16-11-2012 | 04:02 993
Ədliyyə sistemində aparılan islahatlar çərçivəsində ədliyyə orqanlarına qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi mexanizmləri təkmilləşdirilmiş, qəbul prosesində ictimaiyyətin iştirakı genişləndirilmiş, namizədlərin potensialının, bilik və bacarıqlarının layiqincə qiymətləndirilərək, peşəkar kadrların seçilməsi üzrə zəruri tədbirlər görülür.
Davamlı xarakter alan qulluğa qəbul zamanı elektron xidmətlərin tətbiqi, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi, imtahan prosesinin internetdə onlayn rejimdə yayımlanması və nəticələrinin namizədlərin iştirakı ilə yerindəcə yoxlanılaraq elan olunması geniş ictimaiyyət tərəfindən yüksək təqdir olunur.
Növbəti seçim prosesində uğur qazanaraq ədliyyənin müxtəlif sahələrinə təyinat alan 100 nəfərə yaxın gənc hüquqşünas, xaricdə təhsil almış müdavim, psixoloq və həkimlərlə ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində Ədliyyə Nazirliyi rəhbərliyinin görüşü keçirilmişdir.
Gənclər əvvəlcə Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə gül dəstəsi düzmüş, dahi öndərin əziz xatirəsini ehtiramla anmışlar.
Ədliyyə Nazirliyində keçirilmiş tədbirdə nazir Fikrət Məmmədov çıxış edərək ulu öndərin inkişaf strategiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi üzrə görülən işlərdən ətraflı danışmış, bu günlərdə dövlət başçısının Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirakı zamanı verdiyi tapşırıqlardan bəhs etmiş, dövlət qulluğuna qəbul olunan hər bir şəxsdən məsuliyyət, insanlara qayğılı münasibət göstərilməsi kimi əsas meyarların tələb olunduğunu diqqətə çatdırmış, stajorlara vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyələrini vermişdir.
Çıxış edən gənclər peşə bayramı ərəfəsində qulluğa qəbul olunmalarından yüksək qürur hissi keçirdiklərini, ölkə rəhbərliyi tərəfindən hər bir şəxsin dövlət idarəçiliyi sistemində çalışmaq istəklərini həyata keçirmək üçün şəffaf üsulların yaradılmasını dərin minnətdarlıq hissi ilə vurğulamış, keçirilmiş müsabiqənin yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürlərini bildirmiş, gələcək fəaliyyətlərində dövlət başçısının yüksək tələblərini daim rəhbər tutacaqlarına söz vermişlər.
Sonda qulluğa qəbul olunanlar təntənəli qaydada Azərbaycan Respublikasının dövlət bayrağı önündə and içmiş, onlara xidməti vəsiqələr təqdim edilmiş, gənclər nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşlar.