IMAGE

Notarius vəzifələri üzrə müsabiqədə iştirak edən namizədlərlə test imtahanı keçirilmişdir

Ədliyyə Nazirliyinin Mətbuat xidməti bildirir ki, bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə elan olunmuş müsabiqə üzrə may ayının 24-də növbəti test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzi ilə birlikdə namizədlərlə fərdi qaydada, kompüter vasitəsilə keçirilmiş test imtahanını vətəndaş cəmiyyətinin nümayəndələri izləyiblər.

İmtahanın keçirilməsi qaydalarına uyğun olaraq, test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.

67 nəfərin iştirak etdiyi imtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub və yekuna görə mümkün 90 baldan 55 və ya daha artıq bal toplayan 41 nəfər müvəffəqiyyət qazanıb. Uğur qazanmış namizədlərin siyahısı nazirliyin (www.justice.gov.az) və DİM-in ( www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.

Bildirilir ki, qanunvericiliyin tələblərinə əsasən test imtahanında zəruri keçid balını toplamış hüquqşünaslar ikinci mərhələyə - müsahibəyə buraxılır və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Müsahibənin keçirilmə vaxtı və yeri barədə məlumat veriləcəkdir.

Əlavə informasiyanı nazirliyin internet səhifəsindən, habelə (012) 404-42-19, (012) 404-42-28 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez