IMAGE

Ədliyyə işçilərinin peşə bayramına həsr olunan ictimai təqdimat keçirilib

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisi təmin olunaraq bütün sahələrdə mühüm nailiyyətlər qazanılır. Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xidmət sektorunun inkişafı istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər, cümlədən “ASAN xidmət”, DOST mərkəzləri, Daşınmaz Əmlakın Məkanı kimi xidmət yerləri vətəndaşların dövlət orqanlarına əlçatanlığının artırılması, bu sahədə şəffaflığın təmin edilməsi, eyni zamanda, xidmətlərdən vahid məkandan yararlanması üçün geniş imkanlar yaradıb.

Azərbaycan ədliyyəsi də ölkəmizin hərtərəfli tərəqqisinə uyğun müasirləşir, əhaliyə yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi, vətəndaş məmnunluğunun artırılması, bu məqsədlə elektron ədliyyə xidmətlərinin genişləndirilməsi, smart konsepsiyalar əsasında idarəetmənin optimallaşdırılması ədliyyənin inkişaf strategiyasının prioritetlərinə çevrilib.

Bu strategiyaya uyğun olaraq Ədliyyə Nazirliyi 2022-ci ildə müasir rəqəmsal innovasiyaların tətbiqinə imza atıb.

AZƏRTAC xəbər verir ki, 22 noyabr - ədliyyə işçilərinin peşə bayramına həsr olunan tədbirdə ədliyyə sahəsində tətbiq olunan növbəti innovativ xidmətlər ictimaiyyətə təqdim olunub.

Tədbirdə Ədliyyə Nazirliyinin rəhbərliyi və məsul işçiləri, Milli Məclisin deputatları, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının, Mətbuat Şurasının, Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Agentliyinin, digər dövlət orqanlarının rəhbər şəxsləri, Azərbaycan Banklar Assosiasiyasının, qeyri-hökumət təşkilatlarının, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, ali təhsil müəssisələrinin nümayəndələri, yerli icra hakimiyyətinin rəhbər şəxsləri və çoxsaylı KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən ədliyyə nazirinin müavini Eldar Nuriyev ölkəmizdə rəqəmsal ədliyyənin inkişafına, innovativ həllərin, o cümlədən əhaliyə göstərilən elektron xidmətlərin tətbiqinə xüsusi önəm verildiyini bildirib. Qeyd edib ki, ölkə rəhbərliyi bu məsələni daim diqqətdə saxlayır, bu sahənin genişləndirilməsi ilə bağlı aidiyyət qurumlara tapşırıqlar verib. Bütün dövlət orqanlarında olduğu kimi, Ədliyyə Nazirliyində də silsilə tədbirlər həyata keçirilir, müvafiq yeniləşmələr və təkmilləşdirmələr aparılır.

Təqdimatda nazirliyin İnformasiya- kommunukasiya texnologiyaları idarəsinin şöbə rəisi Abbas Teymurzadə və Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi Zaur Həsənov innovativ notariat həlləri ilə bağlı çıxış edərək bu yaxınlarda tətbiq edilən yeniliklərin daşınmaz əmlakla bağlı etimadnamələrin “Mobil notariat” vasitəsilə rəsmiləşdirilməsi ilə bağlı olduğunu bildiriblər.

Qeyd edilib ki, vətəndaş artıq öz əmlakının satılması, bağışlanması, dəyişdirilməsi və yaxud hər hansı bir əmlak əldə etmək istəyirsə, həmin saatda etibarnamə verə bilər və onun əsasında müqavilələr rəsmiləşdirilə bilər. “Mobil notariat” tətbiqinə əməliyyatın proseduru baxımından daha mürəkkəb notariat hərəkətləri, o cümlədən daşınmaz əmlaka sərəncam verilməsinə dair etibarnamələrin verilməsi, iki tərəfin iştirakını nəzərdə tutan kirayə müqavilələrinin bağlanması xidmətləri ilə bağlı yeniliklər əlavə olunub.

“Mobil əhali” tətbiqi ilə bağlı məlumat verən Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova tətbiqinin sadə, rahat istifadə oluna bilən yeni mobil xidmət olduğunu bildirib. Qeyd olunub ki, Nazirliyin “Mobil əhali” tətbiqi həm ölkə daxilində, həm xaricdə yaşayan soydaşlarımızın məkandan asılı olmayaraq və növbədə gözləmədən doğumun, ölümün elektron qaydada qeydə alınması, ailə vəziyyəti və ailə tərkibi haqqında elektron arayışları daha tez və rahat şəkildə əldə olunmasını təmin edir.

Vətəndaş, həmçinin özünə aid fərdi məlumatlarda dəqiqləşdirmələr aparmaq istədikdə tətbiq vasitəsilə məlumatların dürüstləşdirilməsi üçün dövlət orqanlarına müraciət edə bilər.

Nazirliyin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə, Qeydiyyat və notariat baş idarəsinin qrup rəhbəri Leyla Barxudarzadə “ƏN TEZ” xidmət tətbiqi barədə danışıblar.

Bildirilib ki, dövlət xidmətləri elektronlaşaraq onlara məsafədən yararlanma imkanları gündən-günə genişlənib. Ədliyyə Nazirliyinin “ƏN TEZ” xidmət konsepsiyası da təkcə müxtəlif ədliyyə orqanlarına müraciət etmək imkanı deyil, həmçinin hazır sənədlərin yerindəcə verilməsi prinsipinə əsaslanır və xidmətləri olduqca sürətləndirilmiş rejimdə göstərilməsini şərtləndirir.

Həmin sürətə nail olmaq üçün respublikada fəaliyyət göstərən bütün yerli ədliyyə orqanları həmin xidmət şəbəkəsinə cəlb olunacaq və vətəndaşın müraciəti zamanı həmin vaxt işi nisbətən az olan qurum onun icrasını təmin edəcək. “ƏN TEZ” açıqlamasını versək, Ədliyyə Nazirliyinə təcili elektron zəng xidmətinin özəlliyi müraciət edən şəxsin hər hansı sənəd, yaxud elektron imza tələb etmədən sadəcə operatora bir videozəng etməklə xidmətlərdən məsafədən yararlanmasından ibarətdir.

Milli Məclisin deputatları Bəhruz Məhərrəmov və Jalə Əhmədova çıxış edən cəmiyyətin rəqəmsal transformasiyası çərçivəsində innovativ həllərin tətbiqində Ədliyyə Nazirliyinin qabaqcıl qurumlardan olduğunu bildirərək tətbiq edilən yeniliklərin ictimaiyyətə çatdırılmasının əhəmiyyətini qeyd edib, bu sahədə nazirliklə Milli Məclisin daim səmərəli əməkdaşlıqda ictimai maariflənməyə xidmət edən tədbirlərin keçirildiyini söyləyiblər.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ədliyyə sahəsində əhaliyə xidmətlərin asanlaşmasına xidmət edən çoxsaylı innovasiyaların təqdim olunduğunu və bütün bu işlərin arxasında böyük zəhmət dayandığını bildirib.

Mediasiya Şurasının sədri Nadir Adilov Azərbaycan ədliyyəsinin davamlı inkişafı naminə xidmət edən islahatlara toxunaraq nazirliyin cəmiyyətdə əhəmiyyətli rolunu qeyd edib.

Tədbirdə iştirak edən Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova Fond ilə Ədliyyə Nazirliyi arasında səmərəli əməkdaşlığı vurğulayaraq nazirliyin azad edilmiş torpaqlarımızın dirçəldilməsi, Qarabağın təbiətinə və yaşıllıqların artırılması naminə dəstəyini qeyd edib. Bildirib ki, Ədliyyə Nazirliyi Qarabağ Dirçəliş Fondu tərəfindən “Qızıl ianə” sertifikatına layiq görülən yeganə qurumdur.

Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri Kəmalə Aşumova nazirliklə uşaq hüquqlarının qorunması sahəsində qarşılıqlı fəaliyyətə toxunaraq yetkinlik yaşına çatmayan məhkumların cəmiyyətə reinteqrasiyası ilə bağlı davamlı birgə tədbirlərin keçirildiyini bildirib.

İctimai təqdimatda, həmçinin bir sıra təkliflər irəli sürülərək faydalı fikir mübadiləsi aparılıb.

iacca
iap
business ready
eplc
Ən Tez