15-08-2022 | 11:00 2179
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, bölgələrdə yerləşən icra və probasiya, habelə qeydiyyat qurumlarında (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant vəzifələrin komplektləşdirilməsi məqsədilə 07 iyul 2022-ci il tarixdə keçirilmiş növbəti test imtahanında müvəffəqiyyət qazanmış və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılmış namizədlərlə 2022-ci ilin avqust ayının 23-dən etibarən söhbət keçirilməsinə başlanılacaqdır.
Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək söhbətin vaxtı barədə hər bir namizədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcəkdir.
Bildirildiyi kimi, namizədlər üçün imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə nazirliyin Ədliyyə Akademiyasında təşkil olunan hazırlıq kursları hazırda da davam edir (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).
Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaqdır.
Əlavə məlumatları (012) 538-01-62, (012) 537-04-87 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.