Məhkəmə qərarlarının icrası işi diqqət mərkəzindədir

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, habelə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə görülən tədbirlər çərçivəsində məhkəmə qərarlarının icrası işi xeyli yaxşılaşdırılmış, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması istiqamətində köklü dəyişikliklərə nail olunmuş, qanunvericilik əsaslı surətdə yeniləşmiş, yeni təsirli icra mexanizmləri tətbiq olunmaqla icra məmurlarının səlahiyyətləri genişləndirilmiş, xidmətin maddi-texniki bazası möhkəmləndirilmişdir.

Dekabrın 6-da Ədliyyə Nazirliyində icra xidməti yerli qurumlarının rəhbərlərinin və digər məsul işçilərin iştirakı ilə məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

İclasda cıxış edən ədliyyə naziri Fikrət Məmmədov ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan icra işinin səmərəliliyinin artırılması, icradan yayınma hallarının qarşısının alınması, icra xidmətinin şəffaf müsabiqə əsasında yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik kadrlarla komplektləşdirilməsi, korrupsiyanın qarşısının alınması üzrə tədbirləri qeyd etmiş, icra vəziyyətinə dair hər altı aydan bir dövlət başçısına hesabatın təqdim olunmasını vurğulamışdır.

Həmçinin, mürəkkəb işlərin mütəşəkkil və vaxtında icra olunması məqsədilə nazirlikdə təcrübəli işçilərdən ibarət xüsusi icra qrupu təsis edilmiş, icra məmurlarının polis əməkdaşları ilə əlaqəli fəaliyyətinin gücləndirilməsi üzrə birgə əmr verilmiş, habelə əhəmiyyətli struktur dəyişiklikləri aparılaraq Sumqayıt, Gəncə, Şirvan və Şəkidə geniş səlahiyyətlərə malik vahid icra qurumları yaradılmışdır.

İclasda bildirilmişdir ki,görülən tədbirlər icra işinin səmərəliliyinin xeyli yüksəlməsinə səbəb olmuş, təkcə 2012-ci ilin 9 ayı ərzində 114 mindən çox işin icrası təmin edilmiş, hüquqi və fiziki şəxslərə 70 milyon manat vəsait ödətdirilmiş, icradan yayınan 1200-dən çox şəxs inzibati məsuliyyətə cəlb olunmuş, 2400-ə yaxın borclu şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılmış, 170-dən çox şəxs barəsində cinayət işi başlanmışdır.

Həmçinin, korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilərək xidmətin əməkdaşları tərəfindən icra intizamına riayət olunması vəziyyəti daim nəzarətdə saxlanılmış, sui-istifadə hallarına, süründürməcilik və digər qanun pozuntularına yol verən əməkdaşlara münasibətdə ən qəti tədbirlər görülmüş, o cümlədən son illərdə 12 nəfər tutduğu vəzifədən azad olunmuş, 8-i ədliyyə orqanlarından xaric olunmuş, 4 nəfərlə bağlı materiallar isə istintaq orqanlarına göndərilmişdir.

Bununla belə aparılmış yoxlamalar, vətəndaşlardan daxil olan, o cümlədən nazirliyin və Baş Prokurorluğun “qaynar xətlərinə” edilən müraciətlərin araşdırılması nəticəsində ciddi nöqsanlar aşkar olunmuşdur.

İclasda bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, əmək və icra intizamının, etik davranış qaydalarının pozulması halları qeyd edilmiş, bir sıra yerli qurumlarda korrupsiyaya şərait yaradan hallar, o cümlədən süründürməçilik və icra tədbirlərinin vaxtında həyata keçirilməməsi, icra ödənişlərinin alınmasında nöqsanlar və digər çatışmazlıqlar vurğulanmışdır.

Mövcud problemlərlə bağlı nazirliyin məsul işçiləri və yerli icra qurumlarının rəhbərləri dinlənilmiş, nöqsanların səbəbləri və onların aradan qaldırılması yolları müzakirə edilmişdir. Kollegiyanın yekunları üzrə qanun pozuntuları və kobud nöqsanlara yol verdiklərinə görə icra xidmətinin bir sıra əməkdaşı ciddi intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən 10-dək işçi tutduğu vəzifədən azad olunmuş və ya ədliyyə orqanlarından xaric edilmiş, korrupsiya hüquqpozmalarına dəlalət edən materialların prokurorluğa göndərilməsi haqqında qərar qəbul edilmiş, fəaliyyətin təkmilləşdirilməsi üzrə konkret tapşırıqlar verilmişdir.

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez