14-06-2022 | 17:40 938
Xalqımızın və müstəqil dövlətimizin xilasının başlanğıcı olan 15 İyun – Milli Qurtuluş Günü respublikamızda geniş qeyd olunur. Məhz həmin gündə ümummilli lider Heydər Əliyev xalqın çağırışı ilə ölkə rəhbərliyinə qayıdaraq misilsiz fədakarlıqla milli dövlətçiliyimizi məhv olmaqdan xilas edib, müstəqilliyimizin dönməzliyini və ölkəmizin gələcək inkişafını təmin edib.
Bu əziz bayram münasibətilə ədliyyə orqanlarında silsilə tədbirlər təşkil edilib, ulu öndər Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyularaq, əziz və işıqlı xatirəsi dərin ehtiramla yad olunub.
Ədliyyə naziri Fikrət Məmmədov ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətlərindən, xilaskarlıq missiyasından bəhs edib, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq qələbə qazanan ölkəmizin bu gün özünün ən qüdrətli dövrünü yaşadığını vurğulayıb.
Bildirib ki, müqəddəs torpaqlarımızı azad etməklə dahi öndərin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirən dövlət başçısının rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə ərazilərimizin sürətlə bərpası xalqımızın öz doğma yurd-yuvalarına tezliklə qayıdışına təminat verir.
Tədbirlər çərçivəsində gənc ədliyyə işçiləri və könüllüləri ilə Ədliyyə Akademiyasında “Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin memarıdır” mövzusunda görüş keçirilib. Görüşə dəvət olunmuş Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov müstəqil dövlətimizin qurtuluş tarixi, Heydər Əliyevin xilaskarlıq missiyası barədə məruzə ilə çıxış edib, Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin qorunub möhkəmləndiyini, dövlətlə xalqın birliyinin təmin edildiyini, demokratik hüquqi dövlətin qurulduğunu vurğulayıb.
Çıxış edənlər Ulu Öndərin dövlətçilik amallarına daim sadiq qalacaqlarını, dahi öndərin işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyiblər.
Bayram ərəfəsində gənc ədliyyə işçiləri və könülləri Heydər Əliyev Mərkəzini ziyarət edərək Ulu Öndərin mənalı ömrünə və titanik fəaliyyətinə həsr olunan zəngin ekspozisiyalar və sərgilərlə tanış olublar.
Milli Qurtuluş Günü Ədliyyə Nazirliyinin struktur qurumlarında, habelə məhkəmələrdə qeyd olunub, bayramla bağlı nazirliyin Heydər Əliyev muzeyində zəngin və maraqlı ekspozisiyalar, kinozalda filmlər, eləcə də foto və video slaydlar nümayiş etdirilib, saytda yaradılmış əbədiyaşar liderlə bağlı xüsusi bölmədə, sosial media hesablarında Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən materiallar paylaşılıb, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilib.