15-02-2023 | 18:30 792
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Ümummilli Liderin 100 illiyinə həsr olunan silsilə tədbirlər davam etdirilir.
Bu münasibətlə Ədliyyə Nazirliyinin Şəki regional idarəsində bölgədə fəaliyyət göstərən ədliyyə işçiləri və könüllüləri ilə “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə regional ədliyyə idarəsinin, Yeni Azərbaycan Partiyası Şəki rayon Təşkilatının, Şəki şəhər Gənclər idman idarəsinin rəhbərliyi və məsul əməkdaşları iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin Şəki şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Sonra Mərkəzdə Ulu Öndərin mənalı ömür yolundan və titanik fəaliyyətindən bəhs edən maraqlı eksponatlarla tanışlıq olub.
Yığıncaqda regional idarənin rəisi Abdulla Yusifov çıxış edərək xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan dahi öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə diqqət və qayğısından danışıb, Ümummilli Liderin dövlət gənclər siyasətinin ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini bildirib.
Çıxış edən digər natiqlər ölkəmizdə Ulu Öndərin dövlətçilik ideyalarına, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc nəsil yetişdiyini, onların hərtərəfli inkişafına dövlətimiz tərəfindən hər cür şərait yaradıldığını vurğulayıblar. Qeyd olunub ki, Ümummilli Liderin hər kəsə örnək olan çoxşaxəli irsi daim öyrənməli və ondan bəhrələnilməlidir.
Gənclər əbədiyaşar liderin yüksək amallarına hər zaman sadiq qalaraq müstəqil Azərbaycanımızın hərtərəfli inkişafı naminə sədaqətlə və əzmkarlıqla çalışacaqlarını söyləyiblər.
Sonda dahi rəhbərin tarixi xidmətlərinə, o cümlədən dövlət gənclər siyasətinə həsr olunan film nümayiş etdirilib.