IMAGE

Ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsinə dair tədbir keçirilib

Ədliyyə Nazirliyinin, UNICEF-in və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə mayın 31-də Bakıda “Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova cəmiyyətimizin ən həssas və kövrək təbəqəsi olan uşaqların hüquqlarının qorunmasına Azərbaycan dövləti tərəfindən daim ciddi münasibət bəslənildiyini qeyd edib: “Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir, bu istiqamətdə ardıcıl mühüm addımlar atılaraq kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görülür. Daim dövlət qayğısı ilə əhatə olunan uşaqların firavan və sağlam, yüksək mənəvi-əxlaqi mühitdə layiqli şəxsiyyət kimi yetkinləşməsi istiqamətində çoxşaxəli təşəbbüslərin uğurla həyata keçirilməsində respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mühüm fəaliyyəti xüsusi qeyd olunmalıdır. UNICEF və Mediasiya Şurası ilə birgə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş mediasiya prosesləri zamanı ailə münasibətlərinin həllində uşaq hüquqlarının müdafiəsi mövzusunda tədbirin keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir”.

Sonra çıxış edən UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi Aleks Haykens hər bir uşağın müdafiə olunma və qayğı hüququnun olduğunu deyib. O qeyd edib ki, uşaqlar zorakılıq, istismar kimi hallardan qorunmalıdırlar: “Uşaqların ailə üzvləri ilə münasibətlərinin qırılması zamanı belə hallar yaşanır. UNICEF belə hallarla mübarizə apararaq uşaqların hüquqlarının pozulmasının qarşısını almağa çalışır. Onların hüquqlarının qorunması üçün əlimizdən gələni edirik. Bu sahədə tədbirlərin həyata keçirilməsi üçün UNICEF Azərbaycanda aidiyyəti qurumlarla sıx əməkdaşlığı davam etdirir. Düşünürük ki, bu istiqamətdə müxtəlif layihələrin hazırlanıb həyata keçirilməsinə diqqət göstərilməlidir”.

İnsan hüquqları üzrə müvəkkili (ombudsmanı) Səbinə Əliyeva vurğulayıb ki, mediasiya uşaqların istəklərinə cavab verməlidir: "Boşanmalar bir çox hallarda adi hala çevrilir ki, bu da qəbuledilməzdir. Tərəflərin hüquqazidd hərəkətlər etmələri ilə tez-tez qarşılaşırıq. Belə hallar çox zaman uşağın kimdə qalması, harada yaşaması, həmçinin aliment hüququ ilə bağlı olur”. O qeyd edib ki, nikahların sayı iki dəfə azalsa da, boşanma hallarının göstəricisi dəyişmir. Qeyri-rəsmi nikahların sayının da az olmadığına diqqət çəkən ombudsman belə ailələrdə doğulan uşaqların taleyinin risk altında olduğunu vurğulayıb.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ailədə baş verən mübahisələr nəticəsində uşaqlarda depressiya, davranış pozğunluğunun yarandığını diqqətə çatdırıb: “Araşdırmalar sübut edir ki, ailədaxili münaqişələr, mübahisələr oğlan və qız övladlarına fərqli təsir göstərir. Bu hallar qızlara mənəvi cəhətdən təsir edirsə, oğlanlarda davranış pozğunluğuna yol açır. Şübhəsiz, bu kimi hallarda valideynlər diqqətli olmalıdırlar. Boşanma zamanı onlar bunu nəzərə almalıdırlar. Gələcəyimiz olan uşaqların hərtərəfli yetişməsi üçün əlimizdən gələni etməliyik. Uşaqların sağlam, savadlı olması hər birimizdən asılıdır".

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov UNICEF və Vəkillər Kollegiyası arasında uşaq hüquqlarının müdafiəsi sahəsində 2020-ci ildə imzalanan əməkdaşlıq çərçivəsində tədbirlərin həyata keçirildiyini bildirib. O qeyd edib ki, əməkdaşlıq çərçivəsində uşaqlara pulsuz yardım göstərilib. Ölkəmizdə ehtiyacı olan şəxslərin ödənişsiz hüquqi yardımlara əlçatanlığının olması yaxşı olardı.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında ilk beş ayda quruma uşaq tələbi ilə bağlı 110 müraciət daxil olduğunu deyib. O qeyd edib ki, bəzi hallarda uşağın zorla qarşı tərəflə görüşdürülməsi və himayəyə verilməsi hallarına da rast gəlinib. A.Sofiyeva sənədlərin icrası zamanı bəzən uşaqların psixi-emosional vəziyyətinin düzgün qiymətləndirilməməsi hallarının aşkarlandığını vurğulayıb. O diqqətə çatdırıb ki, uşaqların mənafeyi ilə bağlı məsələlərin həssaslığı, xüsusən nəzərə alınmalı, qeyri-hökumət təşkilatları və dövlət qurumları, eləcə də bu sahədə məşğul olan mütəxəssislərlə qarşılıqlı iş görülməlidir.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Bakıda fəaliyyət göstərən 15 mediasiya təşkilatına 10 min 197 müraciət daxil olduğunu bildirib. O deyib ki, Mediasiya Təşkilatları olmayan regionlar üzrə Şura tərəfindən bölünən işlərin və o cümlədən mediasiya təşkilatı olan regionlarda mediasiya təşkilatı tərəfindən bölünən ümumi işlərin sayı 15 min 18 olub: “Burada ailə mübahisəsi 12 min 872, kommersiya mübahisəsi 1550, əmək mübahisəsi 596 olub. Mediasiya Şurasına regionlardan daxil olan müraciətlərin sayı 4 min 821 olub. Ailə müraciətlərinin sayı 4 min 238, kommersiya müraciətlərinin sayı 379, əmək müraciətlərinin sayı isə 104 olub”. O qeyd edib ki, bu ilin 5 ayında 568 barışıq sazişi olub. Bunun 478-i ailə münaqişələrinin, 124-ü kommersiya, 101-i əmək münasibətlərində əldə olunub.

Sonra uşaq hüquqlarının müdafiəsi məsələlərində mediasiya islahatlarının önəmi ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə dövlət orqanlarının nümayəndələri, hakimlər, mediatorlar, vəkillər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib, təkliflər veriblər.

Tədbirdə uşaqların maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələrdə onların normal böyümələrinə və inkişafına təhlükə yaradan amillər müzakirə olunub, suallar cavablandırılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez