Bələdiyyələrin potensialının gücləndirilməsi diqqətdə saxlanılır

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli islahatlar çərçivəsində yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, bələdiyyələrin səlahiyyətləri genişləndirilir, maliyyə vəziyyəti yaxşılaşdırılır.

Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində yerli özünüidarəetmə orqanlarının kadr potensialının gücləndirilməsi, bələdiyyə idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması, bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici ölkələrin yerli özünüidarəetmə orqanları ilə beynəlxalq təcrübə mübadiləsinin aparılması daim diqqətdə saxlanılır.

Bununla əlaqədar Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Cari ilin əvvəlindən yerli özünüidarəetmənin aktual məsələləri, o cümlədən yerli iqtisadi, sosial, ekoloji proqramların hazırlanması, yerli vergi və ödənişlərin hesablanması və ödənilməsi, yerli büdcənin gəlir mənbələrinin artırılması mövzularında silsilə təlim-tədris tədbirləri keçirilib, beynəlxalq təcrübə mübadiləsi aparılıb.

Ötən həftə Bələdiyyələrlə iş mərkəzinin və Ədliyyə Akademiyasının təşkilatçılığı ilə bələdiyyələrin vergi xidməti orqanlarının vəzifəli şəxslərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə distant formada ixtisasartırma kursları təşkil olunub.

150-dən çox bələdiyyə üzv və qulluqçularının cəlb olunduğu kurslarda Dövlət Vergi Xidmətinin mütəxəssisinin iştirakı ilə yerli vergi və ödənişlərin tətbiq olunmasının normativ-hüquqi əsasları, onların tutulma qaydası ilə bağlı mövzular tədris olunub, nəzərdə tutulan məsələlər üzrə qanunvericiliyin tələbləri və bələdiyyələrin üzərinə düşən vəzifələr barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Bundan əlavə, bölgələrdə də bələdiyyə nümayəndələrinin peşəkarlığının artırılması məqsədilə regional ədliyyə idarələri tərəfindən ardıcıl seminarlar keçirilib.

Eyni zamanda xarici ölkələrin yerli özünüidarəetmə orqanları ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verilərək ötən ay Mərkəzin və bələdiyyələrin milli assosiasiyalarının birgə təşkilatçılığı ilə Türkiyə Respublikasının Kocaeli və Litva Respublikasının Druskininkay bələdiyyələrinin nümayəndələri ilə Azərbaycan bələdiyyələri arasında təcrübə mübadiləsinin təşkili məqsədilə videokonfranslar keçirilib.

Tədbirlərdə bələdiyyələr üçün dayanıqlı gəlir mənbələrinin formalaşdırılması, o cümlədən yerli vergi və ödənişlərin hesablanması, toplanması və yaranmış borcların bələdiyyə büdcəsinə ödənilməsi qaydaları barədə xarici təcrübə ilə bağlı məlumat verilib.

Bələdiyyə müəssisələrinin yaradılma mexanizmi və fəaliyyət istiqamətləri, turizmin inkişafı üçün həyata keçirilən layihələrlə bağlı müzakirələr aparılıb.

Həyata keçirilən tədbirlər çərçivəsində yerli özünüidarəetmə sahəsi üçün gənclərdən ibarət peşəkar, ixtisaslı kadrların formalaşdırılması diqqətdə saxlanılaraq cari ildə Azərbaycan Dövlət İqtisad Universitetində "Dövlət və bələdiyyə idarəçiliyi" ixtisası üzrə təhsil alan 18 nəfər sonuncu kurs tələbəsi nazirliyin Bələdiyyələrlə iş mərkəzində təcrübəyə cəlb edilib, onlarla nazirliyin bələdiyyələrlə iş sahəsində fəaliyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təşkili ilə bağlı məsələlər üzrə müvafiq iş aparılır.

Bələdiyyələrin potensialının gücləndirilməsi, bələdiyyə idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması üzrə tədbirlər davam etdirilir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez