12-12-2012 | 04:02 815
Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolu və misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır.
Dekabrın 12-də dahi öndərimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ədliyyə işçiləri Fəxri xiyabana gələrək dahi rəhbərin məzarını ziyarət etmiş, abidəsi önünə tər çiçəklər düzmüşlər. Sonra ümummilli liderin nazirlikdəki büstü önünə gül dəstələri qoyulmuş, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Nazirlikdə təşkil olunmuş anım mərasimində ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək Azərbaycanın özü qədər əbədi olan Heydər Əliyevin mənalı ömür yolundan, dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətlərindən bəhs etmiş, ədliyyə və məhkəmə-hüquq sisteminin inkişafının bilavasitə Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışdır. Bildirilmişdir ki, ümummilli liderin ideyaları və siyasi kursu ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilərək ölkəmizdə sürətli sosial-iqtisadi tərəqqiyə nail olunmuş, Azərbaycan dünya birliyi üçün mühüm və etibarlı tərəfdaşa çevrilmiş, bir çox tarixi uğurlara imza atmışdır.
Nazir dahi rəhbərin "hüquqi dövlətin ən prinsipial bir hissəsi məhkəmə sistemində islahatların keçirilməsidir" müdrik sözlərinin bu gün reallığa çevrildiyini söyləyərək bu sahədə aparılmış köklü islahatlardan danışmış, beynəlxalq aləmdə artıq təqdir olunan nailiyyətlərin ölkə rəhbərliyinin məhkəmə sisteminin inkişafına verdiyi böyük önəmin əyani təzahürü kimi qiymətləndirmişdir.
Ümummili lider Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik prinsiplərinə daim sadiq qalan ədliyyə işçiləri dahi öndərin şah əsəri olan müstəqil Azərbaycanımızın hərtərəfli inkişafı və müasirləşməsi naminə yorulmaz fəaliyyətində ölkə Prezidentinə layiqli yardımçı olmaqla qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər.
Anım günü ilə bağlı nazirlikdə Heydər Əliyev muzeyində əbədiyaşar liderin zəngin həyatından, titanik fəaliyyətindən bəhs edən maraqlı ekspozisiyalar, fotoşəkillər və yeni nəşrlərlə tanış olunmuş, xüsusi stend hazırlanmış, kinozalda ümummilli liderə həsr olunmuş yeni "Dövlət" filmi nümayiş etdirilmiş, ehsan süfrəsi təşkil olunmuşdur.