IMAGE

Dövlətimizlə bərabər inkişaf edən Azərbaycan ədliyyəsi (Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun məqaləsi)

Çoxəsrlik dövlətçilik tariximizdə özünəməxsus yeri olan Azərbaycan ədliyyəsinin yaranmasından 104 il ötür. Ədliyyə Nazirliyi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə eyni gündə təsis edilmiş, noyabrın 22-də isə onun ilk Əsasnaməsi təsdiq olunmuşdur. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə bu tarixi gün ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.

Peşə bayramımızın Ulu Öndər tərəfindən təsis olunması hər bir ədliyyə işçisində fərəh hissi doğurur və bu barədə söhbət açmaq olduqca xoşdur.

Müasir Azərbaycan tarixinin 30 ildən artıq dövrü məhz dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada Heydər Əliyev dühası hiss olunmasın.

Təsadüfi deyil ki, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan dahi öndərin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2023-cü il Heydər Əliyevin unudulmaz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq ölkəmizdə “Heydər Əliyev İli” elan olunmuşdur.

Keçmiş SSRİ dövründə Azərbaycanın inkişaf edərək qabaqcıl müttəfiq respublikalar sırasına çıxması, xalqımızın müstəqillik ideyalarının, azərbaycançılıq məfkurəsinin güclənməsi, özünüdərkin oyanışı, milli, o cümlədən hərbi kadrların yetişdirilməsi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə mühüm xidmətlərindəndir. Ədliyyə Nazirliyinin davamlı fəaliyyətinin təmin olunması da məhz həmin illərə təsadüf edir.

Müstəqilliyimizin bərpasının ilk illərində öz siyasi fəhmi, dəmir iradəsi və zəngin idarəçilik təcrübəsi sayəsində xalqımızı ağır bəlalardan xilas edən dahi rəhbər Heydər Əliyev adını xilaskar, ümummilli lider, müasir dövlətimizin qurucusu kimi Azərbaycan tarixinə əbədi həkk etdirmişdir. Ulu Öndərin qayıdışından sonra ölkədə qanunçuluq, ictimai-siyasi sabitlik bərqərar olunmuş, demokratik hüquqi dövlət qurulmuş, nizami ordu yaradılmış, hərtərəfli köklü islahatlar həyata keçirilmiş, müasir məhkəmə-hüquq sistemi formalaşdırılmışdır.

Ümummilli Liderin xalqımız qarşısında ən böyük xidməti öz layiqli siyasi varisini – Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, dünya şöhrətli siyasətçi cənab İlham Əliyevi ərsəyə gətirməsidir.

Cənab Prezident siyasi varislik missiyasını uğurla yerinə yetirərək ötən dövrdə xalqın böyük rəğbəti, inamı və dəstəyi, müstəqil və uzaqgörən siyasəti ilə Azərbaycanı dünyada sürətli inkişaf yolu keçən ən islahatçı dövlətə çevirmişdir. Bu gün ölkəmiz regionun güc mərkəzi və əsas söz sahibi, Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşıdır.

Ölkəmizin siyasi, iqtisadi, hərbi qüdrətinin, beynəlxalq nüfuzunun daim artması, xalqımızın, yeni vətənpərvər gənclərimizin dövlət başçısının ətrafında “dəmir yumruq” kimi sıx birləşməsi Vətən müharibəsində tarixi qələbəmizi şərtləndirmişdir.

Müzəffər Ali Baş Komandanın yenilməz sərkərdəliyi və diplomatik məharəti ilə doğma torpaqlarımız işğaldan azad olunaraq ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyəti və hər bir azərbaycanlının illərdir qəlbində bəslədiyi arzusu reallığa çevrilmiş, Qarabağın tacı Şuşa şəhərinin noyabrın 8-də azad edilməsi tariximizə Zəfər Günü kimi yazılmışdır. Dövlət başçısının parlaq zəfərimizin ikinci ildönümü münasibətilə Şuşada təşkil olunmuş tədbirdə vurğuladığı kimi, “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”.

Zəfər ayında ədliyyə işçiləri də xalqımızın qalibiyyət bayramını böyük təntənə ilə qeyd etmişlər. Bu münasibətlə Vətən müharibəsi qəhrəmanlarının xatirəsi yad edilmiş, şəhid ədliyyə işçisi Ruhin Xəlilovun nazirlikdə barelyefinin açılışı olmuşdur. Həmçinin təntənəli yığıncaqlar keçirilərək ədliyyə orqanlarında çalışan müharibə veteranlarına dövlət təltifləri təqdim olunmuş, Qarabağ Dirçəliş Fonduna könüllü ianələr edilmişdir. Təsadüfi deyil ki, yarandığı ilk gündən Qarabağ Dirçəliş Fondu ilə səmərəli əməkdaşlıq edən Ədliyyə Nazirliyinin doğma torpaqlarımızın dirçəldilməsi naminə töhfələri Fond tərəfindən təqdir olunmuş və nazirlik “Qızıl” ianə sertifikatına layiq görülmüşdür.

Vətən müharibəsinin ilk günlərindən hərbçilərimizə dəstəyini əsirgəməyən ədliyyə işçiləri və hakimlər sosial təşəbbüslərdə daim həmrəylik nümayiş etdirir, vətəndaşlıq mövqeyindən çıxış edərək Azərbaycan Ordusuna, şəhid ailələrinə və yaralılara yardım fondlarına könüllü ianələr edirlər.

Bu gün Azərbaycan yeni inkişaf, quruculuq dövrünü yaşayır, milli qürur mənbəyimiz olan üçrəngli bayrağımız möhtərəm Prezidentimiz tərəfindən azad edilmiş ərazilərimizdə ucaldılaraq vüqarla dalğalanır. Dövlət başçısının bölgədə davamlı təhlükəsizliyə nail olmaq üçün diplomatik məharəti ilə Brüssel, Praqa və Soçi sülh danışıqlarında milli maraqlarımızı qətiyyətlə qoruması, məğrur duruşu ilə verdiyi mesajlar düşmənə göz dağı, hər birimizə isə hədsiz qürur və iftixar hissi yaşadır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə Qələbədən cəmi bir həftə sonra azad edilmiş ərazilərimizə səfəri, Şuşa şəhərinə Müzəffər Ali Baş Komandan adlandırdığı “Zəfər yolu”nun çəkilişi ilə bağlı ilk layihənin təməlinin qoyulması doğma torpaqlarımızın bərpasının başlanğıcı olmuşdur.

Dövlət başçısının sarsılmaz iradəsi və yorulmaz fəaliyyəti sayəsində, yalnız dövlətimizin öz gücü hesabına misilsiz bərpa-quruculuq işləri aparılaraq Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir, düşmən tapdağında əzilmiş, viran olmuş, təbii sərvətləri talan edilmiş, ekologiyası məhv edilmiş ərazilərimizdə 30 ildən sonra yenidən həyat canlanır.

Qısa müddətdə soydaşlarımızın qayıdışı üçün zəruri olan infrastrukturların yaradılması, regionun inkişafı üçün strateji əhəmiyyətə malik Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, keçmiş məcburi köçkünlərimizin Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında bərpa edilmiş Ağalı kəndinə dönməsi, Laçın şəhərinin qaytarılaraq üçrəngli bayrağımızın ucaldılması və digər genişmiqyaslı tədbirlər xalqımızın Böyük Qayıdışının təzahürüdür. Bununla bağlı ölkə başçısının noyabrın 16-da təsdiq etdiyi Böyük Qayıdışa dair I Dövlət Proqramı azad edilmiş ərazilərimizin sürətlə dirçəlməsi və əhalinin dayanıqlı məskunlaşması sahəsində mühüm “yol xəritəsi"dir.

Ulu Öndərin Qarabağ torpağında – Şuşada təməlini qoyduğu Vaqif Poeziya Günlərinin, habelə Xarıbülbül festivalı kimi ənənələrin, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən tarixi, dini və mədəni abidələrimizin bərpası xüsusi qeyd olunmalıdır.

Azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığı post-konflikt dövründə digər sahələrdə də islahatlar uğurla davam edir. Cənab Prezidentin vurğuladığı kimi, “...İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır.”

Bu mənada tarixi ərazi bütövlüyünü təmin etməklə yeni qlobal reallıqlar fonunda özünün ən parlaq dövrünü yaşayan respublikamızın hərtərəfli tərəqqisinə uyğun olaraq ədliyyə və məhkəmə sahəsində də islahatlar davam etdirilir.

İlk növbədə, ən mühüm vəzifəmiz Böyük Qayıdışa dair I Dövlət Proqramının hədəflərinə uyğun olaraq azad edilmiş ərazilərdə məskunlaşan əhalinin ədliyyə xidmətlərinə əlçatanlığının təmin olunması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi, ədliyyə və məhkəmə fəaliyyətinin bərpası, bu sahədə müvafiq infrastrukturların yaradılması və s. tədbirlərin həyata keçirilməsidir.

Bu məqsədlə nazirlik tərəfindən həmin ərazilərdə ədliyyə fəaliyyətinin təşkili və ədliyyə orqanlarının işinin əlaqələndirilməsi məqsədilə Qələbədən dərhal sonra Qarabağ regional ədliyyə idarəsi yaradılmış, azad edilmiş rayonlardan olan sakinlərin vətəndaşlıq vəziyyəti ilə bağlı 700 minədək akt qeydi bərpa olunaraq həmin ərazilərin qeydiyyat şöbələrinin istifadəsinə verilmişdir.

Nazirlik tərəfindən ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığı təmin edən müasir texnologiyaların və rəqəmsal innovasiyaların tətbiqinin geniş vüsət alması müxtəlif əməliyyatların məsafədən, o cümlədən azad edilmiş ərazilərimizdə daha asan, rahat və çevik həyata keçirilməsinə imkan yaratmışdır.

Bu innovativ metodlar əsasında cari ildə Zəngilan rayonunun Ağalı kəndində və Şuşa şəhərində səyyar ədliyyə xidmətləri təşkil olunaraq doğma torpaqlarımıza qayıdan və orada çalışan soydaşlarımıza müxtəlif hüquqi xidmətlər göstərilmişdir. Vətəndaş məmnunluğu doğuran bu tədbirlər azad edilmiş ərazilərimizdə davam etdirilməkdədir.

Bununla yanaşı, mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixi-mədəni irsinin bərpası və qorunması, Qarabağ və Şərqi Zəngəzurda iqtisadi inkişafın və dayanıqlı məskunlaşmanın təmin edilməsi ilə bağlı yeni mühüm qanunlar qəbul olunmuşdur.

Bu sahədə fəal iştirak edən Ədliyyə Nazirliyi tərəfindən doqquz ayda əksəriyyətini iqtisadi və sosialyönümlü, o cümlədən müharibə veteranlarının və şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması məsələlərini əhatə edən 3.300-ə yaxın hüquqi akt layihəsi hazırlanmış və ya onlara rəy verilmişdir. Qanunvericilikdəki yeniliklər barədə əhalinin məlumatlandırılması məqsədilə “Hüquqi aktların vahid elektron bazası”ndan (e-qanun.az) istifadə sayı 2 dəfəyədək artaraq 2.1 milyonu ötmüşdür. Həmin resursun yeni mobil versiyası yaradılaraq istifadəyə verilmiş və ondan insanların daha tez və asan bəhrələnməsi üçün geniş ictimai təqdimatlar keçirilmişdir. Təqdimatlar demək olar ki, ölkənin bütün hüquq ictimaiyyətini – millət vəkilləri, hakimlər, prokurorlar, vəkillər, ali təhsil müəssisələrinin professor-müəllim heyəti və hüquqşünas tələbələrini, habelə bələdiyyə nümayəndələrini, sahibkarlar və bank sektorunu, vətəndaş cəmiyyəti institutlarını əhatə etmiş, çoxsaylı KİV nümayəndələri tərəfindən geniş işıqlandırılmışdır.

Vətəndaşlara layiqli xidmət göstərilməsi, müharibə veteranlarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Cari ildə bu kateqoriyadan olan şəxslərin 1.200-dən çox müraciətlərinə baxılmış, onların bilavasitə və ya videoformatda, eləcə də səyyar qaydada yerlərdə qəbulu həyata keçirilmişdir. Ümumilikdə isə, 8.700-ə yaxın vətəndaşın nazirlikdə və bölgələrdə qəbul olunaraq ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri üzrə zəruri tədbirlər görülmüşdür.

Eyni zamanda yerli özünüidarəetmə orqanları tərəfindən də müharibə veteranlarının və şəhid ailələrinin qayğıları, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görülmüş, Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrlə mütəmadi metodoloji iş aparılaraq onlara tövsiyələr göndərilmişdir.

Ötən dövrdə Vətən müharibəsi veteranlarının və şəhid ailələrinin yerli özünüidarəetmə fəaliyyəti ilə bağlı çoxsaylı müraciətləri təmin olunmuş və belə şəxslərə müvafiq torpaq sahələri ayrılaraq onların mülkiyyətinə və ya icarəsinə verilmişdir.

Həmçinin şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bələdiyyələr tərəfindən 900-dən çox abidə və abidə kompleksinin, xatirə lövhəsi və bulağının istifadəyə verilməsi, onların yaşadıqları evlərin və küçələrin abadlaşdırılması rəğbətlə qarşılanmışdır.

Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə 2022-ci ildə də müasir çağırışlara uyğun islahatlar həyata keçirilmiş, ədliyyə orqanlarının fəaliyyətinin dövlət başçısının tələbləri səviyyəsində müasirləşdirilməsi, rəqəmsal idarəçiliyin tətbiqi ilə bağlı və digər əməli tədbirlər görülmüş, müsbət nəticələr əldə olunmuşdur.

Ölkədə iqtisadi proseslərin və əhalinin mülki hüquq münasibətlərinin tənzimlənməsində mühüm rol oynayan notariat və qeydiyyat orqanları tərəfindən vətəndaşlara göstərilən hüquqi xidmətlərin səviyyəsi yüksəlmiş, bu sahədə innovasiyalar tətbiq olunmaqla əlçatanlıq genişləndirilmişdir.

Cari ildə aparılan notariat hərəkətlərinin sayı 4 milyona yaxın olmuş, 240 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilmiş, insanların həyatlarında əlamətdar hadisələr olan nikahın və doğumun sayı artmışdır. Nikahın sayı 52 mini ötmüş, boşanma azalmışdır. Qeydə alınmış doğumun sayı isə 105 minə çatmış, ölüm 20 faizədək enmişdir.

Nazirliyin yaratdığı “Mobil notariat” tətbiqinə ictimai maraq daim artaraq istifadəçilərinin sayı təxminən yarım milyona çatmaqdadır. Təsadüfi deyil ki, bu tətbiq vasitəsilə gündəlik 1.000-ə yaxın notariat əməliyyatları aparılır və onun ictimaiyyət üçün tələbli olması nəzərə alınaraq funksionallığı genişləndirilir. Artıq rəsmiləşdirilməsi çoxmərhələli olan, iki və daha çox tərəflərin iştirakını nəzərdə tutan notariat hərəkətlərinin də mobil xidmət vasitəsilə aparılması mümkün olacaqdır.

Peşə bayramı münasibətilə yenicə ictimai təqdimatını keçirdiyimiz “Mobil əhali” tətbiqi də insanlara vətəndaşlıq vəziyyəti aktlarının (doğumun, ölümün) qeydiyyatı ilə bağlı növbəti innovativ xidmət imkanı yaradır. Bu innovasiya vasitəsilə vətəndaşlar nazirliyin qeydiyyat orqanları, onların iş rejimi, dislokasiyası, əlaqə vasitələri barədə məlumat ala, həmin qurumlara getmədən doğumun və ölümün elektron qaydada qeydə alınması, müxtəlif arayışların əldə olunması və digər vətəndaşlıq vəziyyəti aktları barədə xidmətlərdən yararlana biləcəklər.

Daha bir yenilik isə məsafədən ədliyyə xidmətlərinin göstərilməsi ilə bağlı yaradılmış “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) innovasiya köşküdür. Bu köşk vasitəsilə vətəndaşlara ədliyyə orqanlarına video-zənglə müraciət etmək, yerində xidmət göstərilməklə sənədləri əldə etmək imkanı yaradılacaq. ƏN TEZ modeli həmçinin, yeni infrastrukturların yaradılmasını, əlavə işçi qüvvəsinin cəlb edilməsini istisna etməklə bu sahədə izafi xərclərin qarşısının alınması üçün geniş imkanlar yaradır. Nazirliyin bütün yerli (icra, probasiya, qeydiyyat və notariat) qurumlarının cəlb olunduğu bu xidmət şəbəkəsinin, ilk növbədə, azad edilmiş ərazilərdə, habelə vətəndaşların daha sıx olduğu məkanlarda pilot qaydada istifadəyə verilməsi nəzərdə tutulur.

Ümumiyyətlə, ədliyyə və məhkəmə sahəsində yeniliklər ictimai maraq doğurduğu üçün bununla bağlı silsilə tədbirlər təşkil olunur, o cümlədən ölkədə inşa olunmuş ilk hi-tec məhkəmələrdən olan Yasamal Rayon Məhkəməsində Prezident Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, məhkəmə hakimiyyətinin rəhbər və məsul şəxslərinin, ali təhsil müəssisələrinin və vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin iştirakı ilə bu ərəfədə konfrans keçirilərək ictimai etimada və vətəndaş məmnunluğuna xidmət edən islahatlar, innovasiyalar barədə geniş ictimai müzakirələr aparılmışdır.

Cari ildə nazirliyin icra xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görülən təsirli tədbirlər, “Elektron icra” informasiya sisteminin tətbiqi məhkəmə qərarlarının icrası işinin yaxşılaşmasına xidmət etmiş, 443 mindən çox icra sənədinin icrası təmin olunmuş, fiziki və hüquqi şəxslərə 2 dəfəyədək çox – 824 milyon manatdan artıq vəsait ödətdirilmişdir.

Eyni zamanda xidmətin hazırlıqlı kadrlarla komplektləşdirilməsi məqsədilə yerli qurumların rəhbərliyi möhkəmləndirilmiş, peşə bayramı ərəfəsində rəhbər vəzifələrə təyinatlar aparılmışdır.

Bununla yanaşı, azadlıqdan məhrumetməyə alternativ cəzaların effektiv icrası ilə bağlı nazirlik tərəfindən əlavə tədbirlər görülmüş, nəzarət gücləndirilmişdir.

Ötən bir ildə amnistiya və əfv aktlarının qəbulu dövlət başçısının humanistliyinin növbəti əyani təzahürü olmuşdur.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə parlaq Zəfərimizin birinci ildönümü münasibətilə elan olunmuş, tətbiqi dairəsinin genişliyinə görə digərlərindən fərqlənən və 17 mindən çox şəxsə, o cümlədən 700-dən artıq Vətən müharibəsi iştirakçısına şamil olunmuş amnistiya aktı, həmçinin 28 May – Müstəqillik Günü ərəfəsində imzalanmış 213 məhkumu əhatə edən növbəti Əfv Sərəncamı minlərlə ailəyə sevinc bəxş etmişdir.

İctimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanan bu humanist aktların vaxtında və dürüst icrası Ədliyyə Nazirliyi tərəfindən mütəşəkkil qaydada təmin edilmişdir.

Cari ilin martında cəmiyyətimizin həssas təbəqəsi olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün Bakıda yeni inşa olunmuş müasir penitensiar müəssisələrin istifadəyə verilməsi və ölkə başçısının şəxsən baş çəkərək orada yaradılmış şəraitlə tanış olması insan haqlarının, o cümlədən məhkumların hüquqlarının etibarlı təminatına göstərilən diqqət və qayğının əyani təzahürü olmuşdur.

Cəmiyyətin marağı nəzərə alınaraq nazirlik tərəfindən yeni müəssisələr geniş ictimaiyyətə təqdim olunmuş, çoxsaylı KİV-lərin iştirakı ilə media-tur təşkil edilərək işıqlandırılmışdır.

Eyni zamanda məhkumların və təqsirləndirilən şəxslərin sağlamlığının qorunmasına və tibbi təminatına xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, bu sahədə vərəmlə mübarizədə dünyada örnək olan müsbət təcrübəmizdən artıq digər dövlətlər geniş bəhrələnirlər. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə Qərbi Avropa, Asiya, Afrika, Cənubi Amerika qitələrindən və postsovet məkanından 20-dən çox dövlətin nümayəndə heyətləri ölkəmizə səfərlər etmiş, vərəmlə mübarizədə təcrübəmizlə yerində tanışlıq olmuşlar. Artıq bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellər tətbiq olunur.

Nazirlik tərəfindən əhalinin yerli əhəmiyyətli məsələlərinin həllində iştirak edən bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, səmərəli inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı ardıcıl tədbirlər görülür, bu sahədə rəqəmsal innovasiyaların tətbiqi genişləndirilərək “Bələdiyyələrlə iş portalı”nın yeni təkmilləşdirilmiş versiyası hazırlanmışdır.

Cari ildə 65 minədək bələdiyyə aktı hüquqi ekspertizadan keçirilmiş, 2.500-dən artıq aktın qanunamüvafiq olmadığı müəyyən edilərək onlar ləğv edilmiş və ya dəyişdirilmiş, 11 min hektara yaxın qanunsuz verilmiş torpaq sahələri geri qaytarılmışdır.

Nazirliyin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər, həmçinin kadr korpusunun təkmilləşdirilməsi ilə müşayiət olunur. Gənclərin ədliyyə orqanlarında işlə təminatına xüsusi önəm verilir, qulluğa qəbulla bağlı fasiləsiz seçim prosesi aparılaraq davamlı müsabiqələr keçirilir. Yeri gəlmişkən, peşə bayramı ərəfəsində növbəti müsabiqəyə yekun vurularaq uğur qazanmış namizədlər peşə fəaliyyəti ilə əlaqədar Ədliyyə Akademiyasında icbari təlimə buraxılmışlar.

Bu ilin doqquz ayında 260-dək mütəxəssislər qulluğa qəbul edilmişdir. Onların sırasında Vətən müharibəsi iştirakçılarının və ailə üzvlərinin olması xüsusi qeyd olunmalıdır. Bununla yanaşı, cari ildə yüzlərlə gənc ədliyyə sistemində geniş təşviq olunan könüllü fəaliyyətə cəlb edilmiş və onların bir çoxu daimi işə götürülmüşlər.

Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq hüquqi əlaqələrin genişləndirilməsi məsələsi də daim diqqətdə saxlanılır. Cari ildə Gürcüstanın ədliyyə naziri ölkəmizə səfər edərək hüquqi sahədə əməkdaşlığı təşviq edən yeni Əməkdaşlıq Memorandumu imzalanmışdır. Qonaq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, ədliyyə və məhkəmə islahatları ilə tanış olmuşdur. Bu sahədə nailiyyətlərə və tətbiq olunan yeniliklərə böyük maraq göstərilərək yaxşı təcrübələrdən qarşılıqlı bəhrələnilməsi məqsədilə hüquqşünasların ikitərəfli forumunun tezliklə keçirilməsi barədə razılığa gəlinmişdir.

Cinayətkarlıqla mübarizədə müstəsna rol oynayan ekstradisiya sahəsində digər dövlətlərlə qarşılıqlı fəaliyyət səmərə vermiş, cari ildə müxtəlif cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən bir sıra şəxslərin Avropa və digər dövlətlərdən ölkəmizə ekstradisiyasına nail olunaraq cəzanın labüdlüyü prinsipi təmin edilmişdir.

Eyni zamanda dövlət başçısının siyasi iradəsi ilə aparılan korrupsiyaya qarşı qəti mübarizə sahəsində beynəlxalq əməkdaşlıq genişlənmiş, 2006-cı ildə BMT-nin dəstəyi ilə yaradılmış və Azərbaycanın həmtəsisçilərindən olan Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasında (IAACA) ölkəmizin fəal iştirakı və onun işinə töhfələri nəzərə alınaraq Ədliyyə Nazirliyinin rəhbəri yenidən qurumun vitse-prezidenti seçilmişdir. Həmçinin 20-dən çox dövləti əhatə edən Şərqi Avropa regionu üzrə antikorrupsiya tədbirlərinin təşviqi ilə bağlı səlahiyyətlər ölkəmizə həvalə olunmuşdur.

Bununla bağlı qısa müddətdə tərəfimizdən həmin region üzrə ölkələr IAACA-nın işinə cəlb olunmuş, bu sahədə əməkdaşlıq təşviq edilərək korrupsiyaya qarşı mübarizə üzrə təcrübə mübadiləsinə dair IAACA-nın xətti ilə Bakıda möhtəşəm beynəlxalq regional konfrans keçirilmiş, ölkəmizin bu sahədə təşəbbüsü və dəstəyi yüksək qiymətləndirilmişdir.

Avropa Şurası ilə əməkdaşlıqda qəbul olunmuş və qurumun Baş katibi xanım Mariya Peyçinoviç Buriçin iştirakı ilə tərəfdaş qurum olaraq geniş ictimai təqdimatını keçirdiyimiz Azərbaycan üçün 2022-2025-cı illər üzrə Fəaliyyət Planı da müxtəlif sahələrdə gələcək strateji prioritetləri əhatə edir və onun implementasiyası ilə bağlı tədbirlər görülür. Planın icrası çərçivəsində “Azərbaycan tərəfindən Avropa Məhkəməsi qərarlarının icrasının gücləndirilməsinə dəstək” layihəsi hazırlanmış və Avropa Şurasının, Ədliyyə Nazirliyi rəhbərliyinin, digər dövlət və qeyri-dövlət qurumlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə təqdimatı keçirilmişdir.

Yeri gəlmişkən, Avropa Şurasının ötən bir ildə Venesiyada və Dublində keçirilmiş ədliyyə nazirlərinin konfranslarını xüsusi qeyd etmək istərdim.

Həmin mötəbər tədbirlərin mövzusu bərpaedici ədliyyə və məişət zorakılığına qarşı mübarizə kimi aktual məsələlərə həsr olunmuş və nazirlər tərəfindən təqdimatlar keçirilmişdir.

Çıxışlar zamanı Ermənistan tərəfinin fürsətdən istifadə edib gündəlikdən kənara çıxaraq ölkəmizə qarşı əsassız və uydurma ittihamları tərəfimizdən tutarlı faktlarla ifşa edilmiş, müharibə və post-konflikt dövründə Ermənistanın insanlıq əleyhinə cinayətləri və törətdiyi genişmiqyaslı təxribatlar dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır.

Nazirlik tərəfindən həmçinin, cari ildə tərəfdaşlıq etdiyimiz və birgə layihələr həyata keçirdiyimiz beynəlxalq təşkilatlara azad edilmiş ərazilərimizdə aparılan bərpa işlərinə ciddi mane olan Ermənistanın torpaqlarımızda, hətta müharibədən sonra basdırdığı minaların təmizlənməsi və bu prosesə mütəxəssislərin cəlb olunması ilə bağlı müraciətlər ünvanlanmış, onlar post-münaqişə dövrünü yaşayan Azərbaycana biganə qalmamağa, ölkəmizə dəstək göstərməyə çağırılmışdır.

Eyni zamanda hər bir demokratik cəmiyyətdə müstəsna əhəmiyyət kəsb edən məhkəmə hakimiyyətinin müstəqilliyinə xidmət edən islahatlar davam olunur.

Ölkə Prezidenti tərəfindən 2022-ci ilin “Şuşa İli” elan olunaraq 270 illiyini qeyd etdiyimiz mədəniyyət paytaxtımızda regional apellyasiya məhkəmələrinin 15 illiyinə həsr olunmuş məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələrinə dair konfransın keçirilməsi, tədbir iştirakçılarının aparılan genişmiqyaslı quruculuq işləri, tarixi, dini və mədəni abidələrimizlə tanışlığı xüsusilə yaddaqalan olmuşdur.

Bu sahədə islahatların dərinləşdirilməsi ilə bağlı dövlət başçısının 03.04.2019-cu il tarixli Fərmanı mühüm “yol xəritəsi” olmaqla ötən dövrdə onun icrası çərçivəsində məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik təkmilləşdirilmiş, cəza siyasəti humanistləşdirilmiş, institusional, təşkilati və digər praktiki tədbirlər görülmüş, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi genişləndirilərək ədalət mühakiməsinə əlçatanlıq daha da asanlaşdırılmışdır.

Dövlət başçısının kadr islahatlarına və gəncləşmə siyasətinə uyğun olaraq son iki ildə məhkəmə sistemində kadr korpusundan səmərəli istifadə edilərək rəhbər hakim vəzifələri üzrə 50-dək mühüm təyinatlar aparılmışdır.

Eyni zamanda hakimlərin iş yükünün azaldılması, işlərə operativ və daha keyfiyyətlə baxılması məqsədilə Fərmanla ayrılmış hakim ştatlarının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi qaydaları təkmilləşdirilmişdir. Bu çoxmərhələli proses fasiləsiz xarakter alaraq imtahanlarda şəffaf prosedurlar və müasir texnologiyalar tətbiq edilir, ictimai nəzarət daim təmin olunur,

Ötən dövrdə 1200-dək hakimliyə namizədlə şəffaf müsabiqələr keçirilmiş, bütün mərhələləri, o cümlədən Ədliyyə Akademiyasında uzunmüddətli tədris və məhkəmələrdə təcrübəni uğurla başa vurmuş 80-dən çox şəxs müxtəlif hakim vəzifələrinə təyin edilmişdir. 300-dək hakimliyə namizəd isə müsabiqənin müxtəlif mərhələsində, o cümlədən 40 nəfər təyinat ərəfəsindədir.

Hazırda bütün hakim korpusunun 80%-ni məhz bu yeni üsullarla seçilərək təyin olunmuş hakimlər təşkil edir. Məhkəmə hakimiyyətində gənclərin, qadınların geniş təmsil olunmasına, onların yuxarı məhkəmə instansiyalarına təyin edilməsinə, rəhbər vəzifələrə irəli çəkilməsinə daim xüsusi diqqət yetirilir.

Dövlət başçısının sərəncamları ilə yeni təyin edilmiş hakimlərin də əksəriyyəti 35 yaşa qədər olan gənc nəsil hüquqşünaslar, təxminən yarısı isə qadın hakimlərdir. Həmin hakimlər sırasında şəhid övladlarının olması xüsusi qeyd olunmalıdır.

Hakimlərin məsuliyyət hissinin artırılması məsələlərinə də böyük önəm verilir, hakim adına layiq olmayan şəxslər məhkəmə sistemindən kənarlaşdırılırlar. Dövlət başçısının qeyd olunan Fərmanına əsasən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı yeni Qaydaların qəbul olunması bu sahədə səmərəli mexanizm rolu oynamışdır. Həmin Qaydalara əsasən Məhkəmə-Hüquq Şurası tərəfindən 300-dən çox hakimin işi qiymətləndirilmiş, 30 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edilmiş, onlardan 10 hakimin səlahiyyətlərinə artıq xitam verilmişdir.

