19-04-2022 | 20:00 1508
Aprelin 19-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin hibrid formada geniş kollegiya iclası keçirilib. Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri və regional ədliyyə idarələrinin rəhbərləri iclasda videoformatda iştirak ediblər.
Kollegiyada ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu günlərdə keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə verdiyi tapşırıqlardan irəli gələn ədliyyə orqanlarının vəzifələri müzakirə olunub.
Çıxış edən nazir dövlət başçısının rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisini, hərtərəfli inkişafa xidmət edən mütərəqqi islahatları vurğulayıb, Vətən müharibəsində Böyük Qələbəmiz nəticəsində azad edilmiş doğma torpaqlarımızda ölkə başçısının rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə aparılan nəhəng bərpa və quruculuq işlərinin Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə, bütövlükdə ölkəmizin ümumi inkişafına və təhlükəsizliyinə xidmət etdiyini bildirib.
İclasda qarşıda duran ən mühüm vəzifənin işğaldan azad edilmiş ərazilərin bərpası olduğu vurğulanaraq bununla bağlı dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə orqanları tərəfindən fəaliyyətin mərkəzləşdirilmiş qaydada, aidiyyəti qurumlarla koordinasiyada həyata keçirilməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə geniş çatdırılması ilə bağlı tədbirlər müzakirə olunub.
Vətən müharibəsində torpaqlarımızın azad olunması ilə ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması, eyni zamanda sosial dövlətin yeni modelinin bərqərar olması, insanların yüksək sosial rifahının təmin edilməsi korrupsiyadan azad və şəffaf mühitin formalaşmasını şərtləndirib.
Kollegiyada dövlət başçısının qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı sərt mübarizə aparıldığı, bu sahədə həyata keçirilən tədbirlərin sistemli, kompleks və innovativ xarakteri ilə seçildiyi vurğulanaraq antikorrupsiya fəaliyyətinin davamlılığının təmin olunması məqsədilə ölkə Prezidentinin 04.04.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üzrə Milli Fəaliyyət Planı”nın müstəsna əhəmiyyəti qeyd olunub.
Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional islahatlar, dövlət idarəçiliyində şəffaflığın artırılması, vətəndaş məmnunluğuna nail olunması, ictimai iştirakçılığın təşviqi, innovativ və elektron xidmətlərin tətbiqi üzrə görülən tədbirlərdən danışılaraq Milli Fəaliyyət Planından irəli gələn ədliyyə orqanlarının vəzifələrinin icrası müzakirə edilib.
İclasda bu mühüm sənədin vaxtında və mütəşəkkil icrasının təmin edilməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaşlara göstərilən ədliyyə xidmətlərinin səmərəliliyinin artırılması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı tədbirlərin yekunlaşdırılması, korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsi, məhkəmə ekspertləri, sahibkarlıq subyektləri, eləcə də bələdiyyə nümayəndələri üçün treninqlərin və maarifləndirmə tədbirlərinin təşkili ilə bağlı və digər tapşırıqlar verilib, cari il üzrə əsas prioritetlərə dair tədbirlər müəyyən edilib.
Eyni zamanda beynəlxalq antikorrupsiya fəaliyyətinə mühüm önəm verilərək ədliyyə nazirinin vitse-prezidenti olduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının işinə ölkəmizin töhfələri qeyd edilib, bu sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı Milli Fəaliyyət Planından irəli gələn tapşırıqların icrası diqqətə çatdırılıb.
İclasda nazirliyin ikitərəfli və beynəlxalq təşkilatlarla əməkdaşlığına toxunularaq Gürcüstan ədliyyə nazirinin ötən ay Azərbaycana səfəri zamanı imzalanmış Əməkdaşlıq Memorandumunun implementasiyası ilə bağlı tədbirlər müəyyən edilib. Eyni zamanda bu ərəfədə geniş təqdimatı keçirilmiş və Ədliyyə Nazirliyinin əsas tərəfdaşlarından olan Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planında nəzərdə tutulan aidiyyəti tədbirlərin icrasının təşkili müzakirə edilib, konkret tapşırıqlar verilib.
Kollegiyada ədliyyə fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, əhaliyə göstərilən hüquqi xidmətlərin yaxşılaşdırılması, əlçatanlığın və vətəndaş məmnunluğunun təmin olunması məsələləri müzakirə olunaraq nazirliyin regional ədliyyə idarələrinin rolunun artırılmasına, yerli ədliyyə orqanları ilə əlaqəli işin və nəzarətin gücləndirilməsinə dair tədbirlər müəyyən edilib, insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılaraq yerlərdə qəbulların genişləndirilməsi ilə bağlı və digər aidiyyəti tapşırıqlar diqqətə çatdırılıb.
Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ sənəd layihələrinə baxılaraq təsdiq edilib, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan 40-dək qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb.