16-03-2022 | 17:00 711
Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanda “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri" proqramının icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, proqram 2024-cü ilə qədər davam edəcək və “Şərq tərəfdaşlığı” regionunda dayanıqlı inkişafı hədəfləyəcək.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının nümayəndəsi Sultan Hacıyev bildirib ki, Azərbaycan son illər ərzində böyük nailiyyətlərə imza atıb. Şübhəsiz ki, ölkəmiz bu nailiyyətləri beynəlxalq əməkdaşlıqlardan faydalanaraq əldə edib. Ölkəmizin qarşısında bir çox vəzifələr durmaqdadır və onların ən mühümlərindən biri azad edilmiş ərazilərin bərpasıdır.
O qeyd edib ki, bununla yanaşı, ölkəmiz bir neçə başqa sahədə mühüm vəzifələrin icrasında davamlı irəliləyişlər, nailiyyətlər və böyük uğurlar əldə etməkdədir. Bu baxımdan, Azərbaycanın ənənəvi tərəf müqabili olan Avropa İttifaqı ölkəmizə fəal dəstəyini əsirgəmir.
“Bizim ənənəvi tərəfdaşlarımızdan biri olan BMT bu il Azərbaycan Respublikasında fəaliyyətinin 30 illiyini qeyd edir. Bu münasibətlə yaxın zamanlarda Şuşada tədbir keçiriləcək. Tədbirin müzakirə mövzularından biri bu inkişaf və uğurlarda beynəlxalq ictimaiyyətlə əməkdaşlıq olacaq”, - deyə Sultan Hacıyev diqqətə çatdırıb.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib ki, bu proqram çərçivəsində Azərbaycanın müxtəlif şəhərlərinə yerli iqtisadi inkişaf planlarının hazırlanması prosesində dəstək veriləcək. “Şəhərlərin inkişafı iqtisadiyyatın şaxələndirilməsi və inklüziv inkişaf, yüksək gəlirlər, yoxsulluğun azaldılması, həyat səviyyəsinin yüksəldilməsi, daha sağlam cəmiyyət və nəticədə, regionlarla paytaxt arasında fərqlərin azalması deməkdir. Şübhəsiz ki, bu proqram Aİ ilə Azərbaycan Hökuməti və ən əsası, şəhərlərin bələdiyyə sədrləri arasında güclü tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək”, - deyə o qeyd edib.
Sonra çıxış edən BMTİP-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Suxrob Xojimatov bildirib ki, şəhərlər Avropa və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatında mühüm rol oynayır. Son dövrlərdə pandemiya şəhərlərin həssaslığını, dayanıqlığa olan kəskin ehtiyacını ortaya qoyub və ehtimal olunur ki, onların struktur aspektləri, məkan paylanması və şəhərlərin təşkili üzərində uzunmüddətli təsirə malik olacaq. Bu mürəkkəb çağırışlar yeni modellər, aydın məqsədlər və mürəkkəbliyi və davamlı araşdırma prosesini nəzərə alan düşüncə tərzi tələb edir. “Bu gün biz strateji tərəfdaşımız olan Avropa İttifaqı ilə Azərbaycanın şəhər bələdiyyələrinə gələcək illərdə icmalarına fayda verəcək planların hazırlanması və həyata keçirilməsində dəstək olmaq üçün yeni layihə başladırıq”, - deyə o əlavə edib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Elmin Həsənov çıxışında bu layihənin önəmini vurğulayıb. Bildirilib ki, Avropa İttifaqının başlatdığı “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri" təşəbbüsü o prinsipə əsaslanır ki, yerli hakimiyyət orqanları özəl sektor, dövlət təşkilatları və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməklə yerli biznes mühitinin yaxşılaşdırılmasına kömək edə, iqtisadi artım və iş yerlərinin yaradılması üçün şərait yarada bilər.
Tədbirdə çıxış edən layihə əməkdaşları "İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri" təşəbbüsünün həm hazırkı, həm də gələcək üzvlərinin yerli ekosistemlər əsasında yüksək kontekstləşdirilmiş innovativ inkişaf strategiyalarının işlənib hazırlanmasına istiqamətlənmiş təlim və bilik mübadiləsi fəaliyyətlərindən faydalanacaqlarını bildiriblər. Eyni zamanda, Aİ və BMTİP yeni nəsil yerli iqtisadi inkişaf planlarının işlənib hazırlanmasında, strateji düşüncənin təşviqində və şəhər dayanıqlılığının yaradılmasında onlara dəstək verəcəyini deyiblər. Yerli bələdiyyələr yeni fürsətlərə və maliyyələşmə imkanlarına çıxış əldə edə biləcəkləri vurğulanıb.
Qeyd edək ki, “İqtisadi inkişafi dəstəkləyən bələdiyyə sədrləri" proqramı 2017-ci ildən etibarən Aİ tərəfindən həyata keçirilən və maliyyələşdirilən “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri” layihəsinin bir hissəsidir. Proqram 2021-ci ildən başlayaraq Aİ, yerli bələdiyyələr və bir sıra digər tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində BMTİP tərəfindən idarə olunur. Yeni "İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri" proqramı pandemiya böhranı zamanı Şərq Tərəfdaşlığı regionunda şəhərlərin üzləşdiyi və əvvəlcədən elan edilmiş problemləri həll etməyə çalışır. "İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri" proqramı yerli bələdiyyələr və icmalarla sıx əməkdaşlıq çərçivəsində tədris, mübadilə və strateji innovasiyalar vasitəsilə inkişaf üçün innovativ yanaşmaları araşdıracaq və bələdiyyələrin, böyük və kiçik şəhərlərin və kənd icmalarının imkanlarının genişləndirilməsi üçün platforma rolunu oynayacaq.