13-02-2023 | 16:10 611
Fevralın 6-da Türkiyə Respublikasının Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş dağıdıcı zəlzələnin ilk saatlarından Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında olaraq təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dəstək nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu istiqamətdə ölkəmiz tərəfindən hər cür, o cümlədən axtarış-xilasetmə və tibbi köməklik göstərilir, soydaşlarımız yardım kampaniyasına qoşularaq əlindən gələni əsirgəmirlər. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Fond tərəfindən humanitar yardımlar edilir.
Ədliyyə Nazirliyi də dövlətimiz və xalqımızla birgə qardaş ölkənin bu acı günlərində yanında olaraq Türkiyənin Ədliyyə Nazirliyinə, Azərbaycandakı Səfirliyinə başsağlığı diləklərini çatdırıb.
Qardaşlıq və dostluğumuzun, sarsılmaz və əbədi həmrəyliyimizin təcəssümü olaraq zəlzələ qurbanlarına dəstək göstərməyi özlərinə mənəvi borc hesab edən ədliyyə işçiləri, həmçinin apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri könüllü olaraq əmək haqlarından 505 min manat vəsaiti Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyinin Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Şöbəsinin (AFAD) hesabına köçürüblər.
Zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, xəsarət alanlara tezliklə şəfa tapmasını arzulayırıq. Qardaş Türkiyə, səninləyik!