10-12-2022 | 11:00 868
Ölkəmizdə həyata keçirilən mütərəqqi islahatlar fonunda yerli özünüidarəetmənin də inkişafı məsələləri daim diqqətində saxlanılır.
Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq bələdiyyələrdə qanunçuluğun təmini, onların fəaliyyətinin təşkilinə kömək və metodoloji yardım üzrə davamlı tədbirlər həyata keçirilir.
Yerli özünüidarəetmənin inkişafı məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə qarşılıqlı əməkdaşlığa xüsusi önəm verilir, mütəmadi görüşlər keçirilir, bələdiyyələrin qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və digər aktual məsələlərin həlli yolları barədə müzakirələr aparılır.
Məhz bu məqsədilə dekabrın 7-də Bələdiyyələrlə iş mərkəzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Xidmətin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə görüş keçirilib.
Publik hüquqi şəxsin rəhbərliyinin təşəbbüsü ilə baş tutan görüşdə bələdiyyə torpaqlarının idarə olunması və daşınmaz əmlakın dövlət reyestrində onlar üzərindəki hüquqların qeydiyyatının aparılması sahəsində mövcud vəziyyət ətraflı müzakirə edilib, bu işlərin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin genişləndərilməsi zərurəti vurğulanıb.
Görüşdə əvvəlki illərdə bələdiyyələr tərəfindən ayrılmış torpaqlar üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı təcrübədə mövcud olan problemlər barəsində ətraflı fikir mübadiləsi aparılıb. Habelə, bələdiyyələrin elektron xəritələri ilə bağlı məsələlərə toxunulub, respublika üzrə 1436 bələdiyyənin mütləq əksəriyyətinin elektron daşıyıcılarda xəritələrinin hazır olduğu bildirilib.
Eyni zamanda bələdiyyələrin İKT infrastruktur imkanları dəqiqləşdirilərək hər bir bələdiyyəyə aid rəqəmsal kadastr bazasının onlara verilməsinin mümkünlüyü məsələsi də müzakirə predmeti olub.
Tədbirdə həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn məsələlərə toxunulub, müvafiq tapşırıqların icrası istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanaraq bu istiqamətdə səylərin davam etdiriləcəyi qeyd edilib.