Şəkidə yeni müasir Məhkəmə Kompleksinin təməli qoyulmuşdur

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması üzrə genişmiqyaslı islahatlar davam etdirilir, respublikamızda müasir məhkəmə infrastrukturu yaradılır.

Dünya Bankı ilə birgə həyata keçirilən Ədliyyə sisteminin müasirləşdirilməsi Layihəsi çərçivəsində bu ay dövlət başçısının iştirakı ilə Bakı şəhəri Yasamal, eləcə də Gəncə şəhəri Nizami və Gədəbəy rayon məhkəmələrinin yeni binaları açılmışdır.

Bütövlükdə isə 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, respublikamızın müxtəlif bölgələrində yeni binalarının inşasına başlanılmışdır.

Noyabrın 30-da Şəki şəhərində ölkə rəhbərinin tapşırığına əsasən yeni məhkəmə kompleksinin təməlqoyma mərasimi keçirilmişdir.

Tədbirdən əvvəl ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət edilmiş, onun xatirəsi dərin ehtiramla yad olunmuşdur.

Mərasimdə ədliyyə naziri Fikrət Məmmədov, nazir müavini Azər Cəfərov, Şəki şəhəri icra hakimiyyətinin başçısı Elxan Usubov, hüquq-mühafizə orqanlarının rəhbərləri, bölgənin hakimləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

İnşa olunan Şəki Məhkəmə Kompleksi 4 məhkəmədən: regional apellyasiya, ağır cinayətlər, inzibati-iqtisadi və rayon məhkəmələrindən ibarət olan ilk məhkəmə kompleksidir.

Bölgənin 11 rayonunu əhatə edən məhkəmə kompleksi üç mərtəbədən və zirzəmidən ibarət olmaqla müasir milli memarlıq üslubunda layihələndirilmişdir. Yeni istifadəyə verilmiş məhkəmə binalarında olduğu kimi, bu kompleks də hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlərin qarşısının alınması üçün ictimai və inzibati zonaya bölünəcəkdir. Bina həmçinin, ən müasir rabitə və informasiya texnologiyaları ilə təchiz olunmaqla vətəndaşlara lazım olan informasiyanı asanlıqla əldə etməyə, habelə məhkəmə iclaslarında audio-video yazılışlarını və videokonfransları aparmağa imkan yaradacaqdır.

Tədbir iştirakçıları Şəki Məhkəmə Kompleksinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olmuş, kompleksin təməli qoyulmuşdur.

Mərasimdə ədliyyə naziri F.Məmmədov çıxış edərək ölkə başçısının rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları barədə məlumat vermiş, müasir məhkəmə infrastrukturunun yaradılmasının bu islahatların tərkib hissəsi olduğunu, əldə olunan nailiyyətlərin beynəlxalq aləmdə təqdir edildiyini vurğulamış, regionlarda məhkəmələr üçün yeni binaların istifadəyə verilməsinin vətəndaşların hüquqlarının daha etibarlı təmin olunmasına xidmət etdiyini qeyd etmişdir.

Tədbirdən sonra ölkəmizin KİV-lərinə müsahibə verilmişdir.

Elə həmin gün Şəki regional ədliyyə şöbəsində nazir tərəfindən vətəndaşların qəbulu keçirilmiş, qaldırılan məsələlərlə bağlı zəruri göstərişlər verilmişdir.

Səfər zamanı inşası başa çatmaqda olan müasir Şəki penitensiar kompleksinə baş çəkilərək tikintinin gedişi ilə tanış olunmuş, müvafiq tapşırıqlar verilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez