21-10-2022 | 15:20 863
Şanlı tariximiz olan Vətən müharibəsində qəhrəmancasına döyüşərək ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin şücaəti xalqımız tərəfindən daim yüksək qiymətləndirilir, şəhidlərimizin ruhuna ehtiram göstərilərək xatirəsi uca tutulur.
Vətən müharibəsində ədliyyə və məhkəmə işçiləri də fəal iştirak edərək fədakarlıq göstəriblər. Müharibənin ilk günlərindən könüllü cəbhəyə yollanan əməkdaşlardan Ədliyyə Nazirliyi İcra baş idarəsinin məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilov Qubadlı rayonu ətrafında gedən döyüşlərdə mərdlik və şücaət nümayiş etdirərək 2020-ci il oktyabrın 21-də şəhid olub.
Ruhin Xəlilov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Nazirlik tərəfindən ona "Fəxri ədliyyə işçisi" adı verilib.
İkinci Fəxri xiyabanda dəfn olunmuş R.Xəlilovla bağlı nazirlik tərəfindən silsilə tədbirlər keçirilir, ailəsinin qayğıları və sosial rifahı daim diqqətdə saxlanılır.
Oktyabrın 21-də Ruhin Xəlilovun şəhid olmasının ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyinin rəhbər heyəti və kollektivi tərəfindən İkinci Fəxri xiyabanda şəhidin məzarı ziyarət olunaraq, əziz xatirəsi ehtiramla yad edilib. Ziyarətdə həmçinin, yerli icra hakimiyyəti orqanlarının rəhbərliyi, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Sonra ehsan süfrəsi təşkil olunub.