30-09-2022 | 17:00 1025
Sentyabrın 29-30-da İrlandiyanın Avropa Şurasının (AŞ) Nazirlər Komitəsində sədrliyi çərçivəsində Dublində Məişət, cinsi və gender zorakılığına son qoyulması mövzusuna həsr olunan Avropa ədliyyə nazirlərinin konfransı keçirilib. Tədbirdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə təmsil edib.
AŞ üzv dövlətlərinin ədliyyə orqanları rəhbərlərinin iştirak etdiyi konfransda Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriç, AŞ Parlament Assambleyasının Prezidenti Tiny Kox və İrlandiyanın ədliyyə naziri xanım Helen McEntee açılış nitqi ilə çıxış ediblər.
Çıxış edən respublikamızın ədliyyə naziri Azərbaycanda məişət zorakılığına qarşı fəal mübarizə aparılaraq qanunvericilik, institusional və praktiki tədbirləri qeyd edib, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahədə Milli Fəaliyyət Planının təsdiq olunaraq həyata keçirildiyini bildirib. Avropa Şurası ilə əməkdaşlıqda məişət zorakılığına qarşı mübarizəyə dair layihənin icrasını, bu məsələnin həmçinin, 2022-2025-ci illər üzrə Azərbaycan üçün birgə Fəaliyyət Planının mühüm istiqamətlərdən olduğunu vurğulayıb.
Nazir qadınların hərbi münaqişələr zamanı zorakılığa məruz qalmasına toxunaraq bu problemlə üzləşmiş Azərbaycanda yüzlərlə qadının və hətta uşaqların Ermənistanın hərbi təcavüzünün qurbanı olduğunu qeyd edib.
Bildirib ki, müharibənin başa çatmasına baxmayaraq Ermənistan üçtərəfli bəyanat və Brüssel razılaşmaları üzrə öhdəlikləri kobud şəkildə pozaraq, müxtəlif təxribatlara əl atmaqla sülh prosesinə xələl gətirir.
F.Məmmədov Ermənistanın iki həftə öncə sərhədyanı ərazilərimizi atəşə tutaraq 80 hərbçinin həlak olması, 300-dək hərbçinin və 2 mülki şəxsin yaralanması ilə nəticələnən genişmiqyaslı təxribat törətdiyini diqqətə çatdıraraq ölkəmizin yalnız legitim hərbi hədəflərə yönələn lokal cavab tədbirləri gördüyünü bildirib.
Nazir bu təxribatların bilavasitə Ermənistanın səbəbkarı olduğunu bildirərək vurğulayıb ki, müharibədən sonra azad edilmiş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri üçün 3 milyard ABŞ dolları sərmayə qoyan Azərbaycan bölgədə gərginliyin yaranmasında qətiyyən maraqlı deyil və belə bir eskalasiyanın təşəbbüskarı ola bilməz. Əksinə ölkəmiz davamlı sülhün tərəfdarı olaraq hər zaman xoş niyyət nümayiş etdirir. Ermənistan isə müharibənin başa çatmasına baxmayaraq hazırda da ərazilərimizi kütləvi minalamaqda davam edərək 240-dan çox insanın mina qurbanı olmasına səbəb olub.
Konfrans çərçivəsində tədbirə ev sahibliyi edən İrlandiyanın və bir sıra digər dövlətlərin ədliyyə orqanlarının rəhbərləri ilə görüşlər keçirilərək əməkdaşlığa dair faydalı fikir mübadiləsi aparılıb.