22-11-2012 | 04:02 776
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən bəxş edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı yüksək fəxr hissi ilə geniş qeyd edilir.
Bayramla əlaqədar ədliyyə orqanlarında silsilə tədbirlər təşkil olunmuş, o cümlədən ədliyyə veteranları və gənc əməkdaşlarla görüşlər keçirilmiş, 100-ə yaxın gənc mütəxəssis ilk dəfə olaraq ədliyyə orqanlarına, o cümlədən penitensiar və tibb xidmətlərinə işə qəbul edilmiş, Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair xüsusi stend, habelə nazirliyin builki fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film hazırlanmışdır. Peşə bayramı ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müasir binasının açılışı, eləcə də Gəncə şəhəri Nizami və Gədəbəy rayon məhkəmələrinin yeni inşa olunmuş binalarının istifadəyə verilməsi xüsusilə əlamətdar olmuşdur.
Noyabrın 22-də ədliyyə işçiləri və hakimlər Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək, dahi öndərimizin xatirəsinə əbədi ehtiramlarını bildirmiş, abidəsi önünə əklil qoymuşlar. Həmçinin akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülmüş, Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş övladlarımızın əziz xatirələri anılmışdır.
Ədliyyə işçiləri bu il öz peşə bayramlarını yenicə açılmış Yasamal Rayon Məhkəməsinin möhtəşəm binasında qeyd edərək, geniş yığıncaq keçirmişlər. Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş prokuror Zakir Qaralov, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev və digər qonaqlar iştirak etmişlər.
Tədbirdən əvvəl Məhkəmənin milli memarlıq üslubunda müasir standartlara uyğun inşa edilmiş inzibati binası ilə yaxından tanış olunmuşdur.
Ədliyyə naziri mərasimi açaraq peşə bayramı münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik etmiş, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışmışdır. Bildirilmişdir ki, bu sahədə əldə olunmuş nailiyyətlər, o cümlədən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin ən şəffaf seçimi, habelə elektron ədliyyənin inkişafı, penitensiar sistemin müasirləşdirilməsi sahəsində ölkəmizin müsbət təcrübəsi artıq beynəlxalq aləmdə böyük marağa səbəb olur. Ölkə rəhbərliyinin məhkəmə sisteminin inkişafına verdiyi böyük önəm beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur.
Bütün bunlar ədliyyə işçilərini qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının qorunması işinə daha səmərəli xidmətə səfərbər edir.
Prezident Administrasiyasının şöbə müdiri F.Ələsgərov çıxış edərək ölkə Prezidenti cəbab İlham Əliyevin ədliyyə işçilərinə təbrikini çatdırmış, ədliyyənin inkişafı üzrə görülən işləri təqdir edərək Nazirliyin kollektivinə uğurlar arzulamışdır .
Yığıncaqda ədliyyənin fəaliyyətinə böyük diqqət və qayğıya, peşə bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən ədliyyə işçilərinə yüksək dövlət təltiflərinin və ali xüsusi rütbələrin verilməsinə görə iştirakçılar adından dövlət başçısına dərin minnətdarlıq ifadə olunmuşdur. Ədliyyə işçiləri ölkəmizin hərtərəfli tərəqqisində ölkə Prezidentinə layiqli yardımçı olmaq üçün daha əzmkarlıqla və məsuliyyətlə çalışacaqlarını söyləmişlər.
Mərasimdə fəaliyyətində fərqlənmiş bir qrup ədliyyə işçisinə dövlət təltifləri, fəxri fərmanlar və digər mükafatlar təntənəli şəkildə təqdim olunmuşdur.