IMAGE

Yeni təyinat alan hakimlərlə görüş keçirilib

Hər bir demokratik cəmiyyətdə mühüm rol oynayan məhkəmə hakimiyyətinin möhkəmləndirilməsinə ölkəmizdə daim xüsusi önəm verilir. Bu sahədə köklü mütərəqqi islahatların müəllifi olan ulu öndər Heydər Əliyevin müasir hüquq, o cümlədən məhkəmə sisteminin inkişafında müstəsna xidmətləri danılmazdır. İnsan hüquqlarının etibarlı təminatına xidmət edən yeni, üçpilləli müstəqil məhkəmə hakimiyyətinin bərqərar edilməsi məhz dahi Heydər Əliyevin adı ilə bağlıdır.

Təməli Ümummilli Lider tərəfindən qoyulmuş bu islahatlar ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun inkişaf etdirilir, dövlət başçısının imzaladığı və mühüm "yol xəritəsi" olan 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə rəvac verərək ötən dövrdə onun icrası ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir.

Fərmanla artırılmış 200 hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə fasiləsiz seçim prosesi aparılır. Bu günədək 1.200-dək namizəd sırasından çoxmərhələli prosesi, o cümlədən uzunmüddətli tədris və məhkəmələrdə təcrübəni uğurla başa vurmuş 83 nəfər hakim vəzifələrinə təyin ediliblər.

Davam edən seçim prosesindən yüksək bilik nümayiş etdirərək uğur qazanmış daha 40 nəfər namizəd dövlət başçısının 12.01.2023-cü il tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alıblar.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov yanvarın 16-da yeni təyinat alan hakimlərlə görüşüb.

Hakimlər əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanında Vətən uğrunda canlarından keçən qəhrəman övladlarımızın əziz xatirəsi anılıb, məzarları önünə tər çiçəklər düzülüb.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidentinin elan etdiyi 2023-cü il “Heydər Əliyev İli”nin ilk günlərində şərəfli hakim adına layiq görülmələri münasibətilə onları təbrik edən nazir Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərini, müasir məhkəmə-hüquq sisteminin formalaşması və inkişafında xüsusi rolunu qeyd edib.

Respublikamızın hərtərəfli davamlı tərəqqisindən, Vətən müharibəsində Böyük Qələbəmizdən, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaətindən və fədakarlığından danışılıb, hakim vəzifəsinə təyin olunanlar sırasında müharibə veteranlarının və şəhid ailə üzvlərinin olması vurğulanıb. Dövlət başçının rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan misilsiz quruculuq işlərindən bəhs olunub.

Görüşdə ölkəmizdə qanunun aliliyinin təmin olunmasının və məhkəmə-hüquq islahatlarının əhəmiyyəti vurğulanaraq ölkə başçısının tapşırıqlarına uyğun olaraq məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı görülən tədbirlərə toxunulub. Qeyd olunub ki, dövlət başçısının kadr islahatlarına və gəncləşmə siyasətinə uyğun olaraq yeni nəsil hakimlər bu gün məhkəmə korpusunun 80%-ni təşkil edir, həmçinin ictimai həyatın müxtəlif sahələrində fəallığı ilə fərqlənən qadınların sayı son dövrlər yeni təyinat alanların təxminən yarısını təşkil edir. Mənəvi saflığı, yüksək bilik və bacarığı ilə seçilən gənc hakimlər, o cümlədən qadınlar yuxarı məhkəmə instansiyalarına və rəhbər vəzifələrə irəli çəkilirlər.

Hakimlərin səmərəli fəaliyyətləri üçün hər cür şərait yaradıldığını bildirən F.Məmmədov məhkəmə hakimiyyətinə ictimai etimadın artırılmasının bilavasitə onların fəaliyyətindən asılı olduğunu vurğulayıb, dövlət başçısının ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı tövsiyələrini xüsusilə diqqətə çatdırıb.

Bildirib ki, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiya və digər neqativ halların yolverilməzliyi hər bir hakimin ən ümdə vəzifəsidir.

Yeni təyinat alan hakimlər, o cümlədən Vətən müharibəsi veteranı, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaliq Məmmədov çıxış edərək onlara göstərilən yüksək etimada, müharibə iştirakçılarının və şəhid ailələrinin daim dövlət qayğısı ilə əhatə olunmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edib, ədalət mühakiməsini müstəqil və qərəzsiz həyat keçirəcəklərinə, qanunun aliliyini təmin edəcəklərinə, hakim adını həmişə uca tutacaqlarına söz veriblər.

Tədbirdə iştirak edən Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurası Aparatının məsul işçiləri hakimlərə məhkəmə fəaliyyətinin səmərəliliyinin, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı və digər tövsiyələr veriblər.

Sonda hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə xidməti vəsiqələr və hakimin xüsusi geyim forması (mantiya) təqdim olunub.

Hakimlər Ədliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevə, Vətən müharibəsində Böyük Qələbəmizə və Azərbaycan ədliyyəsinin tarixinə həsr olunan muzeylərlə tanış olublar.

Elə həmin gün yeni təyin olunmuş hakimlər Ali Məhkəmənin Plenumunda and içərək səlahiyyətlərinin icrasına başlayıblar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez