01-12-2022 | 18:40 757
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovla görüşüb.
Bu barədə AZƏRTAC-a Gürcüstan hökumət administrasiyasından məlumat verilib.
Görüşdə iki ölkə arasında mövcud əlaqələrdən və gələcək tərəfdaşlığın perspektivlərindən, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana bu yaxınlarda etdiyi səfərdən söhbət açılıb və bu səfərin yüksək səviyyəli əməkdaşlığın daha bir sübutu olduğu vurğulanıb. Gürcüstan və Azərbaycan əlaqələrinin ədliyyə nazirlikləri arasında qarşılıqlı fəaliyyətin inkişafına təkan verəcəyi bildirilib.
Söhbət zamanı regiondakı hazırkı durum da diqqət mərkəzində olub. Münaqişənin həllində dialoqun vacibliyi vurğulanıb. Qeyd olunub ki, bu istiqamətdə dinc qonşuluq təşəbbüsü etimadın artırılması üçün möhkəm təməl ola bilər.
Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrə diqqət yetirilərək Azərbaycanın Gürcüstanın ticarət tərəfdaşları arasında lider ölkə olduğu vurğulanıb və bu əlaqələri daha da dərinləşdirməyə hazırlıq ifadə olunub.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın ədliyyə naziri Rati Breqadze iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanın ədliyyə naziri Gürcüstan-Azərbaycan hüquq forumu çərçivəsində Gürcüstanda səfərdədir. Forum ilk dəfədir ki, Gürcüstan və Azərbaycanın Ədliyyə nazirliklərinin himayəsi altında keçirilir.
Xətayi Əzizov
AZƏRTAC -ın xüsusi müxbiri
Tbilisi