26-01-2023 | 19:16 355
Yanvarın 26-da ədliyyə naziri Fikrət Məmmədov Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmanaliyev ilə görüşüb.
Ortaq tarixi köklərə bağlı olan ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini vurğulayan nazir bu əlaqələrin inkişafında xalqımızın ümummilli lideri, bu il 100 illiyini qeyd etdiyimiz Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib, dövlət başçılarımız İlham Əliyevin və Sadır Japarovun qarşılıqlı səfərləri, mühüm sənədlərin imzalanması ilə əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.
Hüquqi əməkdaşlığa toxunularaq ədliyyə sahəsində islahatlardan və yeniliklərdən danışılıb, müsbət təcrübələrə maraq göstərilərək Qırğızıstan nümayəndə heyətlərinin bu məqsədlə Azərbaycana səfər etdikləri qeyd olunub.
Xalqlarımız arasında çoxəsrlik tarixə malik əlaqələrə toxunan səfir dövlət başçılarının şəxsi dostluq münasibətlərinin və səfərlərinin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini, iki ölkə arasında Dövlətlərarası Şuranın yaradılmasının böyük əhəmiyyətini vurğulayıb.
Bu il diplomatik münasibətlərimizin 30 illiyinin qeyd olunmasından məmnunluq ifadə olunaraq Ədliyyə nazirlikləri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Söhbət zamanı Vətən müharibəsində Böyük Qələbəmizlə torpaqlarımızın işğaldan azad edilərək sürətli bərpasından, ərazilərimizin işğal dövründə, hətta müharibədən sonra Ermənistan tərəfindən büsbütün minalanmasından bəhs olunub, bununla bağlı hazırlanmış xüsusi broşür qonağa təqdim edilib.
Səfir nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.