Azərbaycan - Bolqarıstan: əməkdaşlıq genişlənir

Avropa dövlətləri ilə hüquqi əməkdaşlığın inkişafına mühüm önəm verilərək, Azərbaycan və Avropa İttifaqı üzvü olan Bolqarıstan arasında dostluq münasibətlərinin inkişafı çərçivəsində 2007-ci ildə Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Saziş imzalanmış, bu dövlətin ədliyyə naziri ölkəmizə səfər etmişdir. Qarşılıqlı fəaliyyətin davamı olaraq Bolqarıstanın ədliyyə naziri, Ali Məhkəmə Şurasının sədri xanım Diana Kovaçeva dövlətlərimizin ədliyyə və məhkəmə orqanları arasında əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu bildirərək respublikamızın ədliyyə nazirini ölkəsinə dəvət etmişdir.

Bolqarıstanın ədliyyə naziri,
Ali Məhkəmə Şurasının sədri xanım
Diana Kovaçeva ilə görüş

Bununla əlaqədar Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov nümayəndə heyəti ilə oktyabrın 22-24-də Bolqarıstanda rəsmi səfərdə olmuşdur. Nümayəndə heyətinin tərkibinə nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov və İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, ədliyyə nazirinin köməkçisi Adil Əbilov daxil olunmuşdur.

Yüksək səviyyədə edilmiş səfər zamanı ədliyyə nazirləri arasında görüş keçirilmişdir. Görüşdə ölkələrimiz arasında hərtərəfli əlaqələri qeyd edən F.Məmmədov ümummilli lider Heydər Əliyevin 1995-ci ildə Bolqarıstana səfərini xatırladaraq dövlətlərimiz arasında hüquqi əməkdaşlığa dair mühüm dövlətlərarası müqavilələrin imzalandığını, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatlarını, hakimlərin seçim prosesinin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirildiyini vurğulamış, elektron ədliyyənin inkişafı, eləcə də penitensiar islahatlar barədə geniş məlumatlar vermişdir.

Azərbaycanla hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini söyləyən xanım D.Kovaçeva ölkəsində aparılan hüquqi islahatlar zamanı Azərbaycanın müsbət təcrübəsindən faydalanacağını vurğulamışdır. Bolqarıstanlı nazir ölkəmizin ədliyyə və məhkəmə sistemindəki nailiyyətlərinə böyük maraq göstərərək onlarla yerində tanış olmağın əhəmiyyətini bildirmişdir.

Görüşün sonunda Bolqarıstanın ədliyyə naziri Azərbaycana səfərə dəvət olunmuşdur.

Həmçinin, Azərbaycan və Bolqarıstan Ədliyyə nazirliklərinin nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilmişdır. Ətraflı və interaktiv dialoq şəraitində keçən müzakirələr zamanı qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, yeni məhkəmə komplekslərinin yaradılması, penitensiar sistemdə ictimai nəzarət, şəffaflığın təmin olunması və mətbuatla əlaqələr, qeydiyyat orqanlarının, xüsusi notariusların və icra məmurlarının fəaliyyəti, müxtəlif reyestrlərin aparılması və digər sahələr üzrə faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.

Bolqarıstan Ədliyyə Nazirliyinin bütün rəhbər şəxsləri ilə görüş

Səfər zamanı Azərbaycan ədliyyə naziri Bolqarıstanın Hökumət başçısı Boyko Borisov tərəfindən qəbul olunmuşdur. Azərbaycanın Bolqarıstan üçün strateji tərəfdaş olduğunu söyləyən ölkə rəhbəri dövlətlərimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, hərtərəfli əməkdaşlığa böyük önəm verdiyini vurğulamışdır. Baş nazir ölkəsinin Avropada Azərbaycanın etibarlı dostu olduğunu bildirərək, bu ilin aprelində Bakıya etdiyi səfərini ən xoş təəssüratlarla xatırlatmış, ölkə Prezidenti cənab İlham Əliyevlə şəxsi səmimi əlaqələrini qeyd edərək dövlətimizin başçısına salamlarını çatdırmışdır. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə yüksələn xətlə inkişafı və bu əlaqələrin intensivləşməsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, ədliyyə və məhkəmə sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanmışdır. Tədbirdə Bolqarıstanın ədliyyə naziri xanım D.Kovaçeva iştirak etmişdir.

Xalq Məclisinin Sədri xanım
Tsetska Tsaçevlə görüş

Nazir F.Məmmədov həmçinin Bolqarıstan Xalq Məclisinin Sədri xanım Tsetska Tsaçevlə görüşmüşdür. Azərbaycanla əməkdaşlığın genişlənməsinin Bolqarıstanın dövlət siyasətinin əsas prioritetlərindən olduğunu bildirən Parlament sədri bu ilin mayında Azərbaycana səfərini məmnunluqla xatırladaraq, ölkəmizin sürətli iqtisadi tərəqqisinin şahidi olduğunu vurğulamış, parlamentlərarası əməkdaşlıq səviyyəsini və dostluq qruplarının səmərəli fəaliyyətini yüksək qiymətləndirmişdir.

Görüşdə qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə-hüquq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunmuşdur.

Bolqarıstan-Azərbaycan
Parlamentlərarası dostluq qrupunun
sədri Rəmzi Osmanla görüş

Sonra Bolqarıstan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Rəmzi Osmanla işgüzar görüş keçirilmiş, ölkələrimiz arasında dərin tarixə malik olan əlaqələrin inkişaf perspektivləri müzakirə edilmişdir.

Səfər çərçivəsində Bolqarıstanın Konstitusiya Məhkəməsinin sədri Yevgeniy Tançev, Ali Kasassiya Məhkəmənin sədri Lazar Qruyev, Baş Prokuror Boris Velçev ilə, habelə Ali Məhkəmə Şurasında, Milli Ədliyyə İnstitutunda görüşlər keçirilmişdir. Tədbirlərdə ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və ictimaiyyətin inamının artırılması, elektron xidmətlərin göstərilməsi, hakimlərin ixtisaslaşdırılması, onların tədrisi və etik davranışı müzakirə edilmiş, Azərbaycanda dövlət başçımızın siyasi iradəsi ilə korrupsiya ilə qəti mübarizə aparıldığı, bu məqsədlə yeni innovativ və şəffaf xidmətlərin yaradılması diqqətə çatdırılmış, beynəlxalq əməkdaşlığın əhəmiyyəti, o cümlədən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının səmərəli fəaliyyəti qeyd olunmuşdur.

Eyni zamanda, Bolqarıstanın ən böyük məhkəməsi olan 134 hakimdən ibarət Sofiya Şəhər Məhkəməsinə baş çəkilmiş, onun fəaliyyəti ilə tanış olunmuşdur.

Səmimi və dostluq şəraitində keçirilən bütün görüşlərdə Azərbaycanda aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarına, xüsusilə hakimlərin seçim prosesinə və elektron ədliyyənin tətbiqinə böyük maraq göstərilmişdir. Həmçinin, həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20%-nin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunmuşdur.

Bolqarıstanın regionları ilə tanışlıq məqsədilə Qabrovo vilayətinə səfər edilmiş, vilayətin başçısı, şəhərin meri, dairə məhkəməsinin sədri və prokuroru, bələdiyyələr ilə keçirilmiş görüşlərdə təcrübə mübadiləsi aparılmış, habelə Şəki ilə qardaşlaşmış şəhər olan Qabrovonun mədəni-tarixi abidələri ilə tanış olunmuşdur.

Tədbirlərdə ölkəmizin Bolqarıstandakı səfiri Emil Kərimov iştirak etmişdir.

Bolqarıstan Konstitusiya Məhkəməsinin sədri Yevgeniy Tançev ilə görüş

Bolqarıstan Ali Kasassiya Məhkəməsinin sədri Lazar Qruyev ilə görüş

Bolqarıstanın Baş Prokuroru Boris Velçev ilə görüş

Ali Məhkəmə Şurasında görüş

Milli Ədliyyə İnstitutunda görüş

Sofiya şəhər Məhkəməsinin sədri ilə görüş

Qabrovo vilayətinin başçısı ilə görüş

Qabrovo şəhərinin meri ilə görüş

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez