IMAGE

Avropa Şurasının 2022-2025-ci illər üzrə Azərbaycan üçün fəaliyyət planının təqdimatı keçirilib

Ötən il Avropa Şurasına üzv olmasının 20 illiyini qeyd edən ölkəmiz bu dövr ərzində bir çox konvensiyalara qoşulub. Azərbaycan 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə uğurla sədrlik edib, demokratik inkişafı dəstəkləyən mühüm layihələr həyata keçirilib, həmçinin beynəlxalq aləmdə təqdir olunan mühüm nailiyyətlər əldə edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Avropa Şurasının birgə təşəbbüsü ilə strateji prioritetləri müəyyənləşdirən fəaliyyət planları qəbul edilərək uğurlu icrası nəticəsində milli qanunvericiliyimiz təkmilləşdirilib, Avropa Konvensiyalarının implementasiyası, gender bərabərliyi, medianın inkişafı, məhkəmə və ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi və digər sahələrdə tərəqqiyə nail olunub. 2022-2025-ci illər üzrə hazırlanaraq qəbul olunmuş yeni birgə Fəaliyyət Planı genişliyi ilə fərqlənərək 22 prioriteti əhatə edir. Fəaliyyət Planında insan haqlarının təşviqi, vətəndaş cəmiyyətinin inkişafı, ədliyyə və məhkəmə islahatlarının dəstəklənməsi, gənclik və media potensialının gücləndirilməsi, korrupsiyaya qarşı tədbirlərlə yanaşı, insan alveri ilə mübarizə, ətraf mühitin qorunması, süni intellektin tətbiqi kimi müasir çağırışlara uyğun yeni sahələr təsbit olunub. Bu da mütərəqqi dəyərlərə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyimizin göstəricisidir.
Qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük önəm verən Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriç ölkəmizə səfərə gəlib. Səfər zamanı qonaq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunub, Milli Məclisdə, Xarici İşlər və Ədliyyə nazirliklərində rəsmi görüşlər keçirib.
Aprelin 5-də Avropa Şurasının Azərbaycandakı Ofisinin təşkilatçılığı ilə qeyd olunan Fəaliyyət Planının təqdimat mərasimi keçirilib. Mərasimdə Fəaliyyət Planı üzrə tərəfdaş olan ali dövlət orqanlarının və yüksək məhkəmələrin, müxtəlif nazirliklərin, hüquq-mühafizə orqanlarının, ali təhsil müəssisələrinin məsul şəxsləri, Avropa Şurasının və ona üzv dövlətlərin Azərbaycandakı diplomatik korpusunun təmsilçiləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları iştirak ediblər.
Tədbirin açılışında Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç çıxış edərək Azərbaycanın milli qurumları ilə birgə ərsəyə gətirilən yeni Fəaliyyət Planının diqqətlə hazırlandığını bildirib. O qeyd edib ki, mülki kommersiya və inzibati məsələlərin icrasının Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı tədbirlər keçirilib. Terrorçuluğun maliyyələşdirilməsi və onunla mübarizə məsələləri ilə bağlı texniki sənəd hazırlanıb və qəbulu gözlənilir. İnanırıq birlikdə daha çox nailiyyətlər əldə edəcəyik. Fəaliyyət Planının ümumi büdcəsi 9,6 milyon avro təşkil edir. Həmin məbləğin 1,1 milyonu artıq təmin edilib. Bildirilib ki, yanaşmalar ölkələr üzrə xüsusi olaraq təqdim edilib. Əvvəlki fəaliyyət proqramlarında insan hüquqlarının gücləndirilməsi istiqamətində bir sıra addımlar atılıb. Həmçinin bu sahədə ciddi nailiyyətlər qazanılıb. Qanunun aliliyi sahəsində də yeniliklər var. Ədliyyə Akademiyasında hakimlərin və digər hüquqşünasların insan hüquqları, o cümlədən Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi və tətbiqi sahəsində tədris tədbirləri həyata keçirilib.
Mariya Peyçinoviç Buriç, həmçinin yeni qanunların qəbulu və icrasının həqiqi dəyişiklərə səbəb olacağına inam ifadə edib. O, yeni Fəaliyyət Planında müasir çağırışlara uyğun tədbirlərin nəzərdə tutulduğunu deyərək birgə əməkdaşlıqda yeni sənədin uğurla icrasına nail olunacağına və Avropa Şurasının insan hüquqları, demokratiya və qanunun aliliyi kimi dəyərlərinə töhfə verəcəyinə əminliyini bildirib.
Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək Fəaliyyət Planının əhəmiyyətinə toxunub, onun mühüm prioritetlərindən olan ədliyyə və məhkəmə sahəsində ölkəmizdə həyata keçirilən islahatlardan bəhs edib.
