08-06-2022 | 15:00 692
18 İyun – İnsan Hüquqları Günü münasibətilə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək ölkəmizdə “İnsan hüquqları aylığı” elan olunub. Aylıq çərçivəsində iyunun 8-də Ədliyyə Nazirliyi tərəfindən ombudsmanın və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə Yasamal Rayon Məhkəməsinin inzibati binasında “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin, Ombudsman Aparatının, Məhkəmə-Hüquq Şurasının, Medianın İnkişafı Agentliyinin (MEDİA), Mediasiya Şurasının, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının rəhbər şəxsləri, məhkəmə sədrləri və məhkəmələrdə media ilə əlaqələrə məsul spiker-hakimlər, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri, vətəndaş cəmiyyəti və media mənsubları iştirak ediblər.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova dəyirmi masada çıxış edərək insan hüquq və azadlıqlarının qorunmasının dövlətimizin ali məqsədi olduğunu bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də imzaladığı Sərəncamla təsdiq olunmuş Dövlət Proqramı bu sahədə ilk fundamental sənəddir. Ölkəmizdə bu sahədə mühüm qanunvericilik və institusional islahatlar aparılıb, müasir müstəqil məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılıb, vətəndaş cəmiyyətinin, medianın fəaliyyəti genişlənib.
A.Sabitova diqqətə çatdırıb ki, Dövlət Proqramının fəlsəfəsi sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilib. Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət planlarının qəbul olunması hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasına mühüm töhfə verib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxışında bəzən mediada insan hüquqlarının pozulması hallarına rast gəlindiyini bildirib. Diqqətə çatdırıb ki, bəzi hallarda mediada azyaşlıların adlarının və fotolarının təqdim olunması ilə uşaqların hüquqları pozulur. A.Səfixanlı, həmçinin cinsi ayrı-seçkilik hallarına da rast gəlindiyini vurğulayaraq, belə hallara yol verən şəxslər barəsində müvafiq tədbirlərin görüldüyünü deyib.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli son zamanlar Ədliyyə Nazirliyi ilə media nümayəndələri arasında sıx təmas yaranmasını təqdirəlayiq hal kimi qiymətləndirib. O qeyd edib ki, hazırda Azərbaycanda yeni informasiya mühiti formalaşıb, bu il fevralın 8-də “Media haqqında” qanun qüvvəyə minib. Qanunun 5-ci bəndi media azadlığını ehtiva edir. Qanunun 6-cı maddəsində peşə fəaliyyətini yerinə yetirərkən media nümayəndələrinə hər hansı maneənin yaradılmasını qadağan edir.
N.Məmmədli MEDİA-nın bu istiqamətdə müxtəlif tövsiyələr hazırlayaraq redaksiyalara göndərdiyini və peşə davranış qaydalarına əməl edildiyini diqqətə çatdırıb.
Digər çıxış edənlər demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan Azərbaycanda bu sahədə görülən ardıcıl və məqsədyönlü tədbirlərdən danışıblar.
Dəyirmi masada əsas vəzifəsi insan hüquqlarının təmin edilməsi olan məhkəmə hakimiyyətinin və hüquq-mühafizə orqanlarının fəaliyyətinə ictimai marağın böyük olduğu vurğulanıb. Media ilə əməkdaşlığın genişləndirilməsi, media tərəfindən məhkəmə prosesinə müdaxilə etmədən fəaliyyətin obyektiv və qərəzsiz işıqlandırılması, əhalinin mütəmadi dolğun məlumatlandırılması məsələləri müzakirə olunub, təkliflər səsləndirilib.
Tədbir müzakirələrlə davam edib.