IMAGE

Ümummilli lider Heydər Əliyevin doğum günü ədliyyə orqanlarında qeyd olunub

Mayın 10-u müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri daim yüksək fəxr hissi ilə qeyd olunaraq əziz xatirəsi hədsiz məhəbbətlə və böyük ehtiramla anılır.

Həmin gün Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq sonsuz ehtiramlarını bildiriblər. Həmçinin akademik Zərifə xanım Əliyevanın məzarı önünə tər çiçəklər düzülüb.

Sonra əbədiyaşar liderin nazirlikdəki büstü önünə gül səbəti qoyulub, əziz və işıqlı xatirəsi yad edilib.

Heydər Əliyev muzeyində keçirilən tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünün Böyük Qələbəmizin doğurduğu sevinc hissi ilə geniş qeyd edildiyini vurğulayıb, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan Ulu Öndərin şərəfli və mənalı həyat yolundan, zəngin dövlətçilik irsindən bəhs edib.

Bildirib ki, zaman keçdikcə dahi Heydər Əliyevin dövlət, millət qarşısında xidmətləri daha aydın görünür, həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev dühası hiss olunmasın. Ulu Öndər ölkəmizin an ağır günlərində hakimiyyətə qayıdaraq xalqımızı qısa müddətdə bəlalardan, təlatümlərdən qurtarmış, əmin-amanlığı, sabitliyi, qanunçuluğu bərqərar etmişdir. Demokratik hüquqi dövlət quruculuğu yolunu seçən Ümummilli Lider dövlətçiliyin möhkəm təməlini qoymuşdur.

Bu gün qlobal pandemiyaya, habelə müharibədən təzə çıxmağına baxmayaraq ölkəmiz Heydər Əliyev irsinin davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində uğurla inkişaf edir, ən parlaq dövrünü yaşayır.

Ulu Öndərin Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın, Şuşanın iqtisadi, sosial, mədəni cəhətdən inkişafına böyük diqqətini, bu bölgəyə səfərlərini xatırladan nazir Qarabağda erməni separatizminin qarşısının alınmasında mühüm xidmətlərini, torpaqlarımızın işğalı ilə heç zaman barışmayaraq ərazi bütövlüyümüzün təmin olunması istiqamətində yorulmaz fəaliyyətini qeyd edib. Ulu Öndər çıxışlarında hər zaman əminliklə deyirdi ki, torpaqlarımız işğaldan azad olunacaq və xalqımız öz dədə-baba yurdlarına qayıdacaq.

Nazir Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsində doğma torpaqlarımızın azad olunması ilə ata vəsiyyətini şərəflə yerinə yetirdiyini vurğulayıb. Qeyd edib ki, dövlətimizin başçısı ərazilərimizin bərpasına müstəsna əhəmiyyət verərək Qarabağ və Şərqi Zəngəzurda öz gücümüz hesabına, heç kəsdən yardım almadan nəhəng quruculuq işləri aparılır, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tarixi, dini və mədəni abidələrimizin bərpası ilə bağlı mühüm layihələr reallaşdırılır.

Ulu Öndər tərəfindən Qarabağ torpağında – Şuşada təməlini qoyduğu Vaqif Poeziya Günləri, Xarıbülbül festivalı kimi ənənələrin yenidən bərpa olunduğunu söyləyən nazir F.Məmmədov ötən ay Şuşada keçirilmiş soydaşlarımızı bir araya gətirən Dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının mühüm əhəmiyyətinə diqqət çəkərək bildirib ki, Ulu Öndər Naxçıvana rəhbərliyi dövründə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü müəyyən etmiş, təşəbbüskarlığı ilə 2001-ci ildə ilk qurultay keçirilmişdir.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bundan sonra da möhtəşəm qələbələrin şahid olacağına əminliyini ifadə edib.

Çıxış edən ədliyyə işçiləri ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində respublikamızın, o cümlədən Qarabağın hərtərəfli inkişafının təmin olunmasında, milli maraqlarımızın qorunmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında xidmətlərindən bəhs edib, Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində mühüm addımların atıldığını bildirib, torpaqlarımızın işğaldan azad olunmasından yüksək qürur duyduqlarını vurğulayıblar.

Nazirliyin gənc əməkdaşı çıxış edərək Azərbaycan gəncliyinin hərtərəfli inkişafının, dövlət gənclər siyasətinin formalaşmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib, gənclərə daim qayğı ilə yanaşan Ulu Öndər tərəfindən bu sahədə mühüm qanunvericilik və institusional tədbirlər həyata keçirildiyini, Azərbaycan Gənclərinin I Forumunu və Ümummilli Liderin Sərəncamı ilə Gənclər Gününün təsis olunduğunu bildirib.

Bu gün ölkəmizdə sağlam düşüncəli, mənəvi cəhətdən saf və dövlətçilik ideyalarına sadiq, vətənpərvər ruhlu yeni nəsil formalaşdığını, könüllülük hərəkatının geniş vüsət aldığı qeyd edilib, ədliyyə işçilərinin Ulu Öndərin dövlətçiliyə sədaqət və vətənpərvərlik kimi yüksək amallarına daim sadiq qalaraq, Vətənimizin hərtərəfli tərəqqisi naminə ölkə Prezidentinin ətrafında sıx birləşərək var qüvvələri ilə çalışmaq əzmində olduqları vurğulanıb.

Tədbirdə dahi rəhbərin işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı qeyd olunub.

Ulu Öndərin doğum günü münasibətilə ədliyyə orqanlarında silsilə tədbirlər keçirilib, o cümlədən növbəti müsabiqədə uğur qazanmış namizədlər qulluğa qəbul olunub, ədliyyə işçiləri tərəfindən Milli Məclisin Regional məsələlər komitəsi və Bələdiyyələrin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə keçirilmiş “Tarix yazan imza” mövzusunda videoformatda konfransda çıxışlar edilib.

Gənc ədliyyə işçiləri və könüllüləri ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” mövzusunda Ədliyyə Akademiyasında yığıncaq keçirilib, nazirlikdə Ulu Öndərin adını daşıyan muzeylə tanışlıq olub.

Dahi şəxsiyyətin xalqımız qarşısında misilsiz xidmətləri ilə bağlı nazirliyin təlim və tədris müəssisələrində xüsusi mövzular tədris olunub, idman yarışı keçirilib, kinozalda filmlər, eləcə də foto və video slaydlar izlənilib, mətbuatda çıxışlar edilib, sosial şəbəkə səhifələrində materiallar paylaşılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez