IMAGE

Avropa Şurası ölkəmizdə aparılan mütərəqqi islahatlara dəstək göstərməyə hazırdır

İyunun 16-da ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun (GR-DEM) nümayəndələri ilə görüşüb.

Avropa Şurası ilə səmərəli əməkdaşlığı vurğulayan nazir Azərbaycana səfərlərini işğaldan azad edilmiş Ağdam rayonundan başlayan qonaqlara ölkəmizə göstərilən diqqətə görə təşəkkürünü bildirib, respublikamızın hərtərəfli inkişafı prosesindən, xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbə nəticəsində azad edilmiş ərazilərimizin bərpası ilə bağlı görülən tədbirlərdən danışıb, bu prosesə əngəl törədən torpaqlarımızın işğal dövründə büsbütün dağıdılaraq minalandığını xüsusilə qeyd edib.

Dövlət başçısının ərazilərimizin minalardan təmizlənməsi prosesinə beynəlxalq təşkilatların cəlb olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müvafiq müraciətlər olunur. Bu çağırışların davamı olaraq Avropa Şurasının təmsilçiləri ilə görüşdə də qonaqlara humanitar minatəmizləmə məsələləri ilə bağlı məlumatlardan ibarət hazırlanmış xüsusi broşür təqdim olunaraq bildirilib ki, bu sahədə beynəlxalq təşkilatların köməyi insanların həyat və sağlamlığının qorunmasına, keçmiş məcburi köçkünlərimizin öz doğma torpaqlarına daha tez qayıdışına əlavə rəvac olar.

Azərbaycana səfərlərinin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını ifadə edən qonaqlar səfərin məqsədinin Avropa Şurasının 2022-2025-ci illər üçün birgə Fəaliyyət Planının icrası və digər tələb olunan ehtiyaclar üzrə Azərbaycana yardım etmək olduğunu bildirərək bu məqsədlə əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

Görüşdə Avropa Şurası ilə Azərbaycan arasında ötən dövrdə birgə fəaliyyət planlarının uğurla icra edildiyi bildirilib, yeni qəbul olunmuş müasir çağırışlara uyğun tədbirləri nəzərdə tutan və Ədliyyə Nazirliyinin əsas tərəfdaşlardan olduğu növbəti Fəaliyyət Planının Avropa Şurasının Baş katibi xanım Mariya Buriç ilə birgə geniş ictimai təqdimatının keçirildiyi qeyd olunaraq, Planın mühüm prioritetlərindən olan məhkəmə-hüquq islahatlarına maraq göstərilib.

Nazir dövlət başçısının rəhbərliyi ilə məhkəmə sistemində aparılan islahatlar – qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmələrin müstəqil özünüidarə fəaliyyəti, hakimlərin Avropa Şurası tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, onların və hakimliyə namizədlərin tədrisi, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə treninq səfərləri, Dünya Bankının iştirakı ilə yüksək texnoloji (hi-tech) məhkəmələrin yaradılması, “Elektron məhkəmə” sisteminin tətbiqi barədə ətraflı məlumat verib.

Eyni zamanda son illər cəza siyasətinin humanistləşdirilməsi, penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlər diqqətə çatdırılaraq cəmiyyətin həssas qrupu olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni müasir penitensiar müəssisələrin istismara verildiyi qeyd olunub, penitensiar müəssisələrdə vərəmlə mübarizə sahəsində müsbət təcrübəmizlə bölüşülüb.

GR-DEM-in sədri Martin Ehnberq 20 ildən çoxdur ki Avropa Şurasına üzv olan Azərbaycanın ədliyyə və məhkəmə sahəsində aparılan və beynəlxalq aləmdə təqdir olunan islahatları yüksək qiymətləndirib, səfər zamanı Azərbaycan brendi olan, ədliyyənin müxtəlif xidmətlər göstərdiyi “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanışlıqdan heyranlığını ifadə edib.

Görüşdə əməkdaşlığın perspektivləri və maraq doğuran digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Tədbirdə Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş və ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak ediblər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez