Respublikamızın məhkəmə infrastrukturu müasirləşir

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə fəaliyyətinin təkmilləşdilməsi üzrə aparılan  genişmiqyaslı islahatlar nəticəsində məhkəmə sistemi köklü şəkildə yaxşılaşdırılmış, yeni regonal məhkəmələr yaradılmış, hakimlərin Avropada ən şəffaf seçim qaydaları müəyyən edilmiş, infrastruktur müasirləşdirilməsi üzrə ardıcıl tədbirlər görülmüşdür.

Bu günlərdə Bakı şəhəri Yasamal və ötən il Oğuz rayon məhkəmələrinin yeni inşa olunmuş inzibati binaları istifadəyə verilmiş, həmin binaların açılışlarında məhkəmə hakimiyyətinin real təminatçısı olan dövlətimizin başçısı şəxsən iştirak etmişdir.

Məhkəmə sisteminin inkişafı üzrə görülən tədbirlərin davamı olaraq 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində respublikamızın daha iki əlavə bölgəsində - Gəncə şəhəri Nizami  və Gədəbəy rayon məhkəmələrinin müasir tələblərə uyğun inşa olunmuş yeni binalarının açılışları olmuşdur.

Tədbirlərdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Gəncə şəhəri icra hakimiyyətinin başçısı Elmar Vəliyev, rayon icra başçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri, bölgənin hakimləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Mərasimlərdən əvvəl ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət edilmiş, onun xatirəsi dərin ehtiramla yad olunmuşdur.

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ümumi sahəsi 3.700 m2 olan üç mərtəbəli, Gədəbəy Rayon Məhkəməsinin ümumi sahəsi 1.770 m2 olan iki mərtəbəli yeni inzibati binalarının inşasına 2010-cu ilin avqust-sentyabr aylarında başlanmışdır.

Müasirliyi və bir çox yenilikləri ilə fərqlənən inzibati və ictimai zonalara ayrılmış rayon məhkəmələrinin yeni inzibati binalarının ərazisinə transformator yarımstansiyası, qazanxana, yeraltı yanğın su anbarları, yeraltı içməli su anbarı, nasosxana, məhkəməyə gələn vətəndaşların maşınlarını saxlamaq üçün dayanacaq daxildir. Binalar həmçinin, mərkəzi kondisioner, havalandırma, isitmə, işıqlandırma, yanğın xəbərverici, su və qaz yanğın söndürmə sistemləri ilə təchiz olunmuşdur. Bundan əlavə, binalarda konfrans və iclas zalları, kitabxana/təlim, maddi sübutlar otaqları, arxivlər, təqsirləndirilən şəxslərin müvəqqəti saxlanması üçün kameralar, konvoy maşını üçün dayanacaq və digər sahələr mövcuddur.

Məhkəmə binalarının açılışı zamanı ədliyyə naziri F.Məmmədov bildirmişdir ki, ölkə başçısının siyasi iradəsi ilə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən məhkəmə infrastrukturunun müasirləşdirilməsi, bölgələrdə məhkəmələr üçün yeni binaların istifadəyə verilməsi vətəndaşların ədalət mühakiməsinə çatımlılığının, onların hüquqlarının daha etibarlı təmin olunmasına xidmət edir. Nazir ölkə rəhbərinin Bakı şəhəri Yasamal rayon məhkəməsinin yeni inzibati binasının açılışı zamanı verdiyi tapşırıq və tövsiyələrini diqqətə çatdırmışdır.

Eyni zamanda məlumat verilmişdir ki, həmin binalar Ədliyyə Nazirliyi ilə Dünya Bankı arasında "Ədliyyə sisteminin müasirləşdirilməsi" birgə Layihəsi çərçivəsində milli memarlıq üslubunda müasir standartlara uyğun inşa olunmuşdur. Həmçinin, Layihəyə əsasən 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, Sabunçu və Şəki məhkəmə komplekslərinin, Quba Rayon məhkəməsi üçün yeni binanın inşasına başlanılmışdır.

Gəncə şəhəri Nizami və Gədəbəy rayon məhkəmələrinin yeni binalarında da vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumatlılığın və şəffaf xidmətlərin təmin edilməsi məqsədilə ən son və yüksək keyfiyyətli rabitə və informasiya texnologiyaları tətbiq edilmiş, məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi üçün bütün zəruri avadanlıq quraşdırılmışdır. Bununla yanaşı, vətəndaşlara bank, tibb və poçt xidmətindən də istifadə etmək imkanı yaradılmış, girişdə əhalinin həssas təbəqələrindən olan əlillərin daxil olması üçün qaldırıcı qurğu quraşdırılmış, gözdən əlillərin sərbəst hərəkəti üçün döşəmədə xüsusi örtüklər vurulmuş və qapıların üzərində korlar üçün də yazılar tətbiq olunmuşdur.

Tədbirlərdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

Səfər çərçivəsində həmçinin, Gəncədə müasir penitensiar kompleksin tikintisinin gedişatı ilə maraqlanılmış, habelə inşa olunacaq bir neçə regional məhkəməni birləşdirən yeni məhkəmə kompleksi üçün ayrılmış torpaq sahəsinə baxış keçirilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez