05-04-2022 | 18:13 827
Milli Məclisin aprelin 5-də keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib.
Bələdiyyələrlə bağlı hesabatı ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov təqdim edib.
Nazir müavini 2021-ci il ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və onların fəaliyyətinin təşkilinə kömək, metodoloji yardım sahəsində görülən işlər, yerli özünüidarəetmənin aktual problemləri və həlli istiqamətində təkliflər, qarşıda duran vəzifələr və s. barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan dövləti 2021-ci ildə də uğurla inkişaf edib, Prezident cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Ermənistan tərəfindən büsbütün darmadağın edilmiş doğma torpaqlarımızın yenidən dirçəldilməsi istiqamətində nəhəng bərpa-quruculuq işləri aparılıb.
Ötən dövr ərzində həmçinin, Vətən müharibəsi iştirakçılarının, xüsusilə şəhid ailələrinin və yaralıların qayğıları daim dövlətimizin diqqətində olub. Post-konflikt dövründə həyata keçirilən ardıcıl tədbirlərdə Azərbaycan bələdiyyələri də yaxından iştirak edib, şəhid ailələrinin və müharibə iştirakçılarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə müxtəlif yardımlar edilib.
2021-ci ildə respublikamızda aparılan hərtərəfli islahatlar çərçivəsində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə işlər görülüb, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə dövlət dəstəyi göstərilib.
Məruzədə vurğulanıb ki, ötən il ərzində 80 mindən çox bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, bələdiyyə fəaliyyəti ilə bağlı 4 mindən çox müraciətə baxılıb. Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı qanunvericiliyin tələblərinə zidd olan 3 mindən çox bələdiyyə aktının dəyişdirilməsi və ləğvi ilə bağlı təklif verilib, qəbul edilməyən təkliflərlə bağlı məhkəmələrdə iddia qaldırılıb.
Ədliyyə Nazirliyinin təklifləri və ya məhkəmə iddiaları əsasında bütövlükdə 9.100 hektarədək (2020-ci illə müqayisədə 11 % çox) torpaq sahəsinin, o cümlədən 6.800 hektardan çox örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib.
İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 27 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 15-i üzrə cinayət işi başlanılıb.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq vətəndaş müraciətlərinə xüsusi qayğı və həssaslıqla yanaşılması nəticəsində baxılmış müraciətlərin 300-ə yaxın, o cümlədən, xüsusi nəzarətdə saxlanılan şəhid ailə üzvlərinin, müharibə iştirakçılarının müraciətlərindən 100-ə qədəri təmin olunub.
V.Zahirov qeyd edib ki, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması məsələləri də xüsusi diqqətdə saxlanılıb. Yerli büdcənin əsas formalaşma mənbələrindən olan yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi sahəsində problemlərin aradan qaldırılması üzrə zəruri tədbirlər görülüb.
Belə ki, ötən il ərzində uçotdan kənarda qalan vergitutma obyektlərinin qeydiyyata alınması nəticəsində uçotda olan obyektlərin sayında əsaslı artım olub. Həyata keçirilmiş tədbirlər nəticəsində bələdiyyə büdcələrinə yalnız torpaq və əmlak vergisindən 2020-ci illə müqayisədə təxminən 3,5 milyon manat çox vəsait daxil olub.
Bələdiyyələr tərəfindən pul tələbinə dair inzibati aktların qəbulu və məcburi icraya yönəldilməsi halları 4 dəfə artıb, icra məmurları tərəfindən həmin aktlar üzrə 500 min manatdan çox vəsaitin yerli büdcələrə ödətdirilməsi təmin edilib. Bu sahədə müvafiq statistik məlumatların “Elektron icra” informasiya sistemi vasitəsilə operativ qaydada əldə olunması, həmçinin yerli vergilər üzrə icra sənədlərinin icrasına diqqətin artırılması məqsədilə Ədliyyə Nazirliyi Kollegiyasının müvafiq Qərarı ilə “İcra haqqında statistik hesabat” formalarına zəruri dəyişikliklər edilib.
V.Zahirov məruzədə yerli özünüidarəetmədə rəqəmsal infrastrukturunun təkmilləşdirilməsi üzrə nazirlik tərəfindən görülmüş işlər barədə də məlumat verib. Diqqətə çatdırılıb ki, artıq ölkə bələdiyyələrinin təxminən 70%-i kompüter avadanlığı ilə təmin olunub və internetə çıxışı təşkil edilib. Habelə sosial mediada fəallığın artırılması məqsədilə 57 rayon üzrə bələdiyyə sədrlərinin Əlaqələndirmə Şuralarının “facebook” səhifələri yaradılıb. 2020-ci ilin avqust ayından fəaliyyətə başlayan “bələdiyyələrlə iş portalı”ndan 870 bələdiyyənin (61%) istifadəsi təmin olunub.
Ədliyyə Nazirliyi tərəfindən göstərilən “Bələdiyyələr barədə məlumat əldə olunması” elektron xidməti vasitəsilə vətəndaşların bələdiyyələr və bələdiyyə üzvləri ilə yanaşı, eyni zamanda 3.500 nəfərə yaxın bələdiyyə qulluqçusu barədə də məlumat əldə etmək imkanı təmin edilib.
Vurğulanıb ki, 2021-ci ildə bələdiyyələrdə kadr peşəkarlığının artırılması üzrə 300-ə yaxın maarifçilik tədbiri həyata keçirilib, bu tədbirlərdə 3500-ə yaxın bələdiyyə nümayəndəsi iştirak edib. İl ərzində 29 metodik vəsait hazırlanaraq bələdiyyələrə çatdırılıb. Həmçinin bələdiyyə aktları, eləcə də müraciətlər əsasında aparılan araşdırmalar zamanı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 9 mindən çox tövsiyə göndərilib.
Habelə ötən ildə bələdiyyələrin milli assosiasiyaları ilə qarşılıqlı əlaqələr gücləndirilib, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri diqqətdə saxlanılıb.
2021-ci ildə Avropa Şurası Yerli və Regional
Hakimiyyətlər Konqresinin ölkəmizdə “Yerli özünüidarəetmə haqqında Avropa
Xartiyası”nda müəyyən edilmiş öhdəlik və vəzifələrin icra vəziyyəti ilə bağlı
növbəti monitorinq prosesində Ədliyyə Nazirliyinin yaxından iştirakı da qeyd
olunub.
Məruzə ilə əlaqədar Milli Məclisinin Regional məsələləri
komitəsinin sədri Səyavuş Novruzov və digər millət vəkilləri çıxış edərək məruzə ilə bağlı rəy və təkliflərini irəli
sürüblər. Müzakirələrdən sonra illik məruzə səsverməyə qoyularaq nəzərə alınıb.