20-01-2023 | 16:35 832
Xalqımızın müstəqillik uğrunda mübarizliyinin və şücaətinin təcəssümü olaraq milli qürur mənbəyinə çevrilmiş 1990-cı il 20 Yanvar faciəsindən otuz üç il ötür. Bu hadisələrdən illər keçsə də, şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim uca tutularaq ehtiramla yad edilir.
Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi, ədliyyə könüllüləri Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizin xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.
Hadisələrin ildönümü ilə bağlı Ədliyyə Nazirliyində və struktur qurumlarda anım mərasimləri keçirilərək Vətən uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib, xalqımızın müstəqillik yolundan, 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyətindən bəhs olunub. Ədliyyə Akademiyasında və Penitensiar xidmətin Təlim Mərkəzində qəhrəmanlıq, milli qürur və əzmkarlıq ruhunda xüsusi mühazirələr oxunub.
Yığıncaqlarda 1990-cı ilin yanvarında xalqımızın azadlıq və müstəqillik uğrunda həyatlarını qurban verən Vətən övladlarının misilsiz fədakarlıqları ilə qəhrəmanlıq tariximizi yazdığı vurğulanıb, baş verən hadisələrdə ümummilli lider Heydər Əliyevin doğma xalqı ilə həmrəy olaraq cəsarətli və qətiyyətli addımlar atdığı bildirilib.
Qeyd olunub ki, faciədən dərhal sonra – yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev xalqımıza qarşı törədilmiş qanlı əməliyyata kəskin etirazını bildirib, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan edib, faciə ilə əlaqədar xalqımıza başsağlığı verib.
20 Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirən dahi Heydər Əliyevin təşəbbüsü ilə bu hadisələrə dövlət səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildiyi, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin və əlillərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı mühüm addımların atıldığı bildirilib.
“Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 20 Yanvar hadisələrinə obyektiv qiymətin verilməsində və onun əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətlərinin əhəmiyyətinin zaman keçdikcə daha aydın göründüyü vurğulanıb.
Ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinə və əlillərə daim göstərdiyi diqqət və qayğıdan, respublikamızın Birinci-vitse prezidenti Mehriban Əliyevanın və rəhbəri olduğu Heydər Əliyev Fondunun mühüm fəaliyyətindən bəhs edilib.
Tədbirlərdə müstəqilliyə aparan yolda milli iradə və əzm nümayiş etdirən xalqımızın Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək parlaq zəfərimizlə doğma torpaqlarımızı işğaldan azad etməklə bir daha vətənpərvərlik və qəhrəmanlıq göstərdiyi vurğulanıb, şəhidlik zirvəsinə ucalmış həmvətənlərimizin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağı bildirilib.
Nazirlikdə 20 Yanvar hadisələrindən bəhs edən filmlər, foto-slaydlar nümayiş olunub, sosial şəbəkə hesablarında məlumatlar paylaşılıb, gənc ədliyyə işçiləri və könüllüləri şəhidlərimizin xatirəsinə həsr olunan ədəbi-bədii tədbirdə iştirak ediblər.