17-10-2022 | 14:10 723
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafı üzrə aparılan islahatlar çərçivəsində notariat orqanları müasir çağırışlara uyğun təkmilləşdirilir, xidmətlərin innovasiyalar tətbiq olunmaqla operativliyi və əlçatanlığı artırılır, notariusların peşə hazırlığının artırılması ilə bağlı ardıcıl tədbirlər görülür.
Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Notariat Palatası ilə birgə Şamaxıda paytaxt və regionlarda fəaliyyət göstərən notariuslar üçün “Notariat fəaliyyətinin aktual məsələləri” mövzusunda seminar keçirilib.
Təlimdə nazirliyin Qeydiyyat və notariat baş idarəsinin məsul işçiləri Leyla Bərxudarzadə, Mirağa Abbasov və Zaur Həsənov tərəfindən vərəsəlik işlərinin aparılması, çirkli pulların yuyulmasına qarşı mübarizə, elektron sənədləşmə və “Elektron notariat” informasiya sistemindən istifadə mövzularında mühazirə ilə çıxışlar edilib, bu sahədə qabaqcıl təcrübələr barədə məlumatlar verilib, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Notariuslar tərəfindən əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, onların peşəkarlığının artırılmasına yönələn bu kimi təlimlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.