IMAGE

Azərbaycan və Gürcüstan Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq, dostluq və yaxın qonşuluq münasibətlərinə əsaslanan əlaqələr müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə inkişaf edir. İki ölkə arasında hüquqi yardım üzrə bağlanmış müqavilə və ədliyyənin müxtəlif sahələri üzrə imzalanmış ikitərəfli sənədlər əsasında səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir, faydalı təcrübə mübadiləsi aparılır.

Əməkdaşlığın genişləndirilməsi məqsədilə martın 10-da Gürcüstanın ədliyyə naziri Rati Breqadze rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.

Səfər zamanı gürcüstanlı nazir əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər çiçəklər düzülüb. Qonaq həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək Əbədi məşəl abidəsi önünə əklil qoyub.

Sonra Gürcüstan nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş keçirilib.

Ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərini vurğulayan ədliyyə naziri Fikrət Məmmədov bu əlaqələrin inkişafında ölkə rəhbərlərinin xüsusi rolunu qeyd edib, səfərin diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinin qeyd olunduğu dövrdə həyat keçirilməsinin əhəmiyyətini vurğulayıb, ötən ilin dekabrında Avropa ədliyyə nazirlərinin konfransında ikitərəfli görüşünü xatırladıb.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar və yeniliklər barədə məlumat verib, iki ölkənin ədliyyə orqanları arasında əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu qeyd edib.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən qonaq xalqlarımızın, o cümlədən azərbaycanlı və gürcü icmaların mehriban qonşuluq şəraitində yaşadıqlarını, dövlətlərimizin rəhbərlərinin dostluq münasibətlərini vurğulayaraq əməkdaşlığımızın strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini bildirib.

R.Breqadze ölkəsinin ədliyyə sistemi barədə məlumat verərək Azərbaycanın bu sahədə nailiyyətlərinə və təcrübəsinə maraq göstərib. İki ölkənin ədliyyə orqanlarının əməkdaşları, o cümlədən gənc hüquqşünasları arasında birgə tədbirlərin təşkilinə və təcrübə mübadiləsinə toxunaraq ötən dövrdə ölkəmizə səfəri zamanı Azərbaycan Prezidentinin himayəsi altında gənclərlə keçirilən mötəbər tədbirdə onlara göstərilən dövlət qayğısının şahidi olduğunu söyləyib.

Qonaq ədliyyə orqanları arasında səmərəli qarşılıqlı fəaliyyətin uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Sonra Azərbaycan və Gürcüstan Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandum ədliyyə və məhkəmə sistemlərinin, elektron xidmətlərin və rəqəmsal innovasiyaların tətbiqinin təşviqi, penitensiar, probasiya, mediasiya, hüquqşünasların tədrisi ilə bağlı və digər konkret tədbirlərin keçirilməsini nəzərdə tutur.

Mərasimdə nazirlər əlaqələrimizin ölkə rəhbərlərinin siyasi iradəsi ilə hərtərəfli, o cümlədən hüquqi sahədə müasir çağırışlara uyğun inkişafını qeyd edərək Memorandumun qarşılıqlı fəaliyyətə mühüm töhfə verəcəyinə və müsbət təcrübələrin bölüşülməsinin hər iki tərəf üçün faydalı olacağına əminliklərini ifadə ediblər.

Tədbirdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də iştirak edib.

Qonaqlar nazirlikdə ədliyyə tarixinə və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəyə həsr olunmuş muzeylərlə tanış olublar.

Həmin gün nazir R.Breqadzenin və nümayəndə heyətinin Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşü keçirilib, iki ölkənin parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb, Azərbaycan və Gürcüstan əlaqələrinin inkişafında qanunverici orqanların özünəməxsus rolu vurğulanıb.

Bununla yanaşı, qonaqların digər rəsmi görüşləri və Azərbaycan brendi olan "ASAN" xidmətin fəaliyyəti, habelə Bakının tarixi və mədəni abidələri ilə tanışlığı olub.

Səfər çərçivəsində gürcüstanlı qonaqların həmçinin, Ədliyyə Nazirliyinin əhaliyə göstərdiyi elektron xidmətlər, probasiya və elektron monitorinq mərkəzinin fəaliyyəti, yeni inşa olunmuş penitensiar müəssisələr ilə tanışlığı nəzərdə tutulur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez