IMAGE

Yuvenal Ədliyyə: uşaqların ədalət mühakiməsi və sosial rifah xidmətləri” mövzusunda dəyirmi masa keçirilib

10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən Ədliyyə Nazirliyi ilə əməkdaşlıqda UNİCEF Azərbaycan ofisinin dəstəyi ilə “Yuvenal Probasiya Sistemi və Penitensiar Xidmətdə sosial-psixoloji işin təşkili” proqramının icrası müddətində Azərbaycanda Yuvenal ədliyyə sahəsində həyata keçirilən fəaliyyətlərin illik hesabatına dair “Yuvenal Ədliyyə: uşaqların ədalət mühakiməsi və sosial rifah xidmətləri” mövzusunda dəyirmi masa təşkil edilmişdir.

Tədbirdə Ədliyyə, Daxili İşlər və Təhsil nazirliklərinin, UNİCEF-in, Ombudsman aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Sosial Xidmətlər Agentliyinin və digər uşaq hüquqları sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak etmişlər.

Ədliyyə Nazirliyi İnsan Hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova “Yetkinlik yaşına çatmayanlar üçün bərpaedici ədliyyə – ədalət mühakiməsi sistemində Ədliyyə Nazirliyinin səmərəli fəaliyyəti” mövzusunda açılış nitqi ilə çıxış etmişdir. Pandemiyadan sonrakı dövrdə xüsusilə Ədliyyə Nazirliyinin yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni istifadəyə verilmiş penitensiar müəssisələrdə geniş sosial reabilitasiya və hüquqi xidmətlərin təşkili, bu sahədə çalışan müxtəlif dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti üzvlərinə nazirlik ilə əməkdaşlıqda hər zaman şəraitin yaradılması barədə məlumat vermişdir.

UNİCEF-in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Uşaq Müdafiəsi Proqramının rəhbəri Vüqar Salmanov Yuvenal ədliyyə və yetkinlik yaşına çatmayanların ədliyyəyə çıxışı sahəsində aparılan islahatlardan bə hs etmiş, bu istiqamətdə beynəlxalq təşkilatlarının Ədliyyə Nazirliyi ilə əməkdaşlığının səmərəliliyini qeyd etmişdir.

“Ümidli Gələcək” ictimai birliyinin rəhbəri Kəmalə Aşumova “Yuvenal probasiya sistemi və penitensiar xidmətdə sosial-psixoloji işin təşkili” layihəsinin illik hesabatı ilə çıxış edərək, proqram çərçivəsində həyata keçirilən işlərdən danışmış, yuvenal ədliyyə sahəsində uşaqların hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması ilə bağlı gələcək prioritetlərə dair təqdimat etmişdir.

Tədbirdə Penitensiar xidmətin Tərbiyə müəssisəsində saxlanılan, Probasiya xidmətində nəzarətində olan yetkinlik yaşına çatmayanlarla, habelə riskli davranışa meylli olan, Polis İdarələri və İcra hakimiyyətləri yanında müvafiq komissiyalar tərəfindən yönləndirilən uşaqlarla sosial-psixoloji reabilitasiya və hüquqi yardım xidmətlərinin göstərilməsi ilə bağlı faydalı fikir mübadiləsi aparılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez