13-11-2012 | 04:02 966
Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ilk dövrlərindən ədalət mühakiməsinin səmərəsinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə 2004-cü ildən etibarən məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmışdır.
Bu məqsədlə yeni qanunvericilik bazası yaradılmış, hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinin təkmil əsasları təsbit olunmuş, korrupsiya hallarının qarşısının alınması üçün hakimlər tərəfindən vətəndaşların qəbulu qadağan olunmuş, onların seçiminin avropada ən mütərəqqi qaydaları müəyyən edilmişdir. Əhalinin məhkəmələrə çatımlığının yaxşılaşdırılması məqsədilə təkcə son 2 ildə 12 yeni regional məhkəmə yaradılmış, hakimlərin sayı 2 dəfə artırılmışdır.
Azərbaycanda aparılan məhkəmə islahatları nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdir edilir və dəstəklənir. Aparılan islahatların tərəqqisini və uğurlu nəticələrini görən Dünya Bankı maliyyə və texniki dəstəyin göstərilməsinə dair təşəbbüs irəli sürmüş və bu sahədə "Ədliyyə sisteminin müasirləşdirilməsi" birgə Layihəsinin icrasına başlanılmışdır.
Layihə çərçivəsində 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, ötən il Oğuz, bu il isə Bakı şəhəri Yasamal, Gəncə şəhəri Nizami, Gədəbəy rayon məhkəmələri üçün yeni binaların inşası başa çatdırılmış, habelə tərkibində bir neçə məhkəmənin fəaliyyət göstərəcəyi Sabunçu və Şəki məhkəmə komplekslərinin, Quba Rayon məhkəməsi üçün yeni binanın inşasına başlanılmışdır.
Qeyd olunmalıdır ki, bütün binaların layihələri Azərbaycanda xüsusi işlənilmiş və dünyada analoqu olmayan unikal proqram təminatı vasitəsilə hazırlanmışdır. Həmin proqram əhalinin və hakimlərin sayını, iş yükünün həcmini, habelə ayrılmış torpaq sahəsini nəzərə alaraq dərhal layihəni təqdim edir.
Noyabrın 13-də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin milli memarlıq üslubunda müasir standartlara uyğun inşa edilmiş yeni inzibati binasının açılışı olmuşdur. Prezident İlham Əliyev məhkəmə binasının açılışında iştirak etmişdir.
Respublikamızın birinci instansiya məhkəmələri içərisində ən böyük və ən çox iş yükü olmaqla, 300 minədək əhaliyə xidmət göstərən Yasamal Rayon Məhkəməsində ildə 13 minə yaxın mülki, cinayət, inzibati xəta və prosessual məcburiyyət tədbirləri barədə işlərə baxılır.
Ümumi sahəsi 7.672,4 kvadratmetr olan dördmərtəbəli yeni inzibati binanın inşasına 2010-cu ilin martında başlanmışdır. Binanın ərazisinə transformator yarımstansiyası, qazanxana, yeraltı yanğın və içməli su anbarları, nasosxana, gözətçi otağı, dayanacaq daxildir. Bina həmçinin, mərkəzi kondisioner, havalandırma, isitmə, işıqlandırma, su yanğın söndürmə, qaz yanğın söndürmə və yanğın xəbərverici sistemləri ilə təchiz olunmuşdur. Bundan əlavə binada konfrans və iclas zalları, kitabxana/təlim otağı, arxivlər, maddi sübutlar otağı, təqsirləndirilən şəxslərin müvəqqəti saxlanması üçün kameralar, konvoy maşını üçün dayanacaq və s. sahələr mövcuddur.
Binada təhlükəsizliyin etibarlı təmin olunması məqsədilə müasir tipli 60 ədəd İP təhlükəsizlik kamerası, elektron metal aşkarlayıcısı, rentgen çanta yoxlayan qurğu və turniketlər quraşdırılmış, girişdə məhkəməyə gələn şəxslərin mobil telefonları və böyük həcmli çantalarının saxlanması üçün dolablar yerləşdirilmişdir.
Vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumatlılığın təmin edilməsi və şəffaf xidmətlərin geniş tətbiqi məqsədilə binanın birinci mərtəbəsində ilk dəfə olaraq müasir elektron məlumat daşıyıcıları, o cümlədən məlumat məntəqəsi, məlumat kiosku, iki ədəd tavanda yerləşdirilmiş böyük ölçülü ekran və məhkəmə zalının girişində divarda asılmış xüsusi monitor yaradılmışdır ki, bu da vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etməyə imkan yaradır. Həmçinin, vətəndaşlara bank, tibb xidmətindən və çay otağından istifadə etmək üçün əlverişli şərait yaradılmış, habelə məhkəmə zallarına qalxmaq üçün müasir lift və eskalatorlar quraşdırılmışdır.
Dövlətimizin başçısı Bakıda birinci instansiya məhkəməsi üçün inşa edilmiş ilk ixtisaslaşmış binanın açılışını bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, Yasamal Rayon Məhkəməsinin bir çox yeniliklərlə, o cümlədən müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə fərqlənən yeni binası inzibati və ictimai zonalara bölünür və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçısı və vəkillər ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər. Binada daimi fəaliyyət göstərən 2 qurum - rayon məhkəməsi və icra şöbəsi yerləşir.
Binanın birinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən stend quraşdırılmışdır.
Prezident İlham Əliyev Yasamal rayon, Gəncə şəhəri Nizami rayon, Gədəbəy rayon məhkəmələrinin köhnə və yeni binalarının, eləcə də Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində hazırlanmış müasir məhkəmə kompleksinin layihələrini əks etdirən stendlərə baxdı.
Dövlət başçısına məlumat verildi ki, Ədliyyə Nazirliyi Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası ilə sıx əməkdaşlıq edir. Belə ki, ötən il qurumun plenar iclasında Azərbaycanın hakimliyə namizədlərin seçimi proseduru müsbət nümunə kimi qiymətləndirilmiş və bu təcrübə digər Avropa ölkələrinə tövsiyə edilmişdir. Sentyabrda Vyanada Avropa ədliyyə nazirlərinin 31-ci konfransı zamanı isə bütün Avropa dövlətlərinin məhkəmə sistemlərinin təhlili üzrə hazırlanan hesabatın təqdimatı keçirilmişdir. Hesabatda qeyd olunmuşdur ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı məhkəmə-hüquq islahatlarının dərinləşməsi, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələrin həyata keçirilməsi, xüsusilə məhkəmə binalarının layihələndirilməsi üçün vahid konsepsiyanın hazırlanması, müasir məhkəmə komplekslərinin inşası, məhkəmələrdə mütərəqqi informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə sərmayələrin qoyulması ilə nəticələnmişdir.
Diqqətə çatdırıldı ki, BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq Yasamal Rayon Məhkəməsinin binasında əlillərin sərbəst hərəkəti üçün də bütün şərait yaradılmışdır. Girişdə əlillərin daxil olması üçün qaldırıcı qurğu quraşdırılmış, korların sərbəst hərəkəti üçün birinci mərtəbənin döşəməsinə xüsusi örtüklər vurulmuş və ictimai zonada bütün otaqların adlarını əks etdirən lövhələrdə korlar üçün də yazılar tətbiq olunmuşdur.
Binanın məhkəmə zallarının biri ilə tanışlıq zamanı məlumat verildi ki, burada əsasən cinayət və zəruri olduğu hallarda digər işlərə baxılır. Zalın qarşısında məhkəmə proses iştirakçıları üçün bütün zəruri şərait yaradılmış, vəkillər, dövlət ittihamçıları, şahidlər və icra məmurları üçün otaqlar ayrılmışdır.
İnformasiya texnologiyalarının tətbiqi baxımından ölkəmizdə analoqu olmayan bu məhkəmə zalında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün bütün zəruri infrastruktur yaradılmış, habelə müasir tipli İP təhlükəsizlik kameraları quraşdırılmışdır. Zalda həmçinin, təqsirləndirilən şəxslər dəmir barmaqlıqlar arxasında deyil, beynəlxalq standartlara uyğun xüsusi ayrılmış şüşə otaqda saxlanılır. Onların vəkillə birbaşa əlaqə saxlanması üçün müvafiq qurğu da quraşdırılmışdır. Məhkəmə zalında əcnəbi şəxslərin iştirakı ilə işlərə baxılan zaman tərcüməçi xidmətlərinin göstərilməsi üçün xüsusi yer ayrılmış və avadanlıqlar quraşdırılmışdır.
Bildirildi ki, binanın zirzəmisində təqsirləndirilən şəxslər üçün bütün zəruri şərait yaradılmış, onların məhkəmə prosesinə gətirilməsi üçün ayrıca xüsusi təhlükəsizlik vasitələrlə təchiz olunmuş lift quraşdırılmışdır. Mühafizə otağı, məhkəmənin arxivi, dəftərxana xidməti və icra şöbəsinin işi də müasir tələblər səviyyəsində qurulmuşdur.
Prezident İlham Əliyev binanın ikinci mərtəbəsində mülki məhkəmə zalı ilə də tanış oldu. Dövlət başçısına inzibati zonada hakimlər və məhkəmə aparatı işçiləri üçün yaradılmış şərait barədə məlumat verildi.
Binanın dördüncü mərtəbəsində yerləşən müasir konfrans zalı ilə tanışlıq zamanı dövlət başçısının diqqətinə çatdırıldı ki, ən son texnologiyaya əsaslanan avadanlıqla təchiz edilmiş konfrans zalında hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, müşavirələrinə, toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı da yaradılmışdır. Həmçinin, məhkəmə sədrinin otağında quraşdırılmış və ölkəmizdə ilk dəfə olaraq tətbiq olunan "Bloostar" adlı video konfrans telefon sistemi vasitəsi ilə 6 qurum rəhbəri ilə eyni vaxtda video müzakirələr aparmaq mümkündür.
Sonra Dünya Bankı ilə birgə həyata keçirilən Layihə çərçivəsində respublikamızın əlavə üç bölgəsində yeni inşa olunmuş Gədəbəy, Oğuz, Gəncə Şəhəri Nizami Rayon məhkəmələri ilə videobağlantı yaradıldı və həmin regionun hakimləri ilə canlı danışıqlar aparıldı.
Dövlət başçısı Yasamal Rayon Məhkəməsinin yeni binasında yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.