30-06-2022 | 19:00 1479
İyunun 30-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.
Çıxış edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı iqtisadi tərəqqisini, əhalinin sosial rifahına xidmət edən mütərəqqi islahatları vurğulayıb, 2020-ci il Vətən müharibəsində azad edilmiş torpaqlarımızın dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə intensiv bərpasından danışıb.
“Şuşa İli” çərçivəsində silsilə tədbirlərin təşkil olunduğu vurğulanıb, ədliyyə işçiləri və hakimlərin mədəniyyət paytaxtımıza maraqlı və yaddaqalan səfəri məmnunluqla qeyd edilib.
Bununla yanaşı, torpaqlarımızın bərpasına əngəl törədən minalardan təmizlənməsi məsələsi ilə bağlı ölkə başçısının tapşırıqlarına uyğun olaraq beynəlxalq təşkilatlara edilmiş müraciətlərin reaksiyasız qalmadığı vurğulanıb.
Kollegiyada ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq ədliyyə sistemində də islahatların davam etdirildiyi bildirilib, ədliyyə fəaliyyətin əsas istiqamətləri üzrə cari ilin birinci yarımilində görülmüş işlər müzakirə edilib.
Məlumat verilib ki, respublikamızda aparılan genişmiqyaslı islahatlar ictimai münasibətlərin bütün sahələrini əhatə etməklə yeni mühüm qanunların qəbul olunması ilə müşayiət olunur. Qanunvericiliyin təkmilləşdirilməsi işində aktiv iştirak edən nazirlik tərəfindən ölkəmizin iqtisadi inkişafı, əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı cari ildə 2.000-dən çox hüquqi akt layihəsi hazırlanıb və ya ekspertizadan keçirilib.
Həmçinin əhalinin hüquqi biliklərinin artırılması və qanunvericilikdəki yeniliklərlə bağlı məlumatlılığın təmin olunması məqsədilə nazirlik tərəfindən on minlərlə normativ sənədi ehtiva edən “Hüquqi aktların vahid elektron bazası” aparılır. Daim yenilənən və interaktiv rejimdə fəaliyyət göstərən milli qanunvericiliyin elektron məlumat bazasından (www.e-qanun.az) il ərzində bəhrələnənlərin sayı yüz minlərlə ölçülür. Elektron resursa daxilolmaların sayı bu ilin birinci yarısında artaraq 1.2 milyonu ötüb.
Həmin informasiya resursunun insanların əlçatanlığını və rahatlığını təmin etmək üçün yeni mobil versiyası yaradılaraq Kollegiyada təqdimatı keçirilib. Bildirilib ki, müxtəlif platformalar üzərindən heç bir qeydiyyat tələb olunmadan mobil telefona yüklənilən “E-qanun” tətbiqi vasitəsilə hər kəs ani rejimdə qanunvericilik aktlarını əldə edə və onların mətni ilə birbaşa, sərbəst və təmənnasız tanış ola biləcəklər. İclasda pilot qaydada istifadəyə verilmiş mobil tətbiqin təkmilləşdirilməsi tapşırılıb.
Eyni zamanda müasir texnologiyalar tətbiq olunmaqla vətəndaş məmnunluğuna xidmət edən digər innovasiyalar nəzərdən keçirilərək tətbiqi imkanları müzakirə olunub, aidiyyəti göstərişlər verilib.
Kollegiyada iqtisadi münasibətlərin inkişafında və vətəndaşların mülki hüquqi məsələlərinin həllində önəmli rol oynayan notariat və qeydiyyat orqanlarının işinin səmərəliliyinin artırılması ilə bağlı görülən tədbirlər qeyd olunub, cari ildə 2.2 milyona yaxın notariat hərəkətlərinin rəsmiləşdirildiyi, bu əməliyyatlarla bağlı 5 milyon manata yaxın vəsaitin, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 23 milyon manatdan artıq verginin dövlət büdcəsinə köçürüldüyü vurğulanıb.
Bildirilib ki, altı ayda bağlanmış nikahların sayı 20 faizdən çox artaraq 28 minə çatıb, boşanmanın sayı isə 11 faiz azalıb. Eyni zamanda qeydə alınmış doğumun sayı artaraq 60 minə yaxın olub. Ölüm isə 15 faizədək enib.
Cari ildə əhaliyə göstərilən elektron ədliyyə xidmətlərinin dairəsi genişləndirilib, onlardan istifadə sayı 3 dəfəyədək artaraq 1.3 milyonu ötüb.
İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin davam etdirildiyi, altı ayda 367 minə yaxın icra sənədinin icrasının təmin edildiyi və təqribən 420 milyon manat vəsaitin ödətdirildiyi qeyd olunub.
“Elektron icra” informasiya sisteminin tətbiqi işin səmərəliliyini xeyli artırıb, cari ildə sistemin fəaliyyətinin dayanıqlığı təmin olunub, onun digər dövlət qurumların və bankların məlumat bazalarına inteqrasiyası yeni, müxtəlif növ məlumatların real vaxt rejimində əldə olunmasını asanlaşdırıb.
Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər görülüb, hazırda 3.200-ə yaxın şəxsə elektron nəzarət vasitələri tətbiq olunub.
Kollegiyada cari ildə cəmiyyətin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni penitensiar müəssisələrin istifadəyə verildiyi, habelə cəzaların icrasının səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlərin görüldüyü qeyd olunub.
Bundan əlavə, nazirlik tərəfindən bələdiyyələrə metodoloji kömək sahəsində əməli tədbirlərin görüldüyü, 2022-ci ildə 40 mindən çox bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirildiyi, 1.600-dən artıq aktın nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, habelə qanunsuz verilmiş 7.000 hektardan artıq torpaq sahəsinin geri qaytarıldığı bildirilib.
Nazirliyin beynəlxalq əməkdaşlığına toxunularaq 2022-ci ildə bir sıra mötəbər tədbirlərdə, o cümlədən korrupsiyaya qarşı mübarizə, ədalət mühakiməsi və ədliyyə, penitensiar, probasiya və tibb xidmətləri sahəsində aktual məsələlərə və təcrübə mübadiləsinə həsr olunan beynəlxalq konfrans, forum və seminarlarda fəal təmsil olunduğu vurğulanıb.
İclasda görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr, mövcud problem və çatışmazlıqların aradan qaldırılması yolları müzakirə olunub.
Nazir ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi ilə bağlı qəti tapşırıqlarını xüsusilə diqqətə çatdırıb.
Ədliyyə fəaliyyətinin dövlət başçısının yüksək tələblərinə uyğun təkmilləşdirilməsi ilə bağlı göstərişlər verilib, əhalinin aztəminatlı təbəqəsinə hüquqi yardımın göstərilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ictimai iştirakçılığın təşviqi, elektron ədliyyə xidmətlərinə əlçatanlığın asanlaşdırılması, məhkəmə ekspertizası sahəsində müasir İKT-lərin tətbiqinin genişləndirilməsi, məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması, penitensiar müəssisələrdə istehsal sahələrinin artırılması ilə bağlı və digər əsas prioritetlərə dair konkret tədbirlər müəyyən olunub.
Sonda ədliyyə fəaliyyətini tənzimləyən normativ sənədlər layihəsi təsdiq edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.