30-07-2022 | 15:40 413
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Həmçinin mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə yolverilməzdir.
Ölkə Konstitusiyasında bələdiyyə mülkiyyəti ayrıca bir mülkiyyət növü formasında təsbit edilərək yerli idarəetmənin iqtisadi əsaslarından biri hesab edilməsi, həmçinin bələdiyyələrin səlahiyyətləri qismində bələdiyyə mülkiyyətinin idarə edilməsi, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə, sərəncam verilməsinin bələdiyyənin müstəsna səlahiyyətində olması ilə bağlı maddələr də öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir (156.1-ci maddə).
Eyni zamanda “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlak bələdiyyə mülkiyyəti hesab olunur. Həmçinin bələdiyyənin qəbul etdiyi yerli iqtisadi inkişaf proqramlarında bələdiyyə torpaqlarında və dövlətin bələdiyyələrə verdiyi əmlakdan səmərəli istifadə yolları göstərilir. Həmin Qanuna əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.
Yerli özünüidarəetmənin iqtisadi əsasını təşkil edən bələdiyyə əmlakının yaranması əsasları “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən edilir. Bələdiyyə əmlakının yaranması mənbələri kimi bələdiyyələrin mülkiyyətinə verilən dövlət əmlakı, bələdiyyələrin fəaliyyəti nəticəsində əldə olunan və yaradılan əmlak, fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların bələdiyyələrə könüllü maddi yardım şəklində verdiyi əmlak, varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak, bələdiyyələrə vəsiyyət edilən əmlak və qanunvericilikdə göstərilən digər hallarda əldə olunan əmlak nəzərdə tutulur.
Qanundan da göründüyü kimi bələdiyyə əmlakının yaranma məbələri sırasında başlıca yeri bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakı tutur.
Belə ki, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsininin 5-ci hissəsinin tələbinə əsasən (bələdiyyənin mülkiyyətinə obyektlərin verilməsi qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir) “Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında” Əsasnamə (Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş) qəbul edilmişdir.
Bu Əsasnamə dövlət mülkiyyətində olan və bələdiyyənin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri mənzil-kommunal, sosial və mədəniyyət obyektlərinin, əhalinin ümumi istifadəsində olan obyektlərin və digər dövlət əmlakının bələdiyyələrin mülkiyyətinə verilməsi qaydasını müəyyən edir. Qanunvericiliklə özəlləşdirilməsi qadağan edilən və Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən və ya müvafiq qərar qəbul edilənədək dövlət mülkiyyətində qalan dövlət əmlakı və onun yerləşdiyi torpaq sahələri, habelə fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələri istisna olmaqla, bələdiyyələrin ərazilərində yerləşən digər dövlət əmlakı onların mülkiyyətinə verilə bilər.
Bələdiyyə mülkiyyətinə dövlət əmlakı bələdiyyələr tərəfindən bu əmlakdan istifadə etmək imkanı yarandıqda onların müraciəti әsasında verilir. Dövlət əmlakının bələdiyyə mülkiyyətinə verilməsi Azərbaycan Respublikası adından Azərbayacan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən əvəzsiz olaraq həyata keçirilir.
Bələdiyyə mülkiyyətinə verilə bilən müəssisə və obyektlərinin, binaların, tikililərin, qeyri-yaşayış sahələrin, qurğuların və avadanlıqların, habelə ümumi istifadə obyektlərinin siyahısı və bələdiyyələrə verilməsi müddətləri hər bir bələdiyyə ərazisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bələdiyyələr və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təqdimatına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bələdiyyənin mülkiyyətinə ilk növbədə onların fəaliyyətini təmin etmək üçün lazımi inzibati binalar, otaqlar və avadanlıqlar verilir. Bələdiyyə mülkiyyətinə verilən əmlakın siyahısı (o cümlədən inzibati binalar, otaqlar və avadanlıqlar) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra bələdiyyə qurumları bələdiyyə mülkiyyətinə verilmiş əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət etməli, ərizəyə bələdiyyə qurumunun statusunu təsdiq edən sənədlər əlavə olunmalıdır. Xidmət tərəfindən daxil olmuş ərizənin əsaslığı yoxlanıldıqdan sonra, müraciətdə göstərilən dövlət əmlakının, o cümlədən ümumi istifadə obyektlərinin bələdiyyə mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdursa bu barədə müvafiq akt tərtib edilir.
Bu Əsasnamə ilə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə verilən daşınmaz dövlət əmlakı üzərində bələdiyyənin mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Bələdiyyələrin ümumi istifadə obyektlərinə mülkiyyət hüququ isə həmin obyektlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən təhvil–təslim aktı əsasında qəbul edildiyi andan yaranır.
Qanunvericiliyin tələblərinə əsasən dövlət mülkiyyəti obyektlərinin bələdiyyə mülkiyyətinə verilməsi və bələdiyyə əmlakı ilə əlaqədar yaranan mübahisələr məhkəmə qaydasında həll edilir.
Göstərilənləri nəzərə alaraq dövlət əmlakının bələdiyyə mülkiyyətinə verilməsi zərurəti yarandıqda bələdiyyələr tərəfindən bununla bağlı müvafiq müraciətlər edildiyi zaman qanunvericiliyin tələblərinə əməl edilməsi tövsiyə edilir.
Bələdiyyələrlə iş mərkəzi