IMAGE

Ədliyyə Nazirliyi Şirvan şəhərində “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” mövzusunda konfrans keçirib

Müasir müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il “Heydər Əliyev İli” elan olunaraq Ulu Öndərin zəngin və çoxşaxəli irsinə həsr olunan silsilə tədbirlər həyata keçirilir.

Bu münasibətlə Ədliyyə Nazirliyi tərəfindən “Heydər Əliyev İli” çərçivəsində yanvarın 27-də Milli Məclislə birgə Şirvan şəhərində “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” mövzusunda konfrans keçirilib.

Konfransda Ədliyyə Nazirliyinin aidiyyəti məsul şəxsləri, Milli Məclisin deputatları, Şirvan regional ədliyyə idarəsinin və onun yurisdiksiyasına aid yerli ədliyyə qurumlarının işçiləri, hakimlər, Qadın Vəkillər Alyansı,​ rayon ictimaiyyəti, bələdiyyələr, vətəndaş cəmiyyəti institutları, regionda fəaliyyət göstərən QHT və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Şirvan şəhərində abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Şirvan regional ədliyyə idarəsində keçirilən tədbiri nazirliyin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova açaraq konfransın əhəmiyyətindən bəhs edib, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərini qeyd edərək, müasir müstəqil Azərbaycan dövlətinin Ümummilli Liderin siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafını vurğulayıb.

Bildirilib ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsində doğma torpaqlarımızı işğaldan azd etməklə Ulu Öndərin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirib.​

Bu gün ölkədə gedən geniş quruculuq işlərində Azərbaycanın qadınlarının da böyük fəallıq göstərdiyini deyən idarə rəisi respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyətini qeyd edib: “Mehriban xanım Əliyeva nəcib təşəbbüsləri ilə doğma torpaqlarımızın bərpası işinə öz dəyərli töhfələrini verir. Onun mühüm fəaliyyət istiqamətlərindən biri olan rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Ulu Öndərin irsinin öyrənilməsi və təbliğində rolu xüsusi qeyd olunmalıdır”. ​

Sonra ümummilli lider Heydər Əliyevin mənalı ömür yoluna və titanik fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Konfransda Milli Məclisin deputatı Ramin Məmmədov Ulu Öndərin siyasi irsindən bəhs edərək xalqımızın müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Heydər Əliyevin hakimiyyətə qayıdaraq ölkəmizdə ictimai-siyasi sabitliyi bərqərar etdiyini bildirib. Qeyd edib ki, xalqın vahid amal ətrafında birləşdirilməsi, müasir milli dövlət modelinin qurulması Heydər Əliyevin tarixi xidmətlərindəndir. O, Ulu Öndərin varislik missiyasının uğurla davam etdirildiyini vurğulayaraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dahi öndərin müstəqilliyini əbədi etdiyi müasir Azərbaycanı güclü, qüdrətli dövlətə çevirdiyini bildirib.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov çıxış edərək Ulu Öndərin ölkəmizdə müasir hüquq düşüncəsinin, hüquq təfəkkürünün inkişafı ilə bağlı cox ciddi addımlar atdığını, ən mütərəqqi tarixi sənəd olan ilk milli Konstitusiyamızın hazırlanmasında, onun hər cümləsində dahi Heydər Əliyevin imzasının olduğunu bildirib. Diqqətə çatdırıb ki, üçpilləli məhkəmə sisteminin formalaşması, hakim korpusunun yenilənməsi dahi liderin adı ilə bağlıdır və Ümummilli Liderin təməlini qoyduğu islahatlar ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhkəmə-hüquqi sistemi yüksəliş dövrünü yaşayır və bu da Ulu Öndərin irsinin uğurla davam etdirilməsinin əyani təzahürüdür, - deyən Bəhruz Məhərrəmov hakimlərin şəffaf seçiminə, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən tədbirlərə toxunaraq islahatların həyata keçirilməsində Ədliyyə Nazirliyinin mühüm fəaliyyətini, səmərəli ictimai iştirakçılığını qeyd edib.

Eyni zamanda Şirvan regional ədliyyə idarəsinin və Ədliyyə Nazirliyi yanında İctimai Şuranın təmsilçiləri tərəfindən Heydər Əliyevin Azərbaycan ədliyyəsinə, vətəndaş cəmiyyətinin inkişafına qayğısından bəhs olunub, maraqlı diskussiyalar aparılıb.​

Çıxışlarda xalqımızın milli sərvəti olan dahi Heydər Əliyev irsinin öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacağı və bu irs heç zaman tükənməyəcəyi bildirilib, Ulu Öndərin əziz xatirəsinin qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez