub.

“8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 5 noyabr tarixli Qərarının mütəşəkkil və yüksək səviyyədə icra olunması məqsədilə Probasiya Xidməti tərəfindən əməli tədbirlər görülüb, probasiya qeydiyyatında olan 6600-dən çox məhkuma amnistiya aktı tətbiq olunub. Hazırda amnistiyanın tətbiqinin müəyyən olunmuş müddətdə uğurla başa çatdırılması istiqamətində tədbirlər davam etdirilir.

Probasiya Xidmətinin dörd il ərzindəki fəaliyyəti, görülən işlərin nəticələri də dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsi və təkmilləşməsi ilə bağlı imzaladığı Sərəncamın mühüm əhəmiyyət daşıdığını bir daha təsdiq edərək, bu təsisatın gələcək fəaliyyətinə nikbinliklə baxmağa zəmin yaradır, onun inkişafının, fəaliyyət dairəsinin genişləndirilməsinin zəruri olduğuna dəlalət edir.

Bu gün əminliklə demək olar ki, Probasiya Xidməti öz fəaliyyətini bundan sonra da müasir dövrün tələblərinə uyğun quracaq, qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcək.


iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez