29-04-2022 | 17:08 443
Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə göstərilən metodoloji yardım və bələdiyyələr tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində həyata keçirilən maarifləndirmə tədbirləri davam etdirilir.
Tədbirlər çərçivəsində aprelin 29-da nazirliyin Bələdiyyələrlə iş mərkəzi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin rəhbərlərinin iştirakı ilə bələdiyyələr tərəfindən statistik hesabatların hazırlanması və təqdim olunmasına dair, həmçinin bələdiyyələrdə ictimai şuraların yaradılması ilə bağlı qanunvericiliyin tələbləri, bələdiyyələrdə kargüzarlıq və arxiv işinin aparılması qaydaları və bu zaman dövlət dilinin normalarına əməl olunması mövzularında onlayn formatda seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Elmin Həsənov gündəlikdə olan mövzular barədə məlumat verərək onların aktuallığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra bələdiyyələr tərəfindən statistik hesabatların hazırlanması, təqdim olunması, təsdiqlənmə qaydaları, bu sahədə mövcud çatışmazlıqlar, bələdiyyələrin fəaliyyətində ictimai iştirakçılıq, bu sahədə yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri, vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsinin prinsipləri və məqsədləri, həmçinin bələdiyyələrdə kargüzarlıq və arxiv işinin aparılması qaydaları, bu zaman dövlət dilinin normalarına əməl olunmasının vacibliyi və təcrübədə rast gəlinən nöqsanların qarşısının alınması barədə çıxışlar edilib.
Seminarda mövzular üzrə ətraflı müzakirələr aparılaraq tədbir iştirakçılarının sualları cavablandırılıb.
Sonda yerli özünüidarəetmə sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyin tələblərinə ciddi riayət olunması, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsinin vacibliyi bir daha bələdiyyələrə tövsiyə edilib.