25-01-2023 | 19:35 431
Yanvarın 23-dən 25-dək Ədliyyə Nazirliyinin və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində təlimlər keçirilib.
Təlim azadlıqdan məhrum edilmiş yeniyetmələrin bilik və bacarıqlarının artırılması, onların cəmiyyətə adaptasiya olunması və şəxsi keyfiyyətlərinin formalaşması məqsədilə təşkil edilib. Təlimin açılışında Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova, institutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və müəssisənin rəhbər işçiləri iştirak ediblər.
Tədbirdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlamətdar olduğu vurğulanaraq, Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edən mütərəqqi islahatlarından bəhs olunub. Təlim ilk olaraq məhz “Heydər Əliyev və Azərbaycanda insan hüquqları islahatları” mövzusuna həsr olunub.
Üç gün davam edən tədbirdə yeniyetmələrə “Uşaq hüquqları”, “CV tərtibatı və müsahibəyə hazırlıq”, “Gələcək karyera seçimi”, “Xaricdə təhsil imkanları”, “Əmək bazarı ilə tanışlıq və işaxtarma vasitələri” və s. mövzularda təqdimatlar keçirilib.
İnstitutun əməkdaşlarından Vüsalə Muradxanlı, Araz Abdullasoy, Nərmin Həsənova, İsmayıl Musayev və Əmrah Rəhimli, eyni zamanda, müstəqil ekspertlər Tural Əhməd və Köçəri İsmayılov təlimçi kimi iştirak ediblər.
Təlimin sonunda yeniyetmələrə sertifikatlar təqdim edilib.
AzərTac