17-02-2023 | 16:10 620
Ədliyyə Nazirliyi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsi arasında səmərəli əməkdaşlıq həyata keçirilərək hüquqşünas tələbələrin hərtərəfli inkişafı, dünyagörüşlərinin artırılması məqsədilə birgə tədbirlər görülür, nəzəri biliklərini praktikada daha asan mənimsəmələri üçün ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı “açıq qapı” günləri, təqdimatlar təşkil olunur.
2023-cü il “Heydər Əliyev İli”ndə 100 illiyini qeyd etdiyimiz Ümummilli Liderin zəngin irsinin, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərinin yeni nəslə aşılanması məqsədilə nazirlik tərəfindən “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron məlumat platforması yaradılıb.
Fevralın 17-də həmin platformanın Hüquq fakültəsinin tələbələri üçün təqdimatı keçirilib.
Təqdimatda Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova və nazirliyin məsul əməkdaşları, Universitetin Hüquq fakültəsinin dekanı Zaur Əliyev və professor-müəllim heyəti, hüquqşünas tələbələr iştirak ediblər.
Tədbirdə müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğunda, müasir hüquq sistemimizin bərqərar olmasında müstəsna rolu və xidmətləri qeyd olunub, Ümummilli Liderin siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli uğurlu inkişafı vurğulanıb. Bildirilib ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Vətən müharibəsində Böyük Qələbəmizlə doğma torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndərin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirib.
Çıxışlarda Ulu Öndərin irsinin öyrənilməsi və təbliğində respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və rəhbəri olduğu Heydər Əliyev Fondunun mühüm fəaliyyəti xüsusi qeyd olunub.
“Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron platforması auditoriyaya əyani təqdimatla nümayiş etdirilib. Bildirilib ki, platforma iki hissə və on iki bölmədən ibarət olmaqla hüquq sistemimizin banisi Ulu Öndərin həyat və fəaliyyəti, qanunçuluq, dövlətçilik, hüquq-mühafizə və məhkəmə fəaliyyəti ilə bağlı çıxışları, müdrik kəlamları, tarixi qərarları əhatə edir. Eyni zamanda platforma Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində hüquq sisteminə, Azərbaycan ədliyyəsinə qayğısı, nazirlik tərəfindən Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan tədbirlərlə bağlı məlumatları, yazıları, foto və video materialları özündə əks etdirir.
Tədbirdə platformanın Ulu Öndərin çoxşaxəli irsinin tədqiqinə və təbliğinə mühüm töhfə olduğu qeyd edilib, tələbələr üçün faydalı elektron informasiya resursu kimi əhəmiyyəti vurğulanıb.