Nazir bildirib ki, bütün Avropa üçün aktual olan məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı Azərbaycanda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl islahatlar aparılır. Üç il əvvəl imzalanmış məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair mühüm “yol xəritəsi” olan Fərman bu sahədə inqilabi dəyişikliklərə rəvac verib. Hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən şəffaf seçimi nəticəsində hakim korpusumuz 75 faiz yenilənib. Onların sırasında gənclərin üstünlük təşkil etməsi, həmçinin gender bərabərliyi baxımından qadınların sayının xeyli artması bizi sevindirir. Məhkəmə infrastrukturunun müasirləşdirilməsi və hi-tech məhkəmələrin yaradılması daim diqqətdə saxlanılaraq Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 35, o cümlədən təkcə ötən ildə 11 məhkəmə üçün yeni, müasir bina və komplekslərin istifadəyə verilib, onlar “Elektron məhkəmə” sistemi ilə təchiz olunub. Azərbaycanda tətbiq edilən elektron məhkəmə sistemi məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsində və şəffaflığın artırılmasında mühüm rol oynayır.
Fikrət Məmmədov penitensiar sistemin islahatının başqa bir xüsusi əhəmiyyət daşıyan istiqamət olduğunu vurğulayıb: “Hər bir cəmiyyətdə məhkumlarla davranışa münasibət ölkənin mədəni-sivil səviyyəsinin göstəricisidir. Təsadüfi deyil ki, dövlətimiz bu sahəyə böyük önəm verir. Bu günlərdə cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni müəssisələr istifadəyə verilib. Məhkumların hüquqlarının təminatına daim xüsusi önəm verən Prezident İlham Əliyev həmin müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olub”.
Ədliyyə naziri ölkəmizin humanizm ideyalarına sadiqliyindən, əfv və amnistiya aktlarının tətbiqindən danışıb, torpaqlarımızın Vətən müharibəsi nəticəsində işğaldan azad olunmasının ildönümü, 8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktının 17 mindən çox şəxsə tətbiq edilməklə əhatəliliyinə görə ən geniş olduğunu diqqətə çatdırıb. Eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə sıx əməkdaşlıq sayəsində penitensiar sistemdə vərəmlə mübarizədə olduqca yüksək nailiyyətlər qazanılıb. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə ki, təcrübəmizlə bölüşülməsi üçün Bakıda beynəlxalq statuslu Təlim Mərkəzi yaradıb və artıq onlarla dövlətin nümayəndələri nailiyyətlərimizdən bəhrələniblər.
Nazir yeni Fəaliyyət Planın da birgə səylər nəticəsində uğurla həyata keçirilərək demokratiyanın daha da inkişafına, insan hüquqlarının daha etibarlı təminatına, qanunun aliliyinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Prezident Administrasiyasının Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Həbib Mikayıllı deyib ki, Azərbaycan Avropa Şurası ilə qarşılıqlı hörmət və anlaşma əsasında əlaqələrini davam etdirir. O qeyd edib ki, Avropa Şurası Azərbaycan və Ermənistan arasında etibarlılığın artırılmasında xüsusi rol oynaya bilər. Beynəlxalq təşkilatlar Vətən müharibəsindən sonra Azərbaycan hökumətinin dəyişən ehtiyac və prioritetlərini nəzərə almalıdır. Mina təmizləmə məsələsi diqqət mərkəzində olmalıdır. Çünki bu problem məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasının qarşısını alır.
Sonra Fəaliyyət Planının ayrı-ayrı istiqamətləri üzrə təqdimat olub, geniş müzakirələr aparılıb. Çıxış edənlər tərəfindən Planın əhəmiyyəti, ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası, insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin təmin olunmasına dövlətimiz tərəfindən xüsusi diqqətin göstərilməsi vurğulanıb, sənədin bu sahədə Avropa Şurası və Azərbaycan arasında qarşılıqlı fəaliyyətin inkişafına əlavə təkan olacağına əminlik ifadə edilib.
Qeyd edək ki, Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı Nazirlər Komitəsi tərəfindən fevralın 16-da qəbul edilib. Plan insan hüquqları, qanunun aliliyi və demokratiya sahələrində Azərbaycan qanunvericiliyini, institutlarını və təcrübəsini Avropa Şurasının standartlarına daha da uyğunlaşdırmaq məqsədi daşıyan strateji proqramlaşdırma alətidir. Fəaliyyət Planı ölkənin Avropa Şurasına üzv dövlət kimi öz öhdəliklərinə əməl etmək səylərini dəstəkləmək məqsədi daşıyır. Həmçinin qanunvericiliyin Avropa və beynəlxalq standartlara uyğunlaşdırılmasına, institusional potensialın artırılmasına, qabaqcıl təcrübələrin tətbiqinə və Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Fəaliyyət Planı Avropa Şurasının qanuni orqanlarının və monitorinq orqanlarının əvvəlki qərar və tövsiyələrini, habelə milli islahat gündəliyini nəzərə alır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez