27-04-2022 | 20:00 708
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinin təmin edilməsi, xüsusilə ölkəmiz üçün ən mühüm prioritet olan Qarabağda və Şərqi Zəngəzurda görüləcək işlərin mərkəzləşdirilmiş qaydada aparılması, bərpa işlərinə ciddi mane olan ərazilərimizin minalardan təmizlənməsi və bu prosesə beynəlxalq təşkilatların cəlb olunması ilə bağlı tapşırıqlar verib.
Bununla bağlı görülən tədbirlər barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova AZƏRTAC-ın suallarını cavablandırıb.
– Xəbər verildiyi kimi, nazirliyin bu günlərdə keçirilən kollegiya iclasında dövlətimizin başçısının tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub, tədbirlər müəyyən edilib. Bu barədə nə deyə bilərsiniz?
– Qeyd etdiyiniz kimi, nazirliyin kollegiya iclası dövlətimizin başçısının 2022-ci ilin birinci rübünün yekunlarına dair müşavirədə verdiyi tapşırıqlara və yenicə təsdiq etdiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üzrə Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrasına həsr olunub.
Böyük Qələbə nəticəsində azad edilmiş torpaqlarımız dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə bərpa-quruculuq işləri aparılmaqla yenidən dirçəlir. Prezidentin vurğuladığı kimi, ərazilərimiz ancaq dövlətimizin gücü hesabına bərpa olunur. Bununla bağlı beynəlxalq təşkilatlar tərəfindən heç bir dəstək, yardım göstərilmir. Torpaqlarımız işğal dövründə ermənilər tərəfindən büsbütün dağıdılaraq minalanıb və bu da bərpa işlərinə çox ciddi maneə yaradır, vətəndaşlarımızın öz dədə-baba yurdlarına qayıdışını əngəlləyir, çoxsaylı insanların minaya düşərək həlak olmasına və ya xəsarət almasına səbəb olur.
Məlumdur ki, ərazilərin minalardan təmizlənməsi ilə bağlı xüsusi avadanlıq olsa da, bu sahədə yüksək peşəkar mütəxəssislərə ehtiyac var.
Bununla əlaqədar Prezident İlham Əliyev müşavirədə bu məsələdə kömək göstərilməsi, o cümlədən mütəxəssislərin ayrılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərin edilməsini tapşırıb.
Bu məqsədlə kollegiyada ədliyyə naziri Fikrət Məmmədov tərəfindən nazirliyin aidiyyəti strukturlarına verilmiş göstərişlərə uyğun olaraq tərəfdaşlıq etdiyimiz və birgə layihələr həyata keçirdiyimiz beynəlxalq təşkilatlara azad edilmiş ərazilərimizin bərpası işinə dəstək göstərilməsi ilə bağlı müraciətlər ünvanlanıb.
– Aynur xanım, həmin müraciətlər barədə ətraflı məlumat ictimaiyyət üçün maraqlı olardı...
– Müraciətlər UNICEF, Dünya Bankı, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Qlobal Fond, eləcə də ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (IRZ) və digər aidiyyəti beynəlxalq təşkilatlara ünvanlanıb.
Müraciətlərdə Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək doğma torpaqlarını 30 illik erməni işğalından azad etdiyi və bununla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirməklə ərazi bütövlüyümüzün bərpa olunduğu vurğulanıb, işğal dövründə bütün şəhər və kəndlərimizin, infrastrukturun darmadağın edildiyi, tarixi, mədəni və dini irsimizin tamamilə məhv olunduğu bildirilib.
Eyni zamanda, bu gün işğaldan azad edilmiş ərazilərimizin yalnız dövlətimizin iqtisadi gücü hesabına bərpa olunduğu qeyd edilib, tərəfdaşların diqqəti işğal dövründə ərazilərimizin minalanmasının bərpa prosesinə və bir milyona yaxın keçmiş məcburi köçkün soydaşlarımızın öz torpaqlarına qayıdışına ciddi mane yaratmasına, müharibədən sonra ölkəmizdə mina partlayışları nəticəsində 200-dən çox insanın həlak olmasına və ya ağır yaralanmasına cəlb edilib, torpaqlarımızın minalardan təmizlənməsi sahəsində peşəkar kadr çatışmazlığının olduğu diqqətə çatdırılıb.
Bununla əlaqədar nazirlik tərəfindən beynəlxalq təşkilatlar humanizmə və işğala məruz qalmış dövlətlərə öz torpaqlarının bərpasına dəstək göstərməklə bağlı mövcud beynəlxalq təcrübəyə əsaslanaraq post-münaqişə dövrünü yaşayan Azərbaycana biganə qalmamağa, ölkəmizə hər cür kömək göstərməyə, o cümlədən minatəmizləmə prosesinə mütəxəssislərin cəlb olunmasına çağırılıb.
Sonda müxtəlif sahələrdə mühüm layihələrin həyata keçirilməsində zəngin təcrübəsi olan qurumların bu sahədə dəstək göstərəcəklərinə ümidvarlıq ifadə olunaraq qeyd edilib ki, bu da insanların öz doğma torpaqlarına mümkün qədər tez qayıdışına, regionda davamlı sülh və sabitliyin bərqərar olmasına xidmət edəcək.
Məlumat üçün onu da bildirmək istərdim ki, nazirlik tərəfindən Vətən müharibəsi və postmünaqişə dövründə xarici ölkələrin ədliyyə nazirlərinə və nüfuzlu beynəlxalq təşkilatlara ümumilikdə 500-ə yaxın müraciət ünvanlanaraq, həmçinin BMT, Avropa Şurası və digər mötəbər qurumların təşkil etdiyi yüksək səviyyəli tədbirlərdə çıxışlar edilərək beynəlxalq ictimaiyyətin diqqəti ölkəmizə qarşı ikili standartlardan kənar olmağa, ədalət prinsipini rəhbər tutmağa cəlb olunub.