Həyata keçirilən bütün tədbirlər ədliyyə və məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsinə, ictimai etimadın və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.

Dövlət başçısının maksimum şəffaflığın təmin olunması, ictimai nəzarətin daha güclü olması ilə bağlı tələbləri nazirlik tərəfindən daim diqqətdə saxlanılaraq həyata keçirilən mütərəqqi islahatlar və yeniliklər barədə ictimaiyyət mütəmadi məlumatlandırılır, bu sahədə media və vətəndaş cəmiyyəti ilə səmərəli kommunikasiya strategiyası, ictimai iştirakçılıq həyata keçirilir. Təkcə bu ilin 9 ayında 4.600-dən çox hüquqi maarifləndirmə işi aparılmış, o cümlədən ədliyyə və məhkəmə fəaliyyətinə dair brifinqlər, təqdimatlar, ictimai müzakirələr, media-turlar və s. təşkil olunmuşdur.

Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən bu və mətbuatda mütəmadi işıqlandırılan digər tədbirlər, əldə olunan nəticələr möhtərəm Prezidentimiz cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsi olmaqla dövlət başçısının ədliyyə və məhkəmə fəaliyyətinə göstərdiyi yüksək diqqət və qayğının real təzahürüdür.

Tarixi zəfərimizin ildönümünün sevincini yaşayan ədliyyə işçiləri öz peşə bayramlarını qalib xalqın nümayəndələri kimi yüksək qürur hissi ilə qeyd edirlər. Onlar dövlət başçısının ətrafında daim sıx birləşərək Vətənimizin hərtərəfli tərəqqisi, azad edilmiş ərazilərimizin bərpası naminə üzərlərinə düşən vəzifələri böyük fədakarlıqla yerinə yetirmək əzmindədirlər.

Hər il peşə bayramı günündə ədliyyə işçiləri Fəxri Xiyabana gələrək bu bayramı bizlərə bəxş etmiş ümummilli lider Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirir, Şəhidlər Xiyabanında qəhrəman Vətən övladlarının əziz xatirəsini yad edirlər.

Bayram münasibətilə ədliyyə orqanlarında və məhkəmələrdə silsilə tədbirlər, o cümlədən ənənəvi qanvermə və ağacəkmə aksiyaları, kütləvi idman və intellektual oyunlar keçirilir. Bakı Dövlət Universiteti ilə səmərəli əməkdaşlıqda gənc hüquqşünas tələbələrin ədliyyə və məhkəmə fəaliyyəti ilə tanışlıq turlarının təşkil olunması böyük məmnunluqla qarşılanır.

Bu ərəfədə həmçinin, görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş, gələn il anadan olmasının 100-cü ildönümünü qeyd edəcəyimiz Zərifə xanım Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzinin təcrübəli həkim heyəti tərəfindən nazirlikdə ədliyyə işçilərinin səyyar oftalmoloji müayinəsi aparılmışdır.

Eyni zamanda Azərbaycan ədliyyəsinin tarixi inkişaf yoluna, Vətən müharibəsində şanlı qələbəmizə nəzər salınaraq ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilir, nazirlikdə və struktur qurumlarda bu əlamətdar və tarixi hadisələrə həsr olunmuş filmlər, foto və video-slaydlar nümayiş etdirilir, nazirliyin Vətən müharibəsində şəhid olmuş əməkdaşının ailəsinə və veteranlara qayğı göstərilir.

Möhtərəm Prezidentimizin ədliyyə fəaliyyətinə yüksək diqqət və qayğı göstərərək peşə bayramı ərəfəsində bir qrup ədliyyə işçisini ali xüsusi rütbələrə və dövlət təltiflərinə layiq bilməsi hər birimizdə dərin minnətdarlıq hissi doğurmaqla üzərimizə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirməyə səfərbər edir.

Fürsətdən istifadə edərək, Zəfər ayında qeyd etdiyimiz peşə bayramı günü münasibətilə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir, onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində nailiyyətlər arzulayıram.

Ədliyyə işçiləri qəti əmindirlər ki, tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmiz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edib möhkəmlənəcək, xalqımız yeni-yeni nailiyyətlərin və qələbələrin şahidi olacaqdır.

“Respublika” qəzeti, 22 noyabr 2022-ci il


iